İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA

Gündəm 12 Mart 2026 14:11
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaxın Şərqdə İran ətrafında yaranan gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr beynəlxalq enerji bazarını və bir sıra ölkələrin təhlükəsizliyini ciddi narahat edir.

Avtosfer.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, İrandakı rejimin Hörmüz boğazı ilə bağlı siyasəti dəyişməyib. Mərkəzin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Hörmüz boğazı ya hamı üçün sülh və inkişaf yolu olacaq, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazına çevriləcək. Analitiklər hesab edir ki, bu açıqlama İranın bölgədə gərginliyi azaltmaqdan çox, müharibə riskini artıran siyasət yürütməyə davam etdiyini göstərir.

Araşdırma mərkəzi qeyd edir ki, Hörmüz boğazının atəş altında saxlanılması təkcə Çin üçün deyil, Hindistan üçün də ciddi narahatlıq yaradır. Müharibənin ilk günlərində Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker boğaz ətrafında ilişib qalıb. Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval “The Times of India” qəzetinə açıqlamasında bildirib ki, həmin gəmilərdə min nəfərdən çox hindistanlı dənizçi var.

Bundan əlavə, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar martın 9-da parlamentdə çıxışı zamanı bölgədəki münaqişə zonasında iki Hindistan vətəndaşının həlak olduğunu açıqlayıb. Analitiklər vurğulayır ki, İranın Körfəz ölkələrinə raket və dron zərbələri də Dehlini ciddi şəkildə narahat edir. Çünki Körfəz ölkələrində təxminən 10 milyona yaxın Hindistan vətəndaşı yaşayır və çalışır.

Məlumata görə, Körfəz ölkələri ilə Hindistan arasında illik ticarət dövriyyəsi təxminən 200 milyard dollar təşkil edir. Eyni zamanda, Hindistanın neft idxalının böyük hissəsi də məhz bu regionun payına düşür. Buna görə də Dehli Yaxın Şərqdə müharibənin qısa müddətdə başa çatmasında maraqlıdır. Müharibə uzandıqca regionda yaşayan hindistanlıların təhlükəsizliyi ilə bağlı risklər də artır. Artıq münaqişə başlayandan bəri 70 minə yaxın Hindistan vətəndaşı bölgəni tərk edib.

“Atlas” Araşdırmalar Mərkəzi diqqətə çatdırır ki, bu proses fonunda ABŞ-nin Hindistanın Rusiyadan neft alışına yaşıl işıq yandırması Dehli üçün mühüm qərar sayılır. Hindistanın enerji nəhəngi “Reliance Industries” şirkəti mart ayı üçün Rusiyadan ən azı 6 milyon barel xam neft alıb. “Reuters” agentliyinin məlumatına görə, şirkət Rusiyanın ixrac markalı “Urals” neftini bazar qiymətlərindən daha ucuz qiymətə əldə edib.

Analitiklərin fikrincə, Yaxın Şərqdə müharibə davam etdiyi müddətdə ABŞ Hindistanın Rusiyadan neft alışına ciddi etiraz etməyəcək. ABŞ maliyyə naziri Skott Bessent bu məhdudiyyətlərin müvəqqəti olaraq aradan qaldırıldığını bildirsə də, müharibə davam etdiyi müddətdə qadağanın yenidən tətbiq olunması ehtimalı aşağı qiymətləndirilir.
Mərkəz qeyd edir ki, hazırkı gərginlik Hindistanı enerji ehtiyatlarını artırmağa vadar edir. “The Times of India” qəzetinin yazdığına görə, ölkədə kifayət qədər benzin, dizel və reaktiv yanacaq ehtiyatı mövcuddur. Bununla belə, müharibənin aylarla davam etməsi qlobal enerji bazarında böhranın daha da dərinləşməsinə səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh