"İçərişəhər" stansiyasında yeni tunelin tikintisi qala divarları üçün TƏHLÜKƏ YARADIR? - ARAŞDIRMA

Metronun "İçərişəhər" stansiyasında yeni dönmə tunelinin tikintisinə başlanılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəyyən narahatedici suallar yaradıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Vətəndaşların Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov sosial hesabında paylaşım edib.
S.Məmmədov dönmə tunelinin 1967-ci ildən bu günədək inşa edilməməsi ilə bağlı qoyduğu suala cavab kimi indiki "Sahil" (keçmiş "26-lar) -"İçəri Şəhər" (keçmiş "Baksovet") xəttinin əvvəlcədən düzgün layihələndirilməməsi ilə əlaqələndirib.
Sahib Məmmədov yazıb: "Niyə 1967-ci ildən bu yana uzunluğu bir neçə yüz metr olan bu dönmə tuneli tikilməyib? 1961-ci ildən 1986-cı ilədək Bakı Tunel Tikintisi İdarəsinə rəhbərlik etmiş, görkəmli dövlət xadimi və tikinti sahəsinin nəhənglərindən olan Əlövsət Əbdülrəhimov üçün bu, xırda bir iş idi. SSRİ Nəqliyyat Tikintisi Nazirliyi sistemində yüksək nüfuza malik olan bu şəxs bu məsələni bir neçə aya həll edərdi.
Problem onda idi ki, "Sahil" - "İçəri Şəhər" xətti əvvəlcədən düzgün layihələndirilməmişdi. Dərinözüllü tunel və stansiya olmasına baxmayaraq, az sonra bəlli olmuşdu ki, tikinti və sonrakı istismar prosesi İçərişəhər abidələrinə, xüsusən qala divarlarının dayanıqlığına xələl gətirir. Qazıntının yaratdığı dağ-mədən təzyiqi, eləcə də istismar zamanı qatarların hərəkətinin yaratdığı zəif rezonans (titrəyiş) zaman-zaman abidələrə, xüsusən də qala divarlarına mənfi təsir edir. Məhz bu səbəbdən dönmə tunelini tikərək vəziyyəti daha da pisləşdirmək istəməyiblər. İndi isə bu vacib, amma İçərişəhər abidələrinə və qala divarlarına əlavə mənfi təsir yaratmaq ehtimalı olan dönmə tunelini tikmək qərarına gəliblər".
Hüquq müdafiəçisinin irəli sürdüyü iddialar qala divarları ilə bağlı müəyyən narahatlıqlar yaradıb və müzakirələrə səbəb olub. İrəli sürülən fikirlərin nə dərəcədə əsaslı olmasını araşdırmaq üçün məsələ ətrafında həm ictimaiyyətə, həm də özümüzə qaralıq qalan sualları "Bakı Metropoliteni" QSC-yə ünvanladıq.
- "İçərişəhər"də yeni dönmə tunelinin tikintisi və sonrakı istismarı qala divarlarının dayanıqlığı üçün real risk yaradırmı?
- "İçərişəhər" stansiyasının davamında inşa ediləcək dönmə kamerası qala divarlarının kənarında (xaricində) yerləşir və real risk yaratmır. İstismar dövründə qatarların bu tuneldəki hərəkət sürəti son dərəcə aşağı olacağı üçün vibrasiya baxımından mənfi təsiri minimum səviyyədə olacaq və görüləcək tədbirlərdə xüsusi nəzərə alınacaq.
- Əgər hər hansı risk varsa, bu, hansı mərhələdə daha böyükdür: Tunelin qazılması dövründə, yoxsa qatarların hərəkəti zamanı?
- Mütərəqqi mühəndislik yanaşmalarına uyğun olaraq tunel qazıntısı müasir NATM (Yeni Avstriya Tunel Üsulu) texnologiyası ilə icra olunacaq. Qazıntı zamanı səthdə yerləşən bütün tikililərdə fasiləsiz ölçmələr aparılacaq, hər hansı kritik yerdəyişmə müşahidə olunmaması üçün əvvəlcədən müəyyən edilmiş həyəcan siqnalı səviyyələrinə uyğun dərhal qabaqlayıcı tədbirlər görüləcək. Qala divarlarının və ya ətrafdakı tarixi tikililərin zərər görməməsi xüsusi diqqətdə saxlanılır.
- Qeyd etdiniz ki, dönmə kamerası qala divarlarının kənarında (xaricində) yerləşir və real risk yaratmır. O zaman belə bir sual meydana çıxır: Yeni tunel qala divarlarından təxminən hansı məsafədə yerləşəcək və belə tarixi abidə üçün təhlükəsiz məsafə hansı meyarlarla müəyyən edilir?
- Tunel "İçərişəhər" stansiyasının bitdiyi nöqtədən etibarən təxminən 400 metr uzanacaq. Ərazidəki hər bir tikili üçün xüsusi proqram təminatı vasitəsilə "torpaq-tunel-bina" qarşılıqlı təsiri modelləşdirilib və təhlükəsiz sərhədlər daxilində qaldığı təsdiqlənib. İşlər zamanı real göstəricilərin kompüter modelinə uyğunluğu yoxlanılacaq və gözlənilməz hallara qarşı daimi ölçmələr aparılacaq.
- Tunelin qazılması zamanı yaranan vibrasiya, torpaq hərəkəti və geoloji təzyiq tarixi qala divarlarına necə təsir göstərə bilər və qatarların yaratdığı vibrasiyanın tarixi daş konstruksiyalara uzunmüddətli təsiri necə hesablanıb?
- Qala divarları və ətraf infrastrukturlarla bağlı müntəzəm monitorinqlər keçiriləcək. Səthölçmə vasitələri ilə baş verə biləcək kiçik hərəkətliliklər belə fasiləsiz izləniləcək və göstəricilərin təhlükəsiz limitlər çərçivəsində qalması təmin ediləcək. Dönmə kamerası "İçərişəhər" stansiyasından sonra tikildiyindən, bu məsələ mövcud "İçərişəhər" stansiyasının istismarı və ümumi şəbəkə parametrləri çərçivəsində qiymətləndirilərək infrastrukturla bağlı mövcud tədbirlər icra olunacaq.
- Bəs vibrasiyanın hansı həddən sonra təhlükəli ola biləcəyi müəyyən edilibmi?
- Bəli, edilib. Normativ hədlər beynəlxalq standartlara (МСН 3.03-04-2005, GOST 12.1.036-81, FTA və ISO 2631-2) tam uyğun olaraq müəyyənləşdirilib.
- Yeni tunelin tikintisi zamanı və sonrakı istismar zamanı vibrasiya hansı səviyyəyə qədər arta bilər?
- "İçərişəhər" stansiyası dərin özüllü olmaqla təxminən 40 metrə yaxın dərinlikdə yerləşir, yeni tunel isə daha da dərin qatlara enir. Bu dərinlik amilinə görə, mövcud istismar zamanı yaranan vibrasiya səviyyəsində hər hansı artım gözlənilmir.
- 1967-ci ildən bu yana bu dönmə tunelinin tikilməməsinin səbəbi həqiqətən qala divarlarının qorunması ilə bağlı olubmu? Bunu təsdiqləyən texniki sənəd və ya ekspert rəyi varmı?
- Dönmə kamerasının tikilməməsi qala divarlarının qorunması ilə bağlı deyil. Xətlərin ayrılması və dönmə kamerasının tikilməsi layihələrinin də aid olduğu "28 May" stansiyasının yenidən qurulması" layihəsi 1986-87-ci illərdən sonra hazırlanmış və bu layihənin tərkibinə bir çox layihələr, o cümlədən xətlərin ayrılması, dönmə kamerasının, "Dərnəgül" elektrik deposunun, "28 May" stansiyasının 2-ci çıxışının, "Cəfər Cabbarlı" stansiyasının, "Cəfər Cabbarlı" - "Nizami" tunellərinin havalandırma şaxtasının tikilməsi kimi bir çox layihələr daxil idi. SSRİ dövründə bu layihələrdən ikisi icra edilib, qalanları isə məlum səbəblərdən qalıb.
- Müasir tunelqazma texnologiyaları 1960-cı illərdə mövcud olmayan hansı üstünlükləri verir?
- Müasir NATM metodu "izləyərək qərar vermə" prinsipinə dayanır. Qazıntı zamanı xüsusi bərkitmə sistemlərindən istifadə olunur. Ən əsas üstünlük odur ki, qazıntı ilə səthdəki deformasiyaların real vaxt rejimində monitorinqi paralel aparılır. Deformasiya meyli artarsa, qazıntı dərhal saxlanılır və müdaxilə edilir.
- Qala divarlarına hansı sensorlar yerləşdiriləcək və təhlükəli səviyyə həddi konkret neçədir?
- Beynəlxalq təcrübədə qəbul edilmiş "Boscardin & Cording" (1989) metodu tətbiq olunur. Burada tək bir rəqəm deyil, qurğunun şaquli və üfüqi yerdəyişmələrinin kompleks nisbəti əsas götürülür. Yoxlamalar göstərir ki, tunelin dərinliyi və örtük təbəqəsi sayəsində ərazidəki tikililər zərər görmədən işlər yekunlaşdırılacaq. Ölçmə vasitəsi olaraq bina üfüqi yerdəyişmə reflektoru və bina oturma boltu yerləşdiriləcək.
- Əgər monitorinq təhlükəli vibrasiya və ya deformasiya göstərsə, qatarların intervalının artırılması və ya layihənin dəyişdirilməsi mümkün olacaqmı?
- Qazıntı dövründə fasiləsiz monitorinqlər aparılacaq. İstismar zamanı isə təhlükəli vibrasiya ehtimalına qarşı xəttin üst quruluşuna xüsusi titrəyişboğucu sistemlərin inteqrasiya edilməsi texniki olaraq nəzərə alınıb.
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO










