İlham Əliyev Kürdəmirdə avtomobil yollarının açılışında iştirak etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.
Avtosfer.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi.
Bildirildi ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.
Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib.
Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, Nazirçay və Girdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib.
Dövlət başçısına Ağsu-Kürdəmir–İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verildi.
Diqqətə çatdırıldı ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
İlham Əliyev inşaatçılarla görüşdü, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Daha sonra Azərbaycanın dövlət başçısı Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb.
İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.