Deputat qiymət artımı ilə bağlı SOCAR-ın təklifini TƏNQİD ETDİ

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov yanacağın bahalaşmasına münasibət bildirib. Avtosfer.az xəbər verir ki, deputat SOCAR-ın təklifini tənqid edib. "SOCAR-ın təklifi ilə Aİ-92 markalı benzin və dizelin qiymətinin artmasının iqtisadi əhəmiyyətini mübahisələndirmirəm. Lakin, bu təklifin yeri və zamanı idimi?
Dövlət müharibənin vətəndaşın güzəranına mənfi təsirinə imkan verməsə də (bu qələbənin özü qədər ciddi uğur idi və açığı tarixdə belə nümunələr azdır), pandemiya artıq 10 aydır ki, vətəndaşın dolanışığını xeyli çətinləşdirib. Lakin, Prezident İlham Əliyevin iqtisadiyyatı yox insan amilini seçməsi, ciddi sosial paketlər reallaşdırması vətəndaşda böyük ümid yaradıb, vətəndaşın dövlətinə inamını daha da dərinləşdirib, insanlar pandemiyanın yaratdığı çətinliklərə səbrlə dözür. Bu müstəsna etimad mühiti və fonunda qəflətən benzin və dizelin bahalaşması, SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi 5-10 milyonluq əlavə gəlir əsas məqsədi insan amili olan dövlətimiz üçün vətəndaş məmnunluğunu və etimadını əvəzləyə bilərmi? Əsla! Mən o qənaətdə deyiləm ki, artıma görə vətəndaş dövlətdən radikal formada narazı qalacaq, yaxud, etimad qırılacaq, qətiyyən yox, amma etiraf edək ki, vətəndaş Tarif Şurasının qərarından məmnun da deyil.
Nəzərə alsaq ki, Aİ-92 və dizel nisbətən az təminatlı insanlar tərəfindən, habelə ictimai nəqliyyat sektoru və kənd təsərrüfatında daha çox istifadə edilir, üstəlik, artım müəyyən sferalarda bahalaşmaya səbəb ola bilər, deməli Tarif Şurası qərarını iqtisadi cəhətdən əsaslandırsa da, pandemiya və postmüharibə dövründə qərarın yol aça biləcəyi sosial problemlər düzgün analiz edilməyib. Düzdür, müsbət haldır ki, hökumətin ictimai nəqliyyat və kənd təsərrüfatına əlavə subsidiyalar və s. kimi kompensasiya tədbirləri nəzərdə tutulub, lakin, bu tədbirlər özü də dövlət üçün əlavə yük deyilmi?
Özləri nə ictimai nəqliyyatdan, nə də Aİ-92 işlədən avtomobildən istifadə etmədiyinə, yaxud yeganə dolanışıq ümidi əkin-biçin olmadığına görə ola bilsin ki, qiymət artımı SOCAR rəhbərliyi üçün əhəmiyyətli görünməyə bilər, lakin, axı ölkədə hər kəs onlar kimi yaşamır. Bu mənada Tarif Şurasına qiymətlərlə bağlı müraciət edərkən onlar öz reallıqları ilə bərabər cəmiyyətin də real durumunu nəzərə almağa borclu idilər.
Bütün bunları ümumiləşdirərək hesab edirəm ki, cənab Prezidentin sosial yönümlü və İNSAN amilinə yönəli siyasətini rəhbər tutaraq, Tarif Şurasının öz qərarına yenidən baxması və ya qərarın icrasını pandemiya dövründə, yaxud ən azından kompensasiya mexanizmi işə düşənə qədər təxirə salması məqsədəuyğun olar.
Həmçinin, təəssüflə qeyd edim ki, bəzi dairələr ajiotaj yaradaraq bu durumdan öz siyasi məqsədləri üçün istifadə etmək, milli birliyimizi pozmaq üçün hərəkətə keçib. İnanıram ki, vətəndaşlarımız bu qüvvələrə meydan verməyərək, cənab Prezidentin ətrafında sıx birləşməkdə davam edəcək!"
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












