Banner

“Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik?”

Gündəm 15 Aprel 2014 00:00 Oxunub 1898
“Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik?”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident: «Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar»

“Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsini ucaldır: “Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyil. Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu”.

Ölkə başçısı onu da bildirib ki, azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, soyqırımı törədilib. “Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcək. Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırıb”.

 

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. “Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq!”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh