Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH

Xəbər verdiyimiz kimi “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-ləri Bakı Metropoliteni QSC-yə birləşdirilib.
Yeni idarəetmə modeli sərnişin daşımalarında koordinasiyanı artıra biləcəkmi? Metro, avtobus və taksi xidmətlərinin vahid qurum altında birləşdirilməsi marşrutların planlaşdırılması, xidmət keyfiyyəti və tarif siyasətinə necə təsir göstərəcək?
Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, bu qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir:
“Yəni burada əsas hədəf metro sisteminin təkcə sərnişindaşıma funksiyası ilə məhdudlaşdırılmaması, bütövlükdə relsli nəqliyyatın idarəedici mərkəzinə çevrilməsidir. Həmçinin tramvay xətlərinin çəkilməsi, qaraj və depolarının yaradılması da artıq “Bakı Metropoliteni” QSC-yə tapşırılır”.
Ekspertin fikrincə, bu qərar hazırda mövcud olan şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilər. Onun sözlərinə görə, əsas məsələ qəbul edilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır.
“Bu şərt təmin olunsa, Bakı yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə malik ola bilər. Burada məsələ ondan ibarətdir ki, metro artıq relsli nəqliyyat sahəsində formalaşmış texniki baza, mühəndislik təcrübəsi və təhlükəsizlik standartlarına malikdir. Bu resursların tramvay layihələrinə tətbiqi layihələndirmə və tikinti müddətini azalda, texniki riskləri minimuma endirə, idarəetmədə vahid standartların tətbiqini təmin edə bilər. Şəhər mobilliyinə biz artıq nail olmuşuq”.
O bildirib ki, ekoloji cəhətdən təmiz avtobuslarla Bakı şəhəri təmin olunub, mikromobillik vasitələri üçün zolaqlar yaradılıb:
“Əhali, əsasən gənc nəsil, skuterlərə üstünlük verməyə başlayıb. Velosipedlər şəhərdə sadəcə əyləncə vasitəsi kimi deyil, birbaşa nəqliyyat vasitəsi kimi istifadə olunur. Yeni qərar şəhər mobilliyinin transformasiyasını daha da sürətləndirəcək”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında qeyd edib ki, “Bakı Metropoliteni” QSC-nin, “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərinin bir qurumda idarə olunması, bunun ardınca tramvayın da bu sistemə əlavə edilməsi ictimai nəqliyyatın əsas növlərinin vahid mərkəzdən idarə olunacağı anlamına gəlir.
Ekspertin fikrincə, bu dəyişiklik ümumilikdə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərəcək.
“Düşünürəm ki, növbəti addım qurumların ad məsələsinə baxılması olacaq. Ümumilikdə ictimai nəqliyyatın bir mərkəzdən idarə olunması faydalıdır və əlverişlidir. Çünki metro hansısa bir məntəqəyə qədər sərnişinləri daşıyırsa, onun davamını avtobuslar təmin edir və yaxud avtobusun daşıdığı sərnişin növbəti mərhələdə metroya yönəlir. Bundan sonra taksidən istifadə etmək imkanı da yaranır. Ardınca yenilik kimi tramvaylar xəttə çıxsa, sərnişinlər tramvaylardan da istifadə edəcəklər. Yəni bu proses əlaqəli şəkildə qurulacaq. Metronun olmadığı ərazilərdə tramvaylar fəaliyyət göstərəcək və onların daşıdığı sərnişin yükünü avtobuslar tamamlayacaq”.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












