Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb - FOTO

Gündəm 18 Sentyabr 2020 20:23 Oxunub 858
Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühüm rol oynayır. Son dövrlər muxtar respublikada bu mühüm sahənin inkişafı istiqamətində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib, müasir avtomobil yolları salınıb, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən dövrdə muxtar respublikanın əsas magistral yollarından olan, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulub. Bundan əlavə, 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilib.

Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək şəhəri-Nehrəm qəsəbə-Arazkənd dairəvi avtomobil yolu, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu və digər avtomobil yolları yenidən qurulub. Ümumilikdə, 1 yanvar 2010-cu ildən 2019-cu ilin sonuna muxtar respublikada 1097 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövrdə 69 körpü tikilib və ya yenidən qurulub, 27 körpü isə təmir olunub.

Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində yeni avtobuslar alınıb, muxtar respublikanın rayon mərkəzlərinə və kəndlərinə iritutumlu və rahat avtobuslarla müntəzəm reyslərin davamlılığı təmin olunub. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri istifadəyə verilib.

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqətdə saxlanılıb, yeni inzibati bina inşa olunub. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, uçuşların təhlükəsizliyinin tam təmin olunması məqsədilə “Şərq” və “Qərb” terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb.

Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu məqsədilə karqo terminalı yenidən qurulub, maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılıb.

Muxtar respublikanın rayonlarında yaşayan əhalinin bilet təminatını yaxşılaşdırmaq məqsədilə Şərur, Ordubad və Şahbuz şəhərlərində aviakassa binaları istifadəyə verilib.

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilib, infrastruktur yenidən qurulub.

Bu ilin yanvar-iyul aylarında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.

Həyata keçirilən tədbirlərin və ən əsası əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişinin nəticəsidir ki, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada nəqliyyat sektorunda 9 milyon 96 min 900 ton yük, 56 milyon 284 min 600 nəfər sərnişin daşınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 55,2, sərnişin daşınması isə 58,7 faiz artıb.

Yük və sərnişin daşınmasından, bütövlükdə, 28 milyon 932 min 200 manat gəlir əldə olunub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çoxdur.

Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2020-ci ilin yanvar-iyul aylarında bu sahəyə 41 milyon 169 min 400 manat vəsait yönəldilib.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi və nəqliyyat sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin ötən dövründə Naxçıvan şəhərində şəhərdaxili marşrutlara 6 yeni avtobus buraxılıb, 10 nömrəli marşrut xətti istifadəyə verilib, 6 nömrəli marşrut xətti Babək şəhərinədək uzadılıb.

Cari ilin ötən dövründə Şərur rayonunda Qarxun-Muğancıq Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının və Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.

Hazırda Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yollarının, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh