Kəlbəcərdə kommunal xidmətlərlə bağlı yayılan məlumatlar əsassızdır

Son günlər sosial şəbəkələrdə Kəlbəcər rayonunda elektrik enerjisinin kəsildiyi, şəhərin istilik və su təchizatından məhrum olduğu ilə bağlı müxtəlif iddialar yayılıb. Paylaşımlarda xüsusilə qış mövsümünün sərt keçdiyi bir dövrdə sakinlərin çətin vəziyyətdə qaldığı, evlərin soyuq olduğu və əsas kommunal xidmətlərin fəaliyyət göstərmədiyi iddia olunub.
Avtosfer.az-ın "Trend"ə istinadən məlumatına görə, hazırda Kəlbəcər rayonunda elektrik enerjisinin verilişində, eləcə də istilik və su təchizatı ilə bağlı hər hansı ciddi problem mövcud deyil. Müvafiq qurumlar tərəfindən kommunal xidmətlər normal rejimdə fəaliyyət göstərir və əhalinin gündəlik tələbatı tam şəkildə təmin olunur.
Belə ki, sosial şəbəkələrdə yayılan bu cür məlumatlar ümumilikdə reallığı əks etdirmir və əsassızdır. Bölgədə vəziyyət tam nəzarət altındadır və hər hansı texniki nasazlıq yarandığı halda aidiyyəti rəsmi qurumlar tərəfindən operativ tədbirlər görülür.
Bundan başqa, Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb. Yanvarın 1-də hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində baş vermiş qəza enerji təminatında qısamüddətli fasiləyə səbəb olub. Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunmuş, gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz olmasına baxmayaraq, operativ tədbirlər görülüb. Həyata keçirilən işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi bərpa edilib.
Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal xidmətlərində hər hansı ciddi problem qeydə alınmayıb. Əhali ilə mütəmadi olaraq əlaqə saxlanılır, hava şəraiti və su təchizatı ilə bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılır. Yalnız üç mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl borularında donma halı müşahidə olunub. Operativ müdaxilə nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə baş vermədən aradan qaldırılıb.
İstilik sistemində yüngül donma halları aşağıdakı iki mənzildə qeydə alınıb:
• giriş 134, mərtəbə 2, mənzil 1
•giriş 134, mərtəbə 1, mənzil 1
Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı ciddi fəsad yaranmayıb. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik, su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və zəruri təlimatlar verilir.













