Banner

Küləyin fəsadlarının ölüm və xəsarətlə nəticələnməməsi üçün nə etmək lazımdır? – AÇIQLAMA

Gündəm 16 Noyabr 2026 12:48
Küləyin fəsadlarının ölüm və xəsarətlə nəticələnməməsi üçün nə etmək lazımdır? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Güclü küləkli hava şəraiti zamanı ağacların aşması, binaların dam örtüklərinin qopması, reklam lövhələrinin və müxtəlif konstruksiyaların dağılması insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə hallarda baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün şəhər infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, küləkli hava şəraitində mümkün təhlükələrin minimuma endirilməsi üçün aidiyyəti qurumların hansı tədbirləri görməli olduğu və vətəndaşların təhlükəsizliyinin necə təmin edilməli olduğu müzakirə mövzusudur.
Bəs güclü külək zamanı ölüm və xəsarət hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı küləklər şəhəri olduğuna görə şəhər təsərrüfatı sistemi bu iqlim xüsusiyyətlərini mütləq nəzərə almalıdır:
''Paytaxtda güclü küləkli günlərin sayı ərazilər üzrə fərqlənir. Məsələn, Sumqayıt və Şüvəlanda ildə təxminən 145 gün, Binədə 100 gün, Mərdəkanda 67 gün, Neft Daşlarında 52 gün, Ələtdə isə 37 gün güclü külək qeydə alınır. Coğrafi terminologiyaya görə, saniyədə 15 metrdən artıq sürətlə əsən külək güclü külək hesab olunur. Bu göstəricilər şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma işlərinin planlaşdırılması zamanı nəzərə alınmalıdır. Ağacların küləyə davamlılığının qiymətləndirilməsində onların cinsi, fizioloji vəziyyəti, yaşı və kök sisteminin sağlamlığı əsas meyarlardır. Şərq çinarı uzunömürlü və güclü kök sisteminə malik ağacdır. Belə ağacların yerüstü hissəsinin müəyyən qədər seyrəldilməsi və yüngülləşdirilməsi küləyin təsirini azalda bilər. Bununla yanaşı, kök sistemi zəif olan, tez çürüyən və fizioloji ömrünü başa vurmuş ağaclar daha ciddi təhlükə yaradır. Belə ağacların vəziyyəti mütəmadi qiymətləndirilməli, zərurət olduqda budanmalı və ya götürülməlidir.
Şəhərdəki ağaclar növlərinə, yaşına və sağlamlıq vəziyyətinə görə qeydiyyata alınmalı, ərazilər üzrə xəritələşdirilməlidir. Güclü küləklərin daha çox müşahidə olunduğu ərazilərdə həmin şəraitə davamlı ağac növlərinin əkilməsi vacibdir. Məsələn, tut ağacları güclü kök sisteminə malik olduğundan orta səviyyədə küləkli ərazilərdə yaşıllaşdırma üçün uyğun seçim ola bilər. Şəhər təsərrüfatı və yaşıllaşdırma idarələri bu məsələlərə xüsusi diqqət yetirməlidir''.

Ekoloq qeyd edib ki, əhalinin təhlükəsizliyinə gəldikdə isə vətəndaşlar da küləkli hava şəraitində ehtiyatlı davranmalıdırlar:
''Zədələnmiş, qurumuş və həddindən artıq yaşlı ağacların yaxınlığında dayanmaq, avtomobilləri belə ağacların altında saxlamaq təhlükəlidir. Bununla belə, əsas məsuliyyət aidiyyəti qurumların üzərinə düşür. Təhlükə yaradan ağaclar əvvəlcədən müəyyənləşdirilməli, onların budanması, yüngülləşdirilməsi və ya zərurət olduqda götürülməsi təmin edilməlidir. Ağacların kor-koranə kəsilməsinin tərəfdarı deyiləm. Lakin kök sistemi çürümüş, zərərvericilərin təsirinə məruz qalmış və aşma təhlükəsi yaradan ağaclar vaxtında müəyyənləşdirilməlidir. Ağaclara düzgün qulluq göstərilməsi, budaqların seyrəldilməsi və kök sisteminin sağlamlığının qorunması onların küləyə davamlılığını artıran mühüm amillərdəndir''.

Fatimə

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh