Avtosfer.az | Reklam
Məsuliyyətsiz məmurlar, vecsiz deputatlar...
Gündəm 18 Sentyabr 2020 14:26 Oxunub 292
Məsuliyyətsiz məmurlar, vecsiz deputatlar...

Zaman-zaman bəzi məmurlar, deputatlar, ictimai xadimlərin səs-küylü açıqlamalarına, cəmiyyəti silkələyən fikirlərinə şahidlik etmişik. Bir sıra hallarda həmin fikirlərə sərt əks-reaksiya onu səsləndirənləri geri çəkilməyə məcbur edib. Ya danışdığı sözün arxasında durmayıb, ya “jurnalistlər fikrimi təhrif edib” deyib, ya da deputat Elman Nəsirov kimi üzr istəyib…

Bəlkə də bu, belə məsuliyyətsiz çıxışçıların öz yerində olmadığının göstəricisidir?

Mövzu ilə bağlı danışan filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli bildirib ki, istər məmur, istər ictimai xadim, istər deputat danışanda, müsahibə verəndə, dedikləri fikirlərə, işlətdikləri ifadələrə diqqətli və həssas olmalıdırlar: “Sosial şəbəkələrdə bir karikatura paylaşılır. Orda deyilir ki, “beyinlə nitq arasındakı əlaqəni daim yoxlayın”. Yarızarafat, yarıciddi deyilmiş bu fikirdə həqiqət var, insan danışarkən mütləq düşünməlidir, söz xatirinə çıxış etməməlidir. Dünənki deputatla bağlı məsələyə gəldikdə “niyə belə oldu” sualının bir çox səbəbləri var. 

Birincisi, görünən odur ki, bunlar cəmiyyətdə öz tutduqları yerin, mövqeyin məsuliyyətini dərk etmirlər. İkincisi, bir çox məsələlər yanlış düşüncədən qaynaqlanır. Üçüncüsü, onların cəmiyyət qarşısında məsuliyyət hissi azalıb.

Bizdə belə məsuliyyətsiz danışan ictimai xadimlər, deputatlar həmişə olub. Amma indi bizim bəxtsizliyimizdəndir ki, sayları getdikcə artır. İnsanlar mikrofon qarşısına çıxanda, sorğulara cavab verəndə məsuliyyət hiss etməlidirlər. Bir də bu cür insanlarda özünə inamsızlıq var. Görünür odur ki, onlar statuslarını, cəmiyyətdəki mövqelərinin məsuliyyətini dərk etmirlər. Deputat, məmur bilməlidir ki, sıravi vətəndaşlardan fərqləri nədir. Və görünür ki, düşüncənin miqyası elə o qədərdir, bundan artığını düşünə bilmirlər. Bu səbəbdən də şahidi olduğumuz məsələlər ortaya çıxarır”.

 

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, yüksək vəzifəli şəxslərin fikirlərini cəmiyyət çox diqqətlə süzgəcdən keçirir:

“Bu baxımdan onlar danışdıqları sözlərə fikir verməlidirlər. Bu, həm də vəzifəli şəxslərə qoyulan bir tələbdir. Çünki onların hər bir sözü, hər bir fikri cəmiyyətə mənfi və müsbət yöndə təsir edə bilər. O ki qaldı, Elman Nəsirovla bağlı məsələyə, səhv etdiyini o özü etiraf edərək, üzr istəyib.

Fikrimcə, burada ilk səbəb təcrübəsizlikdən qaynaqlanır. İkinci məsələ naşılıqdır, üçüncü səbəb ümumiyyətlə media ilə işləməklə bağlı vərdişlərin yetərli olmamasıdır, dördüncüsü, səsləndirdiyi fikir barədə yetərincə məlumatlı olmaması, beşincisi, bu və digər məsələ barədə fikir söyləyərkən, onun hansı nəticələrə səbəb olacağını düşünmür. Yəni düşünmədən danışır, bununla da özünü kiməsə yaxşı göstərmək istəyir. Yaxud da hansısa məsələdə özünü bilikli kimi göstərməyə çalışır. Nəticə etibarilə isə gülünc duruma düşür”.

Təhrif məsələsinə gəlincə, hüquqşünas deyib ki, məmur, deputat istənilən halda tədbirli olmalıdır: “Əgər sən hesab edirsən ki, hansısa jurnalist sənin fikirlərini təhrif edə bilər. Həmin jurnalistlə bunu çox rahat həll etmək mümkündür. Mənim praktikamda  da belə hallar olub, yazıda qeyri-dəqiqlik olub. Müraciət etmişəm, dərhal düzəliş ediblər. Amma bu, mütəmadi xarakter alırsa, artıq vəzifəli şəxs daha məsuliyyətli olmalıdır. Çünki dövlət orqanının adından danışır, müəyyən resurslara malikdir. Ona görə də onun fikri dərhal cəmiyyətdə diqqətə alınır və başlayır filterlənməyə-nə qədər həqiqətdir, həqiqətə yaxındır... 

Yaxud müsahib yazı dərc olunmamış onu əvvəlcə oxuya bilər. Bir sözlə, vəzifəli şəxsin başına bu mənada nə gəlirsə, məsuliyyətsizlikdən gəlir. Eyni məsələ ilə bağlı çox sayda jurnalist eyni formada yazıbsa, deməli problem həmin məmurdadır. Bunu bir media mənsubu təhrif edər, ikisi təhrif edər, hamısı eyni anda təhrif edə bilməz axı. Yumşaq desək, bu, məmurun diqqətsizliyidir, jurnalistin günahı deyil. Ona görə də dəqiqləşmiş fikir söyləmək lazımdır, çünki sən məmursan”. (Modern.az) 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh