Banner

Bakıda “ağıllı svetoforlar” dövrü: Tıxac problemi həll oluna bilərmi? - AÇIQLAMA

Gündəm 18 Dekabr 2025 19:03 Oxunub 344
Bakıda “ağıllı svetoforlar” dövrü: Tıxac problemi həll oluna bilərmi? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, ağıllı radarlar adaptiv sistem kimi çalışır və bu, nəqliyyatın intellektual idarəetmə sisteminin əsas şərtlərindən biridir:

"Yəni biz uzun müddətdir Azərbaycanda nəqliyyatın intellektual idarəetmə mərkəzi qurmuşuq və onun effektiv fəaliyyətini gözləyirik. Təəssüf ki, əvvəlki qurumlar, keçmiş Nəqliyyat Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi bunu səmərəli şəkildə istifadə edə bilmədi. Amma bu gün Daxili İşlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır və nəticə etibarilə düşünürük ki, bu cür intellektual idarəetmə sistemi sıxlığın və tıxacın qarşısını almaq üçün əlverişli imkanlar yaradacaq. Çünki bu, öz-özlüyündə çox vacib bir elementdir. Deyək ki, günün müəyyən saatlarında hansısa istiqamətdən avtomobil axını çoxalır, amma svetafor axın olmayan ərazinin üstünlüyünü təşkil edir. Bu adaptiv sistem üzərində çalışan svetaforlar isə bu vəziyyəti dərhal nəzərə alır və mərkəzə informasiya ötürməklə prosesi tam fərqli şəkildə tənzimləyə bilir. Yəni harada, hansı istiqamətdə daha çox nəqliyyat varsa, həmin istiqaməti yaşıla daha çox çevirir ki, avtomobil axını tənzimlənsin".

Müsahibimiz əlavə etdi ki, bu, hələlik test rejimində qurulan bir sistemdir:

"Amma ümid edirəm ki, yaxın vaxtlarda onun yaxşı nəticələrini görəcəyik, eşidəcəyik və faydalanacağıq. Hazırkı dönəmdə mən ümid edirəm ki, səmərəli istifadə etməklə ondan geniş şəkildə yararlanmaq olar. Tıxac və sıxlıq məsələsi hamını narahat edən bir problemdir və bunun necə həll olunması mövzusu da ayrıca bir məsələdir. Uzun müddət icra olunan layihələr səmərəsiz qalıb və bu gün inamsız bir mühit formalaşıb. İnsanlar elə bilirlər ki, Bakının tıxac problemini heç vaxt həll etmək mümkün olmayacaq. Amma bu cür ağıllı sistemlərlə bunu həll etmək olar. Nəticə etibarilə hər svetaforun yanına, hər yol ayrıcına bir nizamlayıcı qismində polis əməkdaşı qoymağa ehtiyac qalmayacaq. Yəni harda sıxlıq yaranırsa, dərhal ora bir əməkdaş göndərmək lazım deyil ki, getsin tənzimləsin və sürücülər yolayrıcını keçmə qaydalarını pozmasın. Ümumilikdə, bu yanaşma mənə elə gəlir ki, yaxşı nəticə verəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh