Paytaxtda nömrəsiz avtomobillər peyda olub- VİDEO
Avtosfer.az-ın daimi oxucularından biri saytın elektron poçtuna maraqlı videolar göndərib. Həmin videomateriallarda dövlət nömrə nişanı olmayan avtomobillər görünür. Paytaxtın Heydər Əliyev və Hüseyn Cavid prospektlərində şütüyən bu avtomobillər bir neçə aydır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanılıb. Başa düşürük, onlar əlildir, bizim sağ qalmağımız üçün öz sağlamlıqlarını qurban veriblər. Lakin qayda-qanun da var və bu. hamı üçündür. Maraqlısı budur ki, «Lifan» markalı bu avtomobillərə diqqət etdikdə onlardan birinin arxa və yan şüşələrində ağ pərdə olduğu görünür. Necə olur ki, bu maşını idarə edən əlil avtomobilə pərdə vurmağa vaxt tapır, amma dövlət nömrə nişanı almağa yox? Şəhərin mərkəzi küçələrində şütüyən bu avtomobilləri yəqin ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da görür. Onlar görmürsə, DYP-nin müşahidə kameraları görür. Hər halda, bu avtomobillərin üzərində hər hansı fərqlənmə nişanı olmalıdır. Onlar iddia edə bilər ki, nömrə almağa gedirmişlər və bu videolar da o zaman çəkilib. Lakin videodan da görünür ki, bu kadrların biri iyunun 6-da, digəri 24-də çəkilib. Sonuncu kadrlar isə Avtosfer.az saytının əməkdaşı tərəfindən Neftçilər prospektində çəkilib. Qırmızı rəngli «OKA»nın nə ön, nə də arxa nömrə nişanları yerində deyil. Üstəlik, həmin avtomobilin bütün şüşələrinə tünd plyonka vurulub.
Hər iki əməl ciddi qanun pozuntusudur. Çünki avtomobilin nömrəsiz idarə olunması radar və müşahidə kameralarından yayınmağa xidmət edir. Üstəlik, bu avtomobillərin hər hansı biri ilə qəza törədilmiş olsa, onu aşkara çıxarmaq çətinliklər yaradır. Ümumiyyətlə, dövlət nömrə nişanı hər bir avtomobili fərqləndirən və tanıdan bir vasitədir. Çox hörmətli əlillərimiz də bu fərqi hiss edib qaydalara uyğun hərəkət etsələr, yaxşı olardı. Yol polisinin də bu məsələyə müdaxiləsi vacibdir. Hər halda, Azərbaycan qanunvericiliyində əlillərin nömrə nişanı olmayan avtomobil idarə etməsinə icazə verilmir. Ölkənin birinci şəxsi dövlət nömrə nişanı olan avtomobil idarə edirsə, nəinki əlillər, hər bir sürücü bu qaydalara əməl etməlidir.
Ümumilikdə isə bu məsələdə bir qədər boşluq var. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu avtomobilləri əlillərə paylayarkən DYP ilə birlikdə addım atmalı idi. Belə olduqda, əlillər dövlət nömrə nişanı aldıqdan sonra həmin avtomobilləri idarə edə bilərdilər. İndi yüzlərlə avtomobili tapıb DYP-də qeydiyyata almaq müşkül məsələyə çevriləcək.
Qeydiyyatdan söz düşm&uumuuml;şkən, faktiki olaraq, əlillərə verilən bu avtomobillər DYP-də qeydiyyatdan keçməyib. Sosial Müdafiə Nazirliyinin qeydiyyatdan keçməyən avtomobilləri birbaşa əlillərə paylaması normal hal deyil. Bu avtomobillər DYP-də qeydiyyatdan keçmiş olsaydı, dərhal qeydiyyat şəhadətnəmaəsi və dövlət nömrə nişanı verilməli idi. Əgər əlillər qeydiyyatdan keçərək nömrə alıblarsa, lakin nömrəni maşının üzərinə bağlamırlarsa, bu, artıq ciddi qanun pozuntusudur. Hər halda, Sosial Müdafiə Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə məsələyə yenidən baxmalı və həmin avtomobillər siyahı üzrə qeydiyyata alınmalıdır. Avtomobili qeydiyyatdan keçirmədən həyətdə saxlamaq və ya idarə etmək oğurluq maşın saxlayıb idarə etməyə bərabərdir.
Ümid edirik ki, əlillər bu yazıya görə bizdən inciməyəcəklər. Əksinə, qanunlara əməl edib avtomobillərini qeydiyyatdan keçirərək nömrə nişanı alacaqlar. Çünki bu, çox həssas məsələdir.
Elməddin Muradlı