Bakı–Füzuli marşrutu bu tarixdən istifadəyə verilir - RƏSMİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Nazirlikdən
Avtosfer.az-a verilən məlumata görə, Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”na uyğun olaraq, 06 aprel 2022-ci il tarixində “Bakı – Füzuli – Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə 12 may 2022-ci il tarixində keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün 20 may 2022-ci il tarixində onunla “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılıb.
Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.
Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










