"POS-terminal işləmir, karta göndər" - Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?

"POS-terminal işləmir", "POS-terminalın enerjisi bitib", "Texniki nasazlıq yaranıb"... Bunlar kartla ödənişi qəbul etməyən sahibkarların öz işçilərinə əzbərlətdirdikləri cümlələrdir. Sanki bütün obyektlər sözləşib eyni fikri deyirlər. "Nağd pulum yoxdur, necə edim?" - deyə soruşanda isə, kartdan-karta köçürməyimizi istəyirlər. Hətta bəzi kiçik sahibkarlar, xüsusilə də meyvə-tərəvəz dükanları bu metodu bir az da inkişaf etdirib, mağazanın divarına A4 vərəqində kartlarının nömrəsini açıq yazırlar və qeyd edirlər:
"Kartla ödəniş yalnız kartdan-karta köçürməklə mümkündür".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də məlumat yayıb ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. DVX vətəndaşları öz hüquqlarını qorumaq üçün bu metodlardan çəkinməyə çağırır.
Maraqlıdır, əgər bu üsul qanunsuzdursa, sahibkarlar necə açıq şəkildə bundan istifadə edirlər? Bu halların qarşısı necə alınmalıdır? Ən əsası, müştərinin hüquqları necə pozulur, müştəri bu əməliyyatı həyata keçirərkən hansı imtiyazlardan məhrum olur?
"Nasaz" POS-terminal nə vaxt işləyir?
Vergi mütəxəssisi Anar Bayramov deyir ki, ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biri iqtisadiyyatın şəffaflaşması, real dövriyyələrin öz əksini tapmasıdır. Bunun üçün də qanunvericilik bazası təkmilləşdirilir, sərt intizam, tənbeh növləri gətirilir və stimullaşdırıcı tədbirlər həyata keçirilir:
"Bunlardan biri də nağdsız hesablaşmalara marağın artırılmasıdır. Məsələn, "ƏDV geri al" kimi kampaniyadan istifadə edilir, hətta bəzi banklar ƏDV-ni ikiqat qaytarmağı təklif edirlər ki, müştərilər özləri POS-terminalla ödəməyə maraqlı olsunlar. Burada məqsəd nağdsız hesablaşmaların çəkisinin artırılmasıdır. Müştəri tələb etdikdə, sahibkar dövriyyəsini gizlədə bilmir, vergilərini real şəkildə ödəyir. Lakin müştərilər kartla ödəniş etmək istəyəndə, sahibkarlar dövriyyələrini az göstərmək imkanı əldə edirlər. Əgər müştəri kartdan-karta köçürməkdən imtina etsə və nağd pulunun olmadığını desə, bu zaman "nasaz" POS-terminal işləməyə başlayır".
Müştəri nəzərdə tutulan imtiyazlardan yararlana bilmir
Mütəxəssis qeyd edir ki, bu hallar qanunsuzdur və aşkarlandıqda, şikayət olunduqda sahibkar məsuliyyətə cəlb edilir:
"Müştəri kartdan-karta köçürmələr edərkən onun üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmir. Məsələn, bu zaman "ƏDV geri al" hüququndan məhrum olur. Bundan əlavə, kartdan karta əməliyyatları zamanı vətəndaş çətin vəziyyətdə qala bilər. Alıcı, yaxud istifadəçi kartdan-karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Rəqəmi səhv yazanda məbləğin başqasının hesabına oturması da mümkündür. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb".
DVX-nin çağırışları və imtiyazlar
Həmsöhbətimizin sözlərinə görə, Dövlət Vergi Xidmətinin çağırışları ilə yanaşı, müştərilərə POS-terminaldan ödənişlər zamanı verilən fürsətlər bu metoddan istifadənin azalmasında mühüm rol oynayır:
"Ölkədə sahibkarlar, ictimai iaşə obyektləri, ticarət mərkəzləri, restoranlar kifayət qədər çoxdur, amma vergi orqanı əməkdaşlarının sayı azdır. Bütün ölkəyə nəzarət etmək imkanları məhduddur. Məhz bu səbəbdən cərimələrin və stimullaşdırıcı alətlərin tətbiqi ilə sahibkarları belə hallardan çəkindirməyə çalışırlar".
Bəs qanunvericilik nə deyir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Murad Mirzəzadə deyir ki, bu akt qanunsuzdur və vergidən yayınmaq məqsədi daşıyır:
"İki şəxs arasında kartdan-karta əməliyyatların aparılmasında qanuni baxımından heç bir problem yoxdur. Hər kəs bu hüququndan yararlana bilər. Lakin bir tərəf vergi ödəyicisidirsə və köçürmə sahibkarlıq fəaliyyətindən irəli gəlirsə, bu zaman kartdan-karta əməliyyatından söhbət gedə bilməz".
Min, üç min, altı min manatlıq cərimə...
Vəkilin sözlərinə görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 17-ci maddəsində qeyd edilib ki, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır:
"Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Təbii ki, qanunvericiliyin tələbinə riayət etməyənlər məsuliyyətə cəlb olunurlar. Vergi orqanları tərəfindən bu cür neqativ qarşı mütəmadi olaraq əməliyyatlar həyata keçirilir. Əgər qanunsuzluq aşkar olunarsa, obyektə ilk dəfə olduqda min manat, təqvim ili ərzində ikinci dəfə aşkarlandıqda üç min manat, iki və daha artıq qanun pozuntusu olduqda isə altı min manat cərimə tətbiq edilir. Bu, Vergilər Məcəlləsinin tələbidir". (Kaspi.az)
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












