Reklam

Dünyanı dəhşətə gətirən “Əsədin qəssabxanası”' - Görün nələr var imiş

Gündəm 11 Dekabr 2024 20:24 Oxunub 118
Dünyanı dəhşətə gətirən “Əsədin qəssabxanası”' - Görün nələr var imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bazar günü Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra qohumlarından xəbər almaq ümidi ilə Suriya vətəndaşları ölkənin ən məxfi həbsxanası sayılan Sednayaya axışıb.

Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, 1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə qurulan həbsxana Əsəd ailəsinin uzun müddətdir ki, öz rejiminə qarşı çıxanları saxladığı yer olub.İnsan haqları təşkilatları tərəfindən “insan qəssabxanası” kimi tanınan Sednaya gizli saxlanılırdı və indiyədək həbsxananın içindən heç bir görüntü çəkilməyib.Həbsxananın təfərrüatları yalnız keçmiş mühafizəçilər və məhbuslarla müsahibə yolu ilə müəyyən edilə bilib.

Sednaya illərdir Suriya Ordusu və hərbi kəşfiyyat orqanları tərəfindən idarə olunub.

Binanın tikintisinə 1980-ci illərin əvvəllərində başlanılıb. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub. İnsan haqları təşkilatlarının məlumatına görə, Ağ Bina rejimə xəyanətdə şübhəli bilinən zabit və əsgərlər üçün tikilib. Bu, böyüyən obyektin cənub-şərqindəki L formalı bina olub.

Əsas həbsxana, Qırmızı Bina, əvvəlcə islamçı təşkilatların üzvü olmaqda şübhəli bilinən rejimin əleyhdarları tərəfindən məskunlaşıb. Azadlığa çıxan məhbuslarla müsahibə aparan insan haqları qruplarına görə, iki binada 10-20 min adam saxlanıla bilər.

Bazar günündən bəri yayılan və BBC tərəfindən təsdiqlənən videoda onlarla hücrəni göstərən təhlükəsizlik kamerası ekranları ilə dolu böyük bir müşahidə otağı göstərilib.

2011-ci ildə vətəndaş müharibəsi başlayanda məhbuslar Ağ Binadan çıxarılıb və Amnesty İnternational-ın keçmiş həbsxana gözətçilərinə əsaslanan hesabatına görə, bu bina prezident Bəşər Əsəd rejiminə qarşı aksiyalarda həbs olunanların yerləşdirilməsi üçün hazırlanıb.

“2011-ci ildən sonra Sednaya Suriyanın əsas siyasi həbsxanasına çevrilib” deyə keçmiş məmur Amnesty-yə bildirib.

“Ölüm düşərgəsi”

Keçmiş məhbuslar Qırmızı Binada saxlanılanların tez-tez müxtəlif işgəncə üsullarına, o cümlədən şiddətli döyülmələrə, zorlamalara, qida və dərmanlara çıxışın məhdudlaşdırılmasına məruz qaldıqlarını söyləyib.Qeyd olunub ki, danışanların “Edam otağı” adlandırdıqları “Ağ bina”nın altında Qırmızı binadakı məhbusların asılmağa aparıldığı yer olub.

Mühafizəçi bildirib ki, əsgərlər daha sonra ölüm hökmündə olan məhbusları bəzən 100-ə yaxın adamın olduğu kameraya aparıb , döyüblər.

Gözləri bağlı məhbusların “Ağ bina”nın cənub-şərq küncündə yerləşən “edam otağı”na pilləkənlərlə endirildiyi, daha sonra yan-yana 10 ilgəklə bir metr hündürlüyündə platformaya aparılaraq asıldığı qeydə alınıb.Amnesty İnternational təşkilatının məlumatına görə, sonradan “edam otağı” genişləndirilib və 20 ilgəkli ikinci platforma tikilib. Rejimin süqutundan sonra Sednaya otaqlarda tapılan onlarla edam ilgəyi müxalifət mediasında nümayiş etdirilib.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında Sednaya həbsxanasında 30 mindən çox məhbus edamlar, işgəncələr, tibbi xidmətin olmaması və aclıqdan ölüb.Türkiyə mərkəzli Sednaya Həbsxanasında İtkin Olmuş Məhbuslar Dərnəyi 2022-ci ildə azadlığa çıxan məhbuslara əsaslanan məlumatlara əsasən, 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyini açıqlayıb.

ABŞ tədqiqatçılarının yayımladığı görüntülərində krematoriyaya çevrildiyini söylədiyi kiçik bir bina görünür. Səlahiyyətlilər damdakı qarın ərimə sürətinin onların iddialarını dəstəklədiyini və həbsxanada gündə ən azı 50 məhbusun asıldığını bildirib.

Qurbanlar danışır: “Mən sadəcə bir rəqəm idim”

“Mənim adım 1100 nömrə idi” dedi. Özünü Hala adlandıran bu keçmiş məhbus hələ də adı ilə çağırılmaqdan qorxurdu.

“Əl-Cəzirə” telekanalına danışan Hala bildirib ki, o, 2019-cu ildə Həmadakı bir keçid məntəqəsindən aparılıb, “terrorçuluq”da ittiham edilib – bu, tez-tez hökumətə qarşı çıxmaqda şübhəli bilinən hər kəsə atılan ittihamdır. O, Hələbə aparılıb və o vaxtdan bəri müxtəlif həbsxanalarda saxlanılıb.

O, azad edildiyi an barədə də danışıb: “Biz işığı görəcəyik, bunun gerçək olduğuna inana bilmirdik. Sevinc hədsiz idi. Biz sevindik və alqışladıq, arzuladıq ki, onları qucaqlayıb öpək”.

Sednaya həbsxanası bütün tarixi boyu ciddi mühafizə olunub və həbsxananın ətrafında mövqelər qurulub.

Qeyd edək ki, Əsəd rejiminin süqutundan bəri mülki şəxslərə həbsxananın ətrafına axın etməməyə çağırışlar edilir. 

Suriyanın müxalif mülki müdafiə təşkilatı “Ağ Dəbilqəlilər” tərəfindən yayımlanan fotoşəkillərdə hündür divarlarda məftil çəpərlər görünür. Həbsxananın ətrafında mühafizə qüllələri də var.Əsəd administrasiyası beynəlxalq təşkilatların ittihamlarını həmişə rədd edərək, onların “əsassız və həqiqətdən uzaq” olduğunu bildirib.

Sevdiklərinin Sednayada olduğundan şübhələnən ailələr üçün Əsəd rejiminin dağılması onların itkin düşmüş yaxınlarını tapmaq perspektivini artırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh