Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!

Gündəm 23 İyun 2026 17:30
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
WhatsApp kanalımıza abunə olun

Çimərliklərdə baş verən boğulma hadisələrinin böyük əksəriyyəti insan faktorundan qaynaqlanır. Avtosfer.az-ın məlumatına görə, təhlükəsizlik üzrə ekspert Orxan Musayev ajans.az-a bildirib ki, insanların etdiyi sadə səhvlər çox vaxt qarşısı alına biləcək faciələrə səbəb olur. Dəniz istirahət üçün cəlbedici məkan olsa da, gözəlliyinin arxasında ciddi təhlükələr gizlənir.

Ekspert qeyd edib ki, insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəfinin olduğunu unudurlar: “Təəssüf ki, spirtli içki qəbul edib suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi hal kimi qəbul edilir. Vətəndaşlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki belə ərazilərdə xilasedici heyət fəaliyyət göstərir və fövqəladə vəziyyət zamanı müdaxilə etmək mümkündür. Nəzarətsiz çimərliklərdə xilasedici xidmət olmadığı üçün hər hansı təhlükə yarananda insanın həyatını xilas etmək çox çətinləşir. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən edilir, təhlükə yarada biləcək daş və qayalar təmizlənir”.

Mütəxəssis boğulma hallarının ən təhlükəli tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, bu hadisələr çox vaxt saniyələr içində və səssiz baş verir:  “İnsanlar bəzən düşünür ki, boğulan şəxs qışqıracaq, kömək istəyəcək. Amma əksər hallarda belə olmur. İnsan sadəcə suyun altında itir. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ilə özlərini itirə bilərlər. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır 

O.Musayev hesab edir ki, maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar yalnız “dalğa var, üzmək olmaz” xəbərdarlığını deyil, dalğanın insan bədəninə təsirini, axına düşəndə nə baş verdiyini və boğulma zamanı yaranan riskləri bilməlidirlər. 

Ekspert əlavə edib ki, qaydaları pozan şəxslərlə bağlı ictimai qınaqla yanaşı, inzibati tədbirlər də tətbiq olunmalıdır: “Qadağan olunmuş çimərliklərdən istifadə və ya alkoqol qəbul edib suya girmək kimi hallar təhlükə yaradır. Bu düşüncədən qurtulmalıyıq ki, “mənə heç nə olmaz”. Çünki dənizdə bir anlıq ehtiyatsızlıq həyat bahasına başa gələ bilər”. 

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh