Dəmir yollarında sərnişinləri hansı yeniliklər gözləyir? - Qatarla səyahət indi ...

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) həyata keçirilən ardıcıl və məqsədyönlü layihələr ölkə üzrə sərnişindaşıma sahəsində ciddi canlanma yaradıb. Statistik göstəricilər dəmir yolu nəqliyyatına marağın ilbəil artdığını açıq şəkildə ortaya qoyur. Belə ki, dəmir yolu nəqliyyatı ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib. Bu dinamika sərnişinlər üçün yaradılan rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsinin real göstəricisidir. Bununla paralel, marşrut şəbəkəsinin genişləndirilməsi, yeni reyslərin istifadəyə verilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması dəmir yolunu vətəndaşlar üçün daha cəlbedici və rahat səyahət vasitəsinə çevirib. Şəhərlərarası və şəhərətrafı istiqamətlərdə atılan bu addımlar nəticəsində ADY-nin qatarları artıq təkcə alternativ deyil, bir çoxları üçün əsas nəqliyyat seçimi kimi çıxış edir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Modern.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qatarla səyahət indi çox səmərəli və cəlbedici olub:
“Şəhərlərarası səfərlərdə insanlar qatarlardan istifadəyə üstünlük verirlər. Çünki qatarla səyahət indi daha səmərəli olub. Uzaq məsafələri qət edən insanlar üçün qatarla səyahət daha əlverişlidir. Uzaq məsafələrə sürətli qatarların çəkilməsi dəmiryollarını daha cəlbedici edib. İlbəil dəmir yolundan istifadə edən sərnişinlərin sayı artır. Bu yaxınlarda edilən maraqlı paylaşımlardan birində daha iki şəhər arasında dəmir yolu stansiyalarının açılması ilə bağlı anons verilib. Mən çox istərdim ki, Cənub bölgəsini Bakı şəhəri ilə birləşdirən dəmir yolu xətti tezliklə istifadəyə verilsin. Düzdür, məndə olan məlumatlara görə, Lənkəran-Astara istiqamətində yük qatarlarının işləməsi üçün layihələr mövcuddur. Əvvəllər də sərnişin və yük dəmir yolu xətti olub. Sadəcə, rekonstruksiyaya ehtiyac vardı.Tezliklə Lənkəran-Astara qatarının istifadəyə veriləcəyinə ümid edirəm".

E.Cəfərov dəmir yoluna sərnişin marağının artmasının səbəbləri arasında komfortlu qatarların və marşrut şəbəkəsinin genişlənməsini göstərib.
"Dəmir yoluna sərnişinlərin marağı, bir daha deyirəm ki, artıb. Burada əsas faktorlardan biri də "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarları dəyişməsidir. Ötən dəfə mən Ağdama qatarla səfər etdim. Sürətli qatardan istifadədən çox razı qaldım. Çox komfortlu idi və qiymətlər də münasib idi. Bu layihələr bütün ölkəni tam əhatə etməlidir. Çox yaxşı layihələr həyata keçirilir. Mən burada mənfi nəsə deyə bilmirəm. Hər şey göz önündədir. İki şəhər arasında yeni stansiyanın açılması ilə bağlı məlumatlar var. Düşünürəm ki, bu, dekabrın 31-nə qədər, yaxud elə yanvarın 1-də elan edilər. Yeni stansiyanın açılışı olacaq. Dəqiq hansı şəhərlər arasında olacağı bəlli deyil. Ağdam-Xankəndi stansiyası gələn ilin sonuna nəzərdə tutulub. Bakıdan əyləşib birbaşa Xankəndiyə getmək mümkün olacaq. Amma hələ tez yekunlaşa bilər. Düşünürəm ki, şimal bölgəsində daha iki turistik mərkəzi birləşdirən xəttin açılışı ola bilər. Amma gözləyirik”.













