Ermənistan, haradasan? - Prezident

Gündəm 1 Dekabr 2020 12:25 Oxunub 794
Ermənistan, haradasan? - Prezident
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük. Mən deyə bilərəm ki, artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar aparılsın. Eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun? Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta qədər bütün lazımi tədbirləri gördük. Nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırdıq. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir. Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim, – müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyatdır.

Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh