“Boeing” şirkəti bu təyyarələrin keyfiyyətini yoxlayır

Gündəm 14 İyun 2024 22:12 Oxunub 234
“Boeing” şirkəti bu təyyarələrin keyfiyyətini yoxlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Boeing” şirkəti “787 Dreamliner” təyyarələrinin keyfiyyətini sınaqdan keçirməyə başlayıb. Bu barədə “Reuters” agentliyi xəbər verir. Buna səbəb hələ tədarük olunmamış bəzi hava gəmilərinin gövdələrində səhv quraşdırılmış 900 bərkidici elementin aşkarlanması olub. Eyni zamanda, Amerika tənzimləyicisi “737 MAX” təyyarəsi ilə bağlı daha bir insidentlə əlaqədar “Boeing”ə qarşı yeni araşdırmaya başlayıb: Feniksdən Oklendə uçuş zamanı təyyarə havada nadir təhlükəli vibrasiya ilə qarşılaşıb.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, “Reuters”in vəziyyətlə tanış olan iki mənbəyə istinadla verdiyi məlumata görə, “Boeing” şirkəti təhvil verilməmiş bəzi “787 Dreamliner” təyyarələrində keyfiyyət yoxlamalarına başlayıb. Agentliyin məlumatında deyilir ki, yoxlamaya səbəb bəzi təyyarələrin gövdələrində səhv quraşdırılmış bərkidicilərin aşkarlanması olub. “Boeing” yoxlamaların aparıldığını təsdiqləyib və bunun tədarük prosesinə təsir etməyəcəyini qeyd edib. “Komandamız texniki spesifikasiyalara uyğunluğu təmin etmək üçün seçilmiş və hələ tədarük olunmamış “787 Dreamliner”lərin yan dayaqlarını yoxlayır. İstismarda olan təyyarə parkı təhlükəsiz şəkildə fəaliyyətini davam etdirə bilər”, - deyə təyyarə istehsalçısının nümayəndəsi bildirib. “Reuters”in mənbələrinin bildirdiyinə görə, “Boeing”ə təsir edən bir sıra istehsal problemlərinin sonuncusu yoxlanılan təyyarələrin hər birində 900-dən çox bərkidici elementin düzgün olmayan şəkildə bərkidilməsi ilə bağlıdır. Agentliyin məlumatına görə, bu bərkidicilər təyyarənin orta gövdəsinin hər iki tərəfi arasında bərabər paylanıb. Onların sözlərinə görə, bərkidicilər yanlış tərəfdən bərkidilib. Eyni zamanda, agentliyin mənbələri iddia edir ki, elementlərin səhv quraşdırılması uçuş təhlükəsizliyinə təhlükə yaratmır, lakin “Boeing” problemin nədən qaynaqlandığını anlamağa çalışır və araşdırma başa çatdıqdan sonra hər hansı dəyişikliyin zəruri olub-olmamasına qərar verəcək.

Federal Aviasiya Administrasiyası (FAA) açıqlamasında bildirib ki, təyyarə istehsalçısı tənzimləyicini səhv quraşdırılmış bərkidicilər barədə xəbərdar edib. “Reuters” yazır: “FAA müvafiq tədbirləri müəyyən etmək və istehsal sisteminin korreksiyasını dərhal təmin etmək üçün “Boeing” ilə birlikdə təhqiqat aparır”.

Martın ortalarında Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan Cənubi Amerikanın Latam Hava Yollarına məxsus “Boeing 787 Dreamliner” təyyarəsi problemlər üzləşib, qəza nəticəsində 50-yə yaxın insan xəsarət alıb. Üçü ekipaj üzvü olmaqla, 12 nəfər xəstəxanaya yerləşdirilib. Bundan sonra “Boeing” aviaşirkətlərə “787 Dreamliner” təyyarəsinin pilot kabinəsindəki oturacaqları yoxlamağı tövsiyə edib. Şirkətdən verilən məlumata görə, kəskin enişin ehtimal səbəbi pilotların oturacaqlarından birinin arxa tərəfindəki açarına stüardessa tərəfindən toxunulması ola bilərdi. Nəticədə oturacaq irəliyə doğru hərəkət edib, pilot idarəetmə çarxına söykənib və təyyarə suya düşməyə başlayıb.

“787 Dreamliner”in qoşqu və oturacaq problemi “Boeing”in son zamanlar qarşılaşdığı yeganə insident deyil. FAA-nın saytında verilən məlumata görə, mayın 25-də “Boeing 737 MAX 8” təyyarəsi uçuş zamanı “Holland addımı” effekti ilə –yuvarlanmada mürəkkəb silkələnmə ilə qarşılaşıb. Ekipaj təyyarəyə nəzarəti bərpa edə bilib, eniş rahat keçib və nəticədə xəsarət alan olmayıb.

İnsident “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarənin Feniks-Oklend reysi ilə havaya qalxdıqdan təxminən bir saat sonra - təxminən 10 kilometr yüksəklikdə baş verib. FAA-nın hesabatında deyilir ki, enişdən sonra aparılan yoxlama zamanı ehtiyat güc idarəetmə blokunun zədələnməsi aşkar edilib. NPR portalı bildirir ki, bu sistem təyyarənin quyruğunda sükanın hərəkətlərinə nəzarət edir. Nəzarətin müvəqqəti itirilməsinə nəyin səbəb olduğu hələ məlum deyil. Digər aviaşirkətlər “737 MAX 8” təyyarəsi ilə oxşar vəziyyətlər barədə məlumat verməyiblər. Portala görə, “Holland addımı” potensial olaraq ciddi problemdir. Məhz o, 1985-ci ilin avqustunda qəzaya uğrayan Yaponiyanın “Japan Airlines” aviaşirkətinə məxsus “Boeing 747” təyyarəsinə nəzarəti çətinləşdirib: havaya qalxdıqdan sonra layner qeyri-adi vibrasiyalarla qarşılaşıb, köməkçi enerji bloku ilə quyruq finişinin bir hissəsini itirib və nəticədə, düşməyə başlayıb. Bu təyyarə qəzasında 520 nəfər ölüb, 4 sərnişin sağ qalıb.

Yanvarın 5-dən 6-na keçən gecə Ontario ştatının Portlend şəhərindən havaya qalxan “Alaska Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX 9” təyyarəsi qalxma zamanı boş panel yerindən çıxdıqdan sonra kabinədəki təzyiqin azalması səbəbindən təcili eniş edib. Təyyarədə 171 sərnişin və altı ekipaj üzvü olub, heç kim xəsarət almayıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) araşdırması nəticəsində məlum olub ki, uçan təyyarənin qapısında 4 bolt əksik olub.

FAA “Boeing 737 MAX 9”un uçuşlarını dayandırıb, şirkətin keyfiyyətə nəzarət sisteminin auditinə başlayıb və problemlər həll olunana qədər bu təyyarələrin istehsalını artırmağı qadağan edib. Qadağa, həmçinin “Boeing” şirkəti üçün əsas gəlir mənbəyi olan daha kiçik və daha çox satılan “Boeing 737 MAX 8”in istehsalını məhdudlaşdıracaq və şirkətin Avropanın “Airbus” kompaniyası ilə bazar fərqini aradan qaldırmaq səylərini çətinləşdirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh