Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA

Azərbaycan və İordaniya arasında vizasız gediş-gəliş imkanının yaradılması gündəmə gəlib. Bu qərarın iki ölkə arasında turizm, biznes və qarşılıqlı səfərlərə təsir edəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, Yaxın Şərqdə uzun müddətdir davam edən müharibə və gərginlik fonunda İordaniyaya vizasız gediş-gəlişin nə dərəcədə zəruri olduğu və bu imkanın vətəndaşlar üçün hansı üstünlüklər yaradacağı suallar doğurur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, İordaniyanın Yaxın Şərqdəki mövcud proseslərə coğrafi yaxınlığı və regionda baş verən hadisələr müəyyən təhlükəsizlik və səyahət narahatlıqları yarada bilər:
''Lakin bu amil Azərbaycanla İordaniya arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini aradan qaldırmır. Əksinə, belə mürəkkəb bir regional şəraitdə diplomatik və humanitar əlaqələrin, xalqlar arasında təmasların və qarşılıqlı anlaşmanın qorunması daha vacibdir. Azərbaycan və İordaniya arasında vizasız rejimin tətbiqi də məhz bu baxımdan yalnız səyahət imkanlarının asanlaşdırılması kimi qiymətləndirilməməlidir. Vizasız gediş-gəliş iki ölkənin vətəndaşlarının bir-birini daha yaxından tanımasına, turizm, biznes, təhsil, mədəniyyət və humanitar əlaqələrin genişlənməsinə imkan yarada bilər. Eyni zamanda, Bakı–Əmman–Bakı birbaşa aviareyslərinin fəaliyyətə başlaması bu imkanların praktiki baxımdan daha əlçatan olmasına şərait yaradır. Azərbaycan və İordaniya arasında vizasız rejim haqqında sazişin də tərəflər arasında turizm, iqtisadi, humanitar və biznes əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Müharibə və gərginlik şəraitində bütün İordaniyaya getmək təhlükəlidir kimi ümumiləşdirmə də düzgün olmaz. Əlbəttə, səfər edən şəxslər həmin dövrdə regiondakı təhlükəsizlik vəziyyətini, uçuşların və sərhəd keçidlərinin durumunu nəzərə almalı, rəsmi tövsiyələri izləməlidirlər. Amma uzunmüddətli dövlətlərarası münasibətlər yalnız müəyyən bir dövrdəki regional gərginliklə ölçülmür. Azərbaycan üçün İordaniya ilə münasibətlərin inkişafı həm ikitərəfli əlaqələr, həm də Yaxın Şərqdə qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyətlidir.
Ona görə də vizasız rejimə yalnız “indi İordaniyaya getmək lazımdırmı?” prizmasından yanaşmaq düzgün deyil. Bu, uzunmüddətli xarakter daşıyan və insanların sərbəst hərəkətini, biznes və humanitar əlaqələri asanlaşdıran bir mexanizmdir. Regional vəziyyət sabitləşdikcə isə bu imkanlardan istifadə edən Azərbaycan vətəndaşlarının sayının artması tamamilə realdır''
Politoloq Zeynal Əmrəliyevin fikrincə, Azərbaycan ümumilikdə bir çox ölkə ilə vizadan azad edilmə ilə bağlı sazişlər imzalayıb. Bu, əlbəttə ki, müsbət haldır və İordaniya ilə xüsusilə belə bir sazişin imzalanması olduqca əhəmiyyətlidir.
“İordaniya ilə Azərbaycan arasında əlaqələr sürətli şəkildə inkişaf edir. İki ölkənin dövlət başçılarının – həm Cənab İlham Əliyevin, həm də İordaniya Kralı II Abdullahın qarşılıqlı səfərləri, fikir mübadiləsi, təsis edilən əlaqələr, eyni zamanda İordaniya və Azərbaycan iş adamları arasında həyata keçirilən layihələr məhz bu əlaqələrin inkişafına böyük töhfələr verir. Ərəb ölkələri ilə ümumi şəkildə viza əlaqələrinin sadələşdirilməsi və yaxşılaşdırılması baxımından olduqca mühüm addımdır və investorların ölkəmizə, turist axınının isə sürətlənməsinə imkan verəcək bir vasitədir.
İordaniya olduqca zəngin ölkədir, geniş tarixi əlaqələrə malikdir və Azərbaycanla kifayət qədər geniş münasibətləri var. İordaniyanın dövlət başçısı Kral II Abdullah ilə cənab Prezident İlham Əliyev arasında çox yaxın münasibətlər mövcuddur. Həmçinin ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. Bu baxımdan vizanın ləğv edilməsi, əlbəttə ki, olduqca mütərəqqi bir hadisədir və deyərdim ki, bu addımdan hər iki tərəf – Azərbaycan və İordaniya ciddi şəkildə xeyir götürəcək''.
Fatimə
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB











