İsmayıllının iki üzü; bir üzdə super yol, o birində biabırçılıq - VİDEO

Gündəm 3 İyul 2014 00:07 Oxunub 2112
İsmayıllının iki üzü; bir üzdə super yol, o birində biabırçılıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İvanovka kəndinin yolları İsmayıllının mərkəzi yolundan qat-qat rahat və təhlükəsizdir

Bu videomaterialı sırf təsadüf nəticəsində çəkdim. Yolum Göyçaya düşmüşdü. Ağsu aşırımından keçib elə bir dağınıq yola düşdüm ki, maşına yazığım gəldi. Odur ki, geri dönəndə dağlardan keçən yolla hərəkət edib İsmayıllıya, oradan da rahatlıqla Bakıya gəlib çata bildim. Elə hər şey də İsmayıllıya çatana qədər baş verdi. Göyçaydan İsmayıllıya getmək üçün İvanovka kəndindən keçməli oldum. Əsasən rusların yaşadığı və hələ də kolxoz quruluşunun mövcud olduğu İvanovka kəndinin yolları diqqətimi çəkdi. İvanovkaya bitişik iki kəndin də yolları məni təəccübləndirdi. Əvvəl gözlərimə inanmasam da, sonradan gördüklərimi telefonla çəkib oxucularla paylaşmaq qərarına gəldim. İvanovkaya yaxın olan Mollaisaqlı kəndinin girəcəyindən başlayaraq yolun hər iki tərəfində yeni yol nişanlarına rast gəldim. Bir qədər təəccübləndim. Bir az hərəkət etdikdən sonra asfalt yolda yolların nişanlanma xətlərinin yeni və uzaqdan görünən səviyyədə olduğunu gördüm. Nişanlar isə həm yeni, həm də standartlara uyğun, daha doğrusu, qaydalara uyğun quraşdırılıb. İvanovka kəndində də eyni vəziyyət təkrar olunur. Sürət həddini göstərən nişanlar yol kəsişmələrindən sonra təkrarlanır, təhlükəli döngələr barədə məlumat verən nişanlar da öz yerində. Piyada keçidi barədə xəbardaredici nişanlar, yolun eniş və yoxuş səviyyəsini, küləyin istiqamətini göstərən, habelə ötməni qadağan edən, ötməyə icazə verən nişanlar uzaqdan aydın seçilir. Getdikcə məni daha böyük təəccüb bürüyürdü. Bura doğrudanmı Azərbaycanın hansısa dağlıq rayonunun bir kəndidir? Doğrudanmı rayonlarda, kəndlərdə yol mədəniyyəti bu qədər inkişaf edib?

Məlumdur ki, İvanovka kəndi böyük kənddir. Yol boyu əsasən Rusiya nömrə nişanlı avtomobillərə rast gəlirik. Səliqəli, zibilsiz, hamar yollarda hətta Bakının mərkəzindəki kimi, kustar üsulla yox, standartlara uyğun tranplinlər quraşdırılıb ki, sürət həddini aşan sürücülər özlərini yığışdırsınlar. Avtobus dayanacaqlarının yanında dayanacaq nişanları quraşdırılıb, dayanacaqlar da sadə və səliqəlidir. Yolda çala-çökək, ağzı açıq kanalizasiya luku görmədim. Bir anlıq düşündüm ki, İsmayıllı rayonunda baş vermiş son olaylardan sonra yəqin rayonda ciddi dəyişikliklər baş verib. Yol o qədər rahat idi ki, sükan arxasında yerimi rahatlayıb xəyallar qururdum. Kaş ki, yaşadığım Bayıl qəsəbəsində, Dövlət Bayrağı Meydanın 300 metrliyində də belə gözəl yollar olaydı. Yol nişanları olmasa da, heç olmazsa asfaltımız düz olaydı, iki aydan bir servisə gedib maşını təmir etdirməyəydik. Düşünürdüm ki, görəsən, Bakının bəzi küçə və yollarını da nə vaxtsa belə abad görə biləcəyikmi? Abad deyərkən təkcə asfalt çəkib boya sürtməyi yox, həm də yol nişanlarının və nişanlanma xətlərinin qaydasında, standartlara uyğun olmasını nəzərdə tuturam.

Bəlkə də inanmayanlar var, amma bir məqamı tam dəqiqliyi ilə deyə bilərəm ki, İvanovka kəndində quraşdırılan yol nişanları, asfalt və asfalt üzərindəki nişanlanma xətləri o qədər dəqiqliklə çəkilib ki, Bakının heç bir küçəsi, prospekti belə səviyyədə deyil. Bunu sübut etməyə hazıram. Yəni, Bakıda bəzəkli binalar tiksələr də, yolun kənarında gecələr işıqlandırılan çəmənliklər salsalar da, yol təsərrüfatına, yol mədəniyyətinə bu qədər diqqət ayrılmır. İsmayıllının ucqar bir kəndində isə hər şey yüksək səviyyədədir…

Düşüncələr məni çox uzaqlara aparmışdı ki, qəflətən maşınımın çala-çökək yola girdiyini, başımın az qala sükana dəydiyini hiss eləyib xəyallardan ayıldım. Yanımdakı qohumlardan soruşdum ki, bəlkə səhv gəldik, dağ yoluna çıxmışıq? Dedilər, xeyr, bu yol İsmayıllı rayonunun mərkəzi yollarından biridir. Daha doğrusu, yol bizi İsmayıllının mərkəzinə aparır.Yəqin ki, bilənlər kadrlara baxanda hansı yoldan söhbət getdiyini anlayacaq. Amma mənim anlamadığım bir məsələ var ki, İvanovkada yaşayan ruslar üçün salınan yol niyə azərbaycanlıların yaşadığı kəndlərə, rayona çatanda bitir? Bir rus kəndinin yolu o boyda İsmayıllının bütün yollarından keyfiyyətli və qaydalara da uyğundursa, buna görə başqalarını bilmirəm, amma mən utanıb xəcalət çəkdim. Başa düşürəm, biz tolerantıq, başqa dinlərə, xalqlara hörmətlə yanaşırıq. Amma özümüz özümüzə hörmət qoymağı da bacarmalıyıq.

İvanovkanın yolu qurtaran kimi İsmayıllı rayon mərkəzinə gəlmək üçün azı 5 km çala-çökək yol qət etməli oldum. Maşının altında yerə sürtülməyən hissə qalmadı. Yolun bərbad haldaolması biryana, çirkab suların da yolboyu axıdılması İsmayıllı rayon rəhbərliyinin İvanovkada yaşayan ruslara yüksək tolerantlıq nümayiş etdirməsindən, yerli əhalini isə unutmasından xəbər verir.

Məncə, videomateriala diqqətlə baxandan sonra hər kəs nəticə çıxara biləcək. Ona görə də əlavə şərhə ehtiyac qalmadı. Bircə onu demək olar ki, bir rayonun iki üzü var, fərqli üzlər. Ya İsmayıllı rayon rəhbərliyi, Nəqliyyat Nazirliyi yerli sakinlərə «özümüzünkülərdən zərər gəlməz» prinsipi ilə əhəmiyyət verməyib bu yolları qaydaya salmır. Ya da belə nəticəyə gəlmək olar ki, kolxoz quruluşu ilə idarə olunan İvanovka kolxozu öz yollarını özü düzəldib, bizimkilərə də nümunə göstərib ki, bu da sizə bəyənmədiyiniz kolxoz. Buyurun, nəticə çıxarın!

 

P.S. Kadrlara diqqətlə baxanda çala-çökək yollarda kameranın yellənməsindən hər şeyi başa düşmək mümkündür.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ismayillidan 10 Noyabr 2014 22:55
Salam, nezerinize catdirimki Elmeddin Muradli, bir az da arawdirma aparsaydin qeyd etdiyin yolun rayon merkezine geden yol olmadigini bilerdin.hemin yol magistral yoldu ve Neqliyyat Nazirliyinin balansindadi. Rayon rehberliyi weherin bir cox kucelerine asfalt vurub ve daxili imkanlar hesabina cekilen kuce- EElekberzade kucesine asfalt vurulur. Ismayilliya birde gel ve weherin merkezi kucelrini de cek