Bu qatarlar Gəncəyə də işləyəcək

Gündəm 18 Sentyabr 2015 12:50 Oxunub 1365
 Bu qatarlar Gəncəyə də işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sumqayıt marşrutunun qrafiki dəyişdiriləcək

Bakı-Sumqayıt yolunda əhalinin istifadəsinə verilən Stadler tipli müasir sürət qatarları bir müddət sonra Gəncəyə də hərəkət edəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə  milli.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov bildirib.

Onun sözlərinə görə, Bakı-Gəncə istiqamətində yolların təmiri başa çatdıqdan sonra həmin şəhərin sakinləri də bu müasir qatarın xidmətlərindən yararlana biləcəklər.

Bakı-Sumqayıt istiqamətində hərəkət qrafikinə gəlincə isə, Elyar Muradov bildirib ki, hazırda gün ərzində 16 reys həyata keçirilir. Gün ərzində 8 reys Sumqayıta, 8 reys isə Bakıya olur.

"Bu qrafik keçid qrafikidir. Biz nəqliyyat axınını, sərnişin sıxlığını öyrənirik. Reyslər sərnişin sıxlığına uyğunlaşdırılacaq. Hansı saatlarda sərnişin axını çox olursa, həmin saatlara da reys salacağıq. Hazırda axşama doğru Bakıdan qatarlar saat 16:00-da tərpənir. Üç günlük analiz göstərdi ki, biz həmin vaxtı saat 17:00-a yaxınlaşdırmalıyıq. Beləcə qrafik əhalinin axınına uyğunlaşdırılacaq", - deyə o vurğulayıb.

Layihənin rentabelli olub-olmadığı barədə sualı cavablandırarkən isə qurum rəsmisi deyib ki, bu işlər qazanc üçün deyil, əhalinin nəqliyyat problemini aradan qaldırmaq üçün həyata keçirilir. Son illər Bakı-Sumqayıt yolunda sıxlıq pik həddinə çatıb. Orada insanlar əziyyət çəkirlər. Bütün bunlar nəzərə alınaraq bu işlər həyata keçirilir.

"Layihə rentabelli deyil. Çünki buna çəkilən xərclə əldə edilən gəlir arasında böyük fərq var. Rentabellilik üçün bunun təqribi qiyməti 2 manatdan yuxarı olmalıdır. Digər ölkələrdə 40 kilometrdən uzağa hərəkət edən bu cür qatarlarda gediş haqqı təqribən 2 manatdan yüksəkdir. Ancaq Azərbaycanda bu sosial bir məsələdir. Əsas məqsəd burada gəlir götürmək deyil, əhalinin nəqliyyat problemlərini həll etməkdir. Əgər insanlar işlərinə, evlərinə vaxtında, təhlükəsiz və rahat yetişə bilirlərsə, bu artıq qazancdır. Ona görə də, belə bir qiymət qoyulub.

 

Bakı-Sumqayıt marşrutunun qrafiki dəyişdiriləcək

 

Elyar Muradov ilin axırına qədər Stadler qatarlarının sayının 5-ə çatdırılacağını bildirib.

"İlin sonuna qədər bu qatarların sayı 5 ədəd olacaq. Hazırda üç qatarla 16 reys ediriksə, ilin sonuna qədər 5 qatarla reyslərin sayı daha da artacaq. Qatarların sayı daha da artırılacaq. Hazırkı qrafik keçid qrafikidir. İnsanların tələbatı və sıxlıq öyrənildikdən sonra qrafik uyğunlaşdırılacaq. Bir neçə gün sərnişindaşımanın analizi göstərir ki, biz gün ərzində reyslərin sayını 20-dən çox etməliyik. Hazırda Bakıdan qatarlar səhər saat 05:10-da çıxır. Əslində həmin vaxt Bakıdan Sumqayıta sərnişin axını olmur. Sadəcə saat 6:40-da Sumqayıtdan sərnişinləri Bakıya daşıya bilmək üçün qatar Sumqayıtda olmalıdır. Qatarları hələ ki, axşamlar Sumqayıtda saxlamaq olmur. Çünki qatarda xidmət göstərən əməkdaşlar evlərinə gedərək istirahət etməlidirlər. Sumqayıt stansiyası hazır olduqdan sonra əməkdaşların qalmağı, istirahət etməyi üçün həmin stansiyalarda otaqlar olacaq. Onlar gecəni istirahət etdikdən sonra səhər yenidən işə başlayacaqlar", - qurum rəsmisi bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh