Evakuasiya edilən sürücülərə yeni xəbər

Gündəm 2 Avqust 2014 01:21 Oxunub 2863
Evakuasiya edilən sürücülərə yeni xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimə meydançalarında yenilik edilib: cəriməni yerindəcə xüsusi aparatla ödəmək mümkündür

Bakıda evakuatorla cərimə meydançasına aparılan avtomobil sahibləri üçün yeni imkanlar yaradılıb. Cərimə meydançalarında sürücülərin incidilməsi, rüşvət, süründürməçilik, artıq pul alınması və digər neqativ halları nəzərə alaraq, Daxili İşlər Nazirliyi yeniliyə əl atıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi Bakıdakı cərimə meydançalarının bir neçəsinə ödəmə məntəqələri yaradıb. Bundan sonra avtomobili evakuasiya edələn sürücü cərimə meydançasına gəldikdə burada inzibati protokol tərtib olunacaq, sürücü həmin protokol əsasında 20 manat evakuasiya xərci və istədikdə, 18 manat da dayanma-durma qaydasını pozmağa görə cəriməni elə yerindəcə xüsusi aparatlarda ödəmək imkanına malik olacaq. Artıq Bakıda Cavanşir körpüsünün yanındakı cərimə meydançasında bu cür aparat quraşdırılıb. Məlumata görə, daha 3 cərimə meydançasında da belə bir sistem qurulub.

Sürücülərin diqqətinə çatdıraq ki, bu cür aparatlar olduğu halda sürücünün avtomobili cərimə meydançasına gətirildiyi üçün ona dayanma-durma qaydalarını pozmağa görə 20 manatlıq inzibati protokol tərtib olunacaq və əlavə olaraq 20 manat da evakuasiya xərci tələb ediləcək. Evakuasiya xərci üçün sürücüyə qəbz veriləcək ki, sürücü həmin qəbzlə 20 manatı ödəyə bilər. Dayanma-durma qaydasını pozduğuna görə tərtib olunan 20 manatlıq protokolu isə kim istəsə cərimə meydançasında ödəyə bilər. Sürücü həmin 20 manatlıq cəriməni yerində ödəmədən də avtomobili yalnız 20 manat evakuator xərcini ödəməklə cərimə meydançasından çıxara bilər. Qanunvericiliyə görə, sürücünün buna tam hüququ var və o, 5 iş günü ərzində cəriməni banka ödəyərsə, 10 faiz güzəşt əldə edəcək. Beləliklə də, sürücü 5 gün ərzində cəriməni ödəyərsə, 20 yox, 18 manat ödəniş edəcək. Bu da o deməkdir ki, evakuatorla cərimə meydançasına aparılan avtomobilin sürücüsü 40 manat yox, 38 manat ziyana düşəcək. Əslində, qanuna görə indiyə qədər də qayda belə idi. Lakin cərimə meydançasında sürücülərə heç bir qəbz verilmədən 40 manat alırdılar ki, onun da 38 manatı bir yana, hər sürücüdən qalan 2 manatın kimlərinsə cibinə getdiyi gün kimi aydındır.

Bakı şəhərində gün ərzində təxminən 500 avtomobil evakuasiya edilir. 500 sürücünün hərəsində 2 manat qalırsa, bu, gündəlik min manat vəsait deməkdir. Ay ərzində 30 min manatın hara getdiyinə aydınlıq gətirmək bu gün üçün qəliz məsələdir. Yəni, sürücülərdən alınan cərimə və evakusiya xərci qanunvericiliklə müəyyən edilən qaydada rəsmi sənədlər olmadan alındığından həmin məbləğin büdcəyə köçürülüb-köçürülmədiyi aydın deyildi.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh