Bakıda tıxacların yaranmasının 3 səbəbi – DYP-dən AÇIQLAMA

"Hər hansı intensiv küçədə güclü tıxac yarandığı zaman Dövlət Yol Polisi əməkdaşları həmin vətəndaşların rahat şəkildə o tıxacdan çıxa bilməsi üçün bunun qarşısını almağa çalışırlar". Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.
Baş inspektor əlavə edib ki, sutka ərzində Bakının şimal və cənub qapısından paytaxta 250-300 minə yaxın avtomobil daxil olur:
"Bu qədər avtomobilin paytaxt ərazisində hərəkətdə olması hər bir halda tıxacın yaranmasına gətirib çıxarır. Tıxaclar təkcə bizim ölkəd və paytaxt ərazisində deyil, başqa ölkələrdə müşahidə olunur. Türkiyə, Rusiya və Avropa ölkələrində də oxşar problemlər yaşanır. Amma əsas məsələ odur ki, tıxacların aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən ictimai nəqliyyata üstünlüyünün artması üçün addımlar atılmalıdır. Bakıda tıxacların yaranmasına səbəblərdən biri də avtomobillərin nasaz şəkildə yolun hərəkət hissəsində qalması, dayanma-durma qadağan olunan yerdə avtomolillərin park edilməsidir. Bəzən hərəkətin intensiv olduğu bir küçədə süni şəkildə tıxac yaranr. Bunu araşdıranda məlum olur ki, avtomobil yolun hərəkət hissəsində nasaz formada qalıb. Bu da tıacın yaranması ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdarəsi olaraq hər zaman sürücülərə bildiririk ki, avtomobilinizi mütəmadi olaraq yoxlamalardan keçirin və diqqət mərkəzində saxlayın. Nəzərə alın ki, bu formada avtomobil idarə etmək həm qəzaya, həm eləcə də tıxacın yaranmasına səbəb yaradır. Nəticədə digər sürücülərin haqlı narazılığına səbəb olur.
![]()
Digər məsələ isə dayanma-durma qadağandır işarəsi olan yerdə sürücülərin öz avtomobillərini saxlamasıdır. Halbuki həmin sürücü öz avtomobilini parkinq yerində saxlayaraq bu cür qayda pozuntusu və tıxacların yaranmasına səbəb olmaya bilər. Piyada 5 dəqiqə məsafə qət etmək istəməyən bəzi sürücülər nəticədə yollarda tıxacların yaranmasına şərait yaradırlar.
Tıxacların yaranmasına səbəb olan digər hal avtomobillərin yolun hərəkət hissəsində qəzaya uğraması olur. Sürücülərdən heç biri avtomobillərini yolun kəna, hərəkətsiz hissəsinə çəkmirlər. Gözləyirlər ki, Dövlət Yol Polisi və sığorta əməkdaşı gəlsin. Amma nəzərə almırlar ki, həmin yerə Dövlət Yol Polisi və sığorta əməkdaşları avtomobillə gəlir və orada güclü süni tıxac yaranır. Nəticədə isə digər sürücülər əziyyət çəkir".













