Gömrükdə Vüsal Novruzova qarşı böyük koalisiya: Müəmmalı oyun
Dövlət Gömrük Komitəsində ciddi ixtilaflar yaşanır və bu ziddiyyətlər bu günə qədər maksimum məxfi saxlanılırdısa, artıq konflikt idarəolunmaz hala gəlib. Mövzuyla bağlı savash.org-a sızan məlumatda iddia olunur ki, artıq Dövlət Gömrük Komitəsində "nüfuz müharibəsi”nin "son döyüşləri” gedir və görünən odur ki, yaxın zamanlarda adıçəkilən qurumla bağlı müəyyən dəyişikliklərin olacağına şahidlik edəcəyik. Məlumatlı mənbənin bildirdiyinə görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun digərlərini zəiflətmək hesabına mövqelərini möhkəmləndirməsi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi ciddi şəkildə narahat edir. Belə ki, komitə sədrinin əsas kadrlarından sayılan sədr müavini Səfər Mehdiyevin demək olar ki, tam zərərsizləşdirilməsi, bunun fonunda isə Vüsal Novruzovun de-fakto bir sıra əlavə səlahiyyətlərə sahiblənməsi gərginliyi artırıb.
Qeyd edək ki, Vüsal Novruzov gömrüyə faktiki olaraq nəzarət edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əsas adamlarından sayılır. Vüsal Novruzov vasitəsilə DGK-da cərəyan edən bəzi proseslərdən xəbərdar edilən FNH şefinin müdaxiləsi isə komitə sədri Aydın Əliyev üçün "soyuq duş” effekti yaradıb. Daxil olan məlumata görə, Aydın Əliyevə sadiq kadrların faktiki olaraq idarəetmədən uzaqlaşdırılması, əvəzində isə Vüsal Novruzova əlavə səlahiyyətlər verilməsi tərəflər arasındakı gərginliyi daha da artırıb.
Eyni zamanda bir müddət öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin üç idarə rəisinin işdən çıxarılması barədə əmri də həmin prosesin tərkib hissəsidir. Mənbəmiz iddia edir ki, sözügedən idarə rəislərini iradəsinin əleyhinə işdən azad edən komitə sədri Kəmaləddin Heydərovun gömrükdə möhkəmlənməsinə şərait yaradıb. Xatırladaq ki, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləri idi. Çıxarılanların yerinə təyinat alanlardan biri isə keçmiş təhsil naziri Misir Mərdanovun kürəkəni, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov olub. O, Xaçmaz Gömrük İdarəsinə rəis təyin olunub. Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib. Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər.
Məlumat üçün bildirək ki, İlqar Abdullayev isə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayevin qardaşıdır.
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun isə Aydın Əliyevin yerinə - komitə sədri postuna hazırlandığı haqda məlumatlar dolaşır. Elə bu məqam da Aydın Əliyevə sadiq qüvvələrin timsalında Vüsal Novruzova qarşı böyük koalisiyanın yaranmasını şərtləndirib.
Mövzuya qayıdacağıq.///Savash.org