Bu «Rolls Royce» kimindir; icra başçısının, yoxsa biznesmenin? - FOTO
Oktyabrın 3-də "Laçın” Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş magistral yolu bağlamağa cəhd edərkən Nizami rayonuna yeni icra başçısı təyin olunan Arif Qasımovun hadisə yerinə 90 KX 928 nömrəli "Rolls Royce Fantom” markalı lüks avtomobillə gəlməsi barədə sosial şəbəkələrdə, müxtəlif saytlarda məlumat yayılmışdı. Avtosfer.az xəbər verir ki, movqe.az saytı apardığı araşdırma zamanı həmin avtomobilin kimə məxsus olduğunu təsdiq edən fakt əldə edib. Məlum olub ki, Nizami rayonunun icra başçısı Arif Qasımova məxsus olduğu iddia edilən 90 KX 928 nömrəli "Rolls Royce Fantom” markalı lüks avtomobilin sahibi Vəliyev Məsud Fərzəli oğludur. Həmin avtomobil sürət həddini aşaraq DYP-nin radarına düşüb. Həmin protokolun sürətini təqdim edirik.
Xatırladaq ki, oktyabrın 3-də Nizami rayonunda yerləşən "Laçın” Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş magistral yolu bağlamağa cəhd edib. Aksiyada iştirak edənlərin əksəriyyəti ticarət mərkəzində çalışanlar olub. Vətəndaşların etirazına səbəb kimi Nizami rayon Dövlət Yol Polisi əməkdaşlarının ticarət mərkəzinin qarşısında avtomobillərin park edilməsinə qoyduqları qadağa səbəb olub. Satıcılar isə bildirirlər ki, hər gün 10 saat bazarda çalışdıqlarından parkomata gündə 5-6 manat ödəməyə gücləri çatmır. Onları məcbur edirlər ki, parkomantlar olan yerdə avtomobillərini saxlasınlar. Nizami rayonun İcra Hakimiyyətinin başçısı Arif Qasımov öz xidməti maşını ilə hadisə yerinə gəlib və aksiya keçirənlərə onların avtomobillərinin dayanacaq yerinin əvvəlki qaydada olacağına söz verib. Sözügedən aksiyada diqqətçəkən məqamlardan biri bazar müdirinin avtomobili olub. Bəzi saytlar bu avtomobilin Nizami rayon icra başçısının olduğunu yazır, təhqiredici ifadələr işlədirlər. Lakin araşdırmalar göstərir ki, 90 KX 928 dövlət nişanlı həmin maşın sahibi Bakı şəhəri Nizami rayonu Q.Qarayev pr. ev 59, mənzil 66 ünvanında yaşayan Vəliyev Məsud Fərzəli oğluna məxsusdu.
Məlumat üçün qeyd edək ki, Məsud Fərzəliyev "MVF”, "Laçın Ticarət Mərkəzi” və "Sunay Ticarət Mərkəzi” MMC-lərin rəhbəridir.
Avtosfer.az xəbər verir ki, musavat.com bu iddia ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu verib. İH-dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən maşın Arif Qasımovun deyil. Həmçinin deyilib ki, icra başçısı məlum hadisə zamanı əraziyə özünün xidməti avtomobili ilə gedib. Araşdırmalar zamanı o da məlum olub ki, "Rolls-Royce Phantom" maşını "Laçin" ticarət mərkəzinin sahibi Məsud Vəliyevə məxsusdur.