Banner

DYP-nin rəis müavinindən ŞOK şikayət - VİDEO

Gündəm 14 Aprel 2014 00:00 Oxunub 2391
DYP-nin rəis müavinindən ŞOK şikayət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Rəşadət Babayev məni vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, şəxsi avtomobilimi müsadirə etdirərək cərimə meydançasına apartdırıb»

Aprelin 12-də, saat 14:00 radələrində paytaxtın 8 KM ərazisində, Babək prospektində görünməmiş hadisə baş verib. “Təzadlar” qəzeti yazır ki, Bakı şəhər DYP İdarəsinin rəis müavini Rəşadət Babayev istirahət etdiyi “Astoriya” restoranının qarşısında heç bir səbəb olmadan Bakı şəhər sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə etdirərək cərimə meydançasına apartdırıb. Bununla da hirsi soyumayan rəis müavini vətəndaşı maşından yerə sürüyüb çıxarıb və onun paltarını cırıb. Ən maraqlısı budur ki, “Astoriya” restoranı elə yerdə yerləşir ki, burada yol hərəkəti qaydalarını istəsən belə pozmaq mümkün deyil. Və vətəndaşın avtomobili naməlum istiqamətinə aparılsa da, ona hansısa bir sənəd verilməyib, protokol yazılmayıb. Bəs hadisənin zərərçəkəni nə deyir?

Zərərçəkən N.Əhmədovun məsələ ilə bağlı ölkə Prezidentinə etdiyi müraciətdə deyilir:

 

Çox hörmətli Cənab Prezident!

 

Yazaraq Sizə məlum edirəm ki, 12 aprel 2014-cü il tarixdə saat 14:00 radələrində qızıma cehizlik malları almaq üçün öz şəxsi avtomobilimlə (Dövlət nömrə nişanı Az-99-DT-511) evdən çıxdım. Əvvəlcə dostumu yaşadığım Nizami rayonu ərazisində yerləşən Babək prospekti-656-da (“Sərin” Şadlıq Sarayının arxa küçəsi) “Astoriya” restoranının fitnes-idman zalından götürmək üçün oraya getdim. “Astoriya” restoranının yanına çatanda avtomobilimi park etmək üçün yer axtardım. Restoranın qarşısında avtomobilimi dayandırıb xəbərdarlıq işıqlarını yandırdım ki, dostumu götürüm… Lazımsa, maşını park edim. Bu zaman restoranın qarşısında dayanmış ağ köynəkli bir nəfər maşınıma tərəf cumdu, yaxınlaşaraq maşınımın açıq pəncərəsindən başını salona soxaraq qışqırmağa başladı: “Ə, o… biri o…, maşını burda niyə saxlayırsan, rədd ol, sür də!”. Və sonra dilə gəlməz söyüşlər. Mən tanımadığım həmin şəxsə dedim ki, axı nə olub?! Elə bildim ki, nəsə baş verib. Lakin həmin şəxs avtomobilimin qarşısına keçərək qapını açdı və pencəyimin yaxasından tutaraq məni zorla maşından çıxartdı. Bu zaman pencəyimin yaxası cırıldı. Həmin qızmış şəxs məndən maşının sənədlərini tələb etdi. Mən onun kimliyini bilmədiyimdən onun bu hərəkətindən özümü itirmişdim. O, əl atıb zorla maşının açarlarını əlimdən aldı. Bu zaman arxadan dövlət nömrə nişanı 10-YP-302 olan “BMW” markalı maşından bir nəfər Yol polisi işçisi düşərək məni rüsvay edərək söyən həmin şəxsə yaxınlaşdı. Məni təhqir edən həmin şəxs məndən qanunsuz olaraq müsadirə etdiyi açarları ona verib dedi ki, bu maşını apar cərimə meydançasına. Özü isə yuxarıda qeyd etdiyim xidməti avtomobilə minib mənim üstümə sürdü. Bu zaman mən özümü maşının altına düşməkdən güclə xilas etdim. Maşınımda isə mənim şəxsi əşyalarım, həmçinin qızıma cehiz almaq üçün evdən götürdüyüm 1700 manat pul da var idi. Oradakı hadisə şahidlərindən öyrəndim ki, məni təhqir edən və maşınımı qanunsuz olaraq müsadirə edən şəxs Bakı şəhər DYP rəsinin müavini Rəşadət Babayevdir. Halım pisləşdiyindən nə etmək lazım olduğunu bilmirdim. Ətrafdakılar da şokda idilər. Mən dərhal DİN-nin 102 xidmətinə zəng etdim, baş verənlər barədə məlumat verdim. Nəhayət, özümü pis hiss etdiyimdən taksi saxlayaraq evə getdim, təcili yardım çağırtdırdım. Təzyiqim kritik idi. Kardioqrama çəkdilər və həkimlər təcili olaraq klinik xəstəxanalardan birinə müraciət etməyimi məsləhət bildilər. Lakin pulum maşında getdiyindən çarəsiz qalmışdım və qonşulardan borc almağa belə məcbur oldum.

 

Çox hörmətli Cənab Prezident!

 

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı, idarənin rəis müavini Rəşadət Babayevin bu qanunsuz və dövlət məmuruna yaraşmayan hərəkəti diqqətlə araşdırılmalıdır. Restoranın qarşısında nəzarət kameraları var və kameradakı görüntülər izlənilib Rəşadət Babayevin qanunsuz hərəkətinə və görünməmiş özbaşınalığına hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına sərəncam verməyinizi xahiş edirəm. Aldığım məlumata görə, R.Babayevin belə qanunsuz hərəkəti və vətəndaşları döyüb təhqir etməsi birinci hal deyildir. İnanıram ki, pozulmuş hüququm tezliklə bərpa olunacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh