“Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar…” - ADİL ƏLİYEV

Gündəm 22 Sentyabr 2020 13:35 Oxunub 1602
“Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar…” - ADİL ƏLİYEV
WhatsApp kanalımıza abunə ola bilərsiniz

​​​​Ermənistan tərəfinin yenidən cəbhənin Tovuz rayonu istiqamətində təxribat törətməsi nəticəsində Azərbaycan ordusu bir şəhid verdi. Bu, bizim üçün olduqca ağrılıdır, çünki hər bir şəhid torpağa tapşırılarkən həmin ağrı-acını xalq olaraq hamımız hiss edirik.  Düşmənin son aylar ərzində cəbhədə yenidən fəallaşması bizi bir daha əmin edir ki, Ermənistan hakimiyyəti heç vaxt öz işğalçılıq siyasətindən geri durmayacaq.

Münaqişənin tarixinə nəzər salsaq, görərik ki, Ermənistan tərəfi torpaqlarımızın işğalını XX əsrdən etibarən daha ciddi cəhdlə həyata keçirməyə başlamışdı. Lakin, Ulu Öndər Heydər Əliyev sovet hakimiyyəti dövründə rəhbər vəzifələrdə olduğu müddətdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərək düşmənin işğalçı siyasətinin qarşısının alınmasını təmin etmişdi. Heç də təsadüfi deyildir ki, Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər yenidən mənfur siyasət yürüdərək öz ərazi iddialarını irəli sürdülər.

Əli Azərbaycan xalqının qanına bulaşmış Qorbaçov eyni xislətdə olduğu Ermənistan tərəfinin mövqeyini müdafiə edərək, Dağlıq Qarabağda xüsusi komitənin yaradılmasını təmin etdi və öz köməkçisi, sonralar erməni lobbisinin maraqlarına xidmət edən Arkadi Volskini həmin Komitəyə rəhbər təyin etdi.

A.Volskinin dövründən etibarən, əvvəlcə, Xankəndi, sonra  Azərbaycanın digər ərazilərində xalqımıza qarşı etnik təmizləmə siyasətinə başlanıldı, azərbaycanlılar öz əzəli və əbədi torpaqlarını tərk etməyə məcbur qaldı. Sonradan isə Ermənistan tərəfinin 366-cı motoatıcı briqadanın iştirakı ilə törətdiyi soyqırımlar, insanlarımızın kütləvi şəkildə öz dədə-baba yurdlarını tərk etmələri, dinc sakinlərimizin, xüsusilə qadın, uşaq və qocaların ağır əzab və iztirablarla öldürülməsi faktı hamımıza məlumdur.

Mürəkkəb hadisələrin baş verdiyi həmin dövrdə o vaxtkı Azərbaycan hakimiyyətinin bu ağır vəziyyətdən çıxış yolunu tapmaq əvəzinə, dövlətə qarşı xəyanəti, ayrı-ayrı xarici ölkələrin maraqlarına xidmət edərək xalqı öz taleyinə buraxması, həqiqətən də, onların qəlbində dövlətimizə, xalqımıza  qarşı sədaqət, Vətənə məhəbbət hissinin olmadığını bir daha sübut edir.

 Ermənistan tərəfinin apardığı təcavüzkar siyasət yalnız Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti dövrünə təsadüf etmir. Bu gün ölkənin baş naziri Paşinyan da öz sələflərinin yolunu davam etdirir və onların işğalçılıq  siyasətini həyata keçirir. Bu isə bizə belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir əhəmiyyəti yoxdur, bütün hakimiyyət bir qisim şəxslər tərəfindən idarə olunur.

Bugünkü  Ermənistan hakimiyyəti Soros rejiminin məhsuludur və təbii ki, Sorosun siyasi diqtəsini həyata keçirir, təkcə ona görə yox ki, hakimiyyət komandasının bütün üzvləri ya Soros Fonduna, ya “Transperensy”yə, ya da ki, digər insan hüquqları təşkilatlarına bağlıdırlar. Təbii ki, siyasi sifarişləri yerinə yetirən bu təşkilatlar öz sadiq qullarının iradəsinə uyğun davranırlar.

Ermənistan tərəfinin məzlum imici alması, özlərini dünyaya yazıq xalq olaraq göstərməsi bizi aldatmamalıdır, onlar sadəcə öz maraqları üçün hər bir cildə girməyi bacarırlar. Belə ki, yaxın keçmişə nəzər salsaq, görərik ki, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə sülhün tərəfində olmasını bildirdi və əvvəlkilərdən fərqli olaraq münaqişənin tez bir zamanda həll edilməsi üçün sülh danışıqlarına başlayacağının anonsunu verdi. 

Həmin dövrdə Ermənistanla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin qısa müddət ərzində sülh yolu ilə həll ediləcəyinin proqnozunu verirdi. Hətta baş verənlərin fonunda Ermənistanın əvvəlki rəhbərlərinin həbs edilməsi hakimiyyətin öz simasını dəyişməsini əsaslandırmağa imkan versə də, bu gün görürük ki, heç də belə deyilmiş, düşmən öz təcavüzkar mövqeyini sadəcə gizlətməyə cəhd etmişdir.

Paşinyan hakimiyyətə gəldiyi zaman Ordumuzun silahlı birləşmələri tərəfindən həyata keçirilən uğurlu Günnüt əməliyyatının çox da qabardılmamasının səbəbi isə təkcə Ermənistan rəhbərliyinə vaxtın verilməsi yox, eyni zamanda, Azərbaycanın daim hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etməsi, münaqişələrin həlli yolu kimi müharibəni qəbul etməməsi və sülhün tərəfində olmasının əyani sübutu idi. 

Lakin Nikol Paşinyan az bir müddətdən sonra siyasətdə böyük dəyişiklik etdi və yalvarıcı diplomatiya dilindən uzaqlaşaraq müharibəyə meylli siyasət yürütdü. O, özündən əvvəl bu siyasəti həyata keçirənlərin sonlarının necə olduğunu görürdü, lakin, belə məlum olur ki, bundan özünə bir nəticə çıxarmamışdır.  Əks halda ordunun silahlandırılmasını həyata keçirməz, habelə qadınları hərbi təlimlərə cəlb etməklə yanaşı, “Müdafiə haqqında” qanuna dəyişiklik etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırmağa cəhd etməzdi. 

Ermənistan tərəfi başa düşür ki, Azərbaycan müharibəni də, diplomatiyanı da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadiq qalaraq mərdcəsinə həyata keçirir. Belə bir vəziyyətdə güclü Azərbaycan ordusunun qarşısına onlar ahıl adamları çıxardır. Bu isə o deməkdir ki, insan həyatının onlar üçün heç bir  əhəmiyyəti yoxdur.

Belə olmasaydı, cəmi 2 ay bundan əvvəl Tovuz rayonunda törətdikləri təxribat zamanı 76 yaşlı vətəndaşımızı qətlə yetirməzdilər. Bu təxribat zamanı üzləşdikləri məğlubiyyəti riyakar hakimiyyət öz millətinə qələbə deyə təqdim edib. Təbii ki, belə olan halda, sual olunur ki, əgər qələbə qazanmısınızsa, niyə gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvarırsınız?

Bu gün Azərbaycanın güclü rəhbəri və ordusu var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı sərt mövqedədir. Sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda 182 ölkə arasında  6-cı olaraq çıxış edən ölkə başçımız cənab İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırdı ki, “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və o, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir və sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır! Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır!”

Ermənistan və onun havadarları bir daha başa düşməlidir ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də qazandığı uğurlar, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müharibədə də qələbənin əldə edilməsini şərtləndirir.

Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar.

Adil Əliyev,

Milli Məclisin sədr müavini

ŞƏRH YAZ
Ad

E-mail

Şərh