“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır” - FOTO

Bakıda polis əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən qadının şikayətləri ilə bağlı prokurorluğun cinayət işi başlamamaq barədə qərarını məhkəmə ləğv edib.
“Qafqazinfo”ya müraciət edən Ülkər Quliyeva (ad-soyad şərtidir) bildirib ki, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır: “Keçmiş ərim Nəriman Həsənov Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin tağım komandiri işləyir. Onunla 2018-ci ilin iyul ayında ailə həyatı qurdum və toydan bir neçə gün sonra məni döyməyə başladı. Bu döyülmə hadisələri sonradan mütəmadi hal olurdu, ailəm dağılmasın deyə susurdum. Bir ilə yaxın Nəriman mənə işgəncə verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan boşandım.
Həmin müddətdə döyüldükdən sonra qayınatam İdrak Həsənov məni özünün həkim işlədiyi “Diaqnoz” Tibb Mərkəzinə apardı. Orada iş yoldaşlarına dedi ki, hamamda ayağı sürüşüb və yıxılıb. 2018-ci ilin avqust ayında yenə möhkəm döyüldüm və bu dəfə “Baku Medical Plaza” Tibb Müəssisəsinin təcili yardım şöbəsinə apardılar. Yenə də mən ailəmizin dağılmaması üçün döyüldüyümü demədim.
2019-cu ilin mart ayında yenə döyüldüm. Anam məni qarın nahiyəmdə kəskin ağrılar və qanaxma olduğu üçün həkimə apardı. Müayinə zamanı sağ yan divarda 8 mm hematoma aşkar edildi. Orada mənə hamilə olduğum üçün Tibb Universitetinin Tədris-Cərrahiyə Xəstəxanasına müraciət etməyim məsləhət görüldü və mən həmin xəstəxanaya müraciət etdim. Lakin yenə də ailəmizin dağılmaması üçün Nəriman tərəfindən döyüldüyümü həkimə bildirmədim. Bundan sonra yenə döyüldüm. O zaman mən hamilə idim. Mənə hamiləliyin vaxtından əvvəl düşük təhlükəsi diaqnozu qoyuldu. Mən bu dəfə dünyaya gələcək uşağım üçün dözdüm. Nəriman bir neçə dəfə mənim üstümə bıçaq da çəkmişdi”.
Ü.Quliyeva qeyd edib ki, əri Nəriman Həsənov tərəfindən döyülərkən onun səsini də yazıb və bunları sübut kimi istintaqa versə də, müstəntiq buna fikir verməyib:
“Məni döydüyünə görə qanun qarşısında cavab verəcəyini dedim, o isə “get hara istəyirsən ver, mən heç kimdən qorxmuram, sənə əzab verəcəm” kimi ifadələrlə məni döyməyə davam etdi. Döyülmüş vəziyyətdə ayağımın və qollarımın xəsarət alan yerlərini də telefon vasitəsilə fotosunu çəkmişəm. Səs yazısında Nərimanın məni döyməsi açıq-aşkar anlaşılır və eşidilir”.
Ü.Quliyeva deyib ki, döyülməsini sübut edən kifayət qədər sübutlar olsa da, Nizami Rayon Prokurorluğunun müstəntiqi Tale Səfərov cinayət işinin açılmasını rədd edib:
“Göstərdiyim bütün halları təsdiq edən xəstəlik tarixçələri, ekspertiza rəyləri, səs yazısı, habelə şəkillər olmasına baxmayaraq, heç bir mötəbər sübuta əsaslanmadan əsassız olaraq cinayət işinin başlanması rədd edildi. Müstəntiqin bu qərarından şikayət etdim, məhkəmə qərarı ləğv edib işi yenidən araşdırılması üçün prokurorluğa göndərdi. Keçmiş ərim Nəriman Həsənov polis olduğu üçün istintaqa təzyiq edərək araşdırmalara təsir göstərir”.
Qeyd edək ki, Nəriman Həsənov təhqiqat zamanı bildirib ki, həyat yoldaşı Ü.Quliyeva hamiləlik dövründə pərdə asarkən yıxılıb və xəsarət alıb.


Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ










