Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA

Gündəm 31 Mart 2026 09:35
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı   - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

1918-ci ilin mart ayı Azərbaycan tarixində yalnız bir təqvim səhifəsi deyil, milli yaddaşımıza silinməz iz salmış qanlı bir faciənin simvoludur. Mart soyqırımı kimi tanınan bu hadisələr zamanı Bakı və ətraf bölgələrdə minlərlə günahsız insan amansız şəkildə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, xalqın maddi və mənəvi irsi ağır zərbə aldı. Bu qırğınlar təkcə fiziki məhvetmə aktı deyil, eyni zamanda bir millətin yaddaşını, kimliyini və gələcəyini hədəf alan məqsədli siyasətin nəticəsi idi.

Bu gün həmin hadisələrə nəzər salmaq, tariximizin bu ağrılı səhifəsini xatırlamaq yalnız keçmişi anmaq deyil, həm də həqiqətləri gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır. 31 mart faciəsi Azərbaycan xalqının üzləşdiyi ən ağır sınaqlardan biri kimi tarixdə qalmaqla yanaşı, milli birliyin, yaddaşın və ədalət axtarışının da simvoluna çevrilib.

Ermənilərin Azərbaycanda kütləvi qətliamlar törətməsinin səbəbləri ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, 1918-ci ilin mart hadisələri uzun müddət davam etdi. Rusiya imperiyasının dağılması milli ucqarlarda hakimiyyətsizliyə, imperiya qalıqlarının nə yolla olur olsun həmin əraziləri yeni yaranan Rusiyanın təsiri altında saxlamağa yönəlmişdi.

“Azərbaycanda isə erməni millətçi dairələri əvvəldən yaratdıqları silahlı dəstələrlə yerli əhalini Azərbaycan torpağından çıxarmağa, burada böyük Ermənistan yaratmağa çalışırdılar. Onların əvvəldən hazırlığı, eyni zamanda, xaricdən böyük dəstək yüzlərlə Azərbaycan kəndinin yerlə yeksan olunmasına, onminlərlə insanın öldürülməsinə səbəb oldu. O vaxt dünya bu qırğına göz yumdu, ermənilərin vəhşiliyini onların milli azadlıq hərəkatı kimi qəbul etməyə cəhd etdi: “Amma Azərbaycan xalqı bacardığı qədər buna müqavimət göstərə bildi. Bunun nəticəsidir ki, 1918-ci ilin 28 Mayında Azərbaycan müstəqil dövlət elan edildi və 23 ay şərəfli bir tarix yaşadı. Düzdür, sonradan bizim müstəqilliyimiz yenidən əlimizdən alındı, amma Azərbaycan xalqı erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayəti, müstəqilliyimizi zorla əlimizdən almaq istəyənlərin xislətini heç də unutmadı”.

Onun sözlərinə görə, 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsi, 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra sözün əsl mənasında müstəqil olmağımız Azərbaycan xalqının müstəqilliyə layiq olduğunu göstərir. Deputat qeyd edib ki, biz bu müstəqilliyi ərazi bütövlüyümüzlə, suverenliyimizin qorunması ilə, dünya birliyində layiqli bir yer tutmağımız ilə bir daha təsdiq etdik. Tariximizin o ağrılı səhifələrini isə xalqımız heç zaman unutmayacaq. İndiki gənclik də tariximizi öyrənir, bu günkü dövlət quruculuğunda fəal iştirak edir, müstəqilliyimizi qoruyur və keşiyində durur.

 

Deputat Pərvanə Vəliyeva Avtosfer.az-a müsahibəsində bildirib ki, 1918-ci ilin martında bolşevik və erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakı şəhəri, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirmişdi.

“Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, talanlar və etnik təmizləmələr həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimiz məhv edilmişdi. Erməni cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmışdılar.

Xüsusilə Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə yetirilib. 1990-cı illərdən etibarən tədqiqatçılar Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparılıb və nəticədə erməni cinayətkarlarının Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirildiyi, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən edilib.

Həmçinin, Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını bir daha sübut edən mühüm tarixi faktlardan biridir. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb.

Qərbi Azərbaycanlılara qarşı törədilmiş kütləvi deportasiyalardan biri də həmin dövrdə - 1918-1920-ci illərdə baş verib. 1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Şərqi Anadolu və Qafqaz cəbhələrindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı zorakılıqların ilk mərhələsi 1918-ci ilin əvvəllərindən etibarən başlayıb. Həmin ilin mart ayınadək erməni silahlı birləşmələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi, ümumilikdə isə 199 yaşayış məntəqəsini viran qoymuş, təxminən 135 min azərbaycanlı qətlə yetirilib. 1918-ci il aprelin 29-da isə Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət təxminən 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə məhv edilib. Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. 1918-1920-ci illərdə Qarabağa edilmiş yürüş nəticəsində Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.

Bu hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilmədi. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu qərar həmin faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm addım oldu. Həmçinin, sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Bundan başqa, xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan elmi əsərlər və aparılan tədqiqatlar bu soyqırım reallığının dünyaya çatdırılmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib.

Həmçinin ölkə başçısı İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Bugünkü müstəqil, suveren, qüdrətli Azərbaycanın var olması asanlıqla başa gəlməyib. Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. İşğalla barışmayan dövlətimiz 30 ilə yaxın daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bununla belə, edilən haqsızlıqları heç vaxt unutmayıb və unutdurmayıb. Xalqımızın yaddaşında dərin izlər buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

FOTO QALEREYA
Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh