Prezident yenidən nəqliyyat sektorundan gileyləndi
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə səfər edib. İlham Əliyev sakinlər qarşısında çıxış edib: “Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında, Mərkəzi Rayon Xəstəxanasının təmirdən sonra istifadəyə verilməsində, digər obyektlərin açılışlarında iştirak etmişəm. Bu gün isə kənd yolunun açılışını qeyd edirik. Artıq bir müddətdir ki, əhali bu yoldan istifadə edir. Amma bu gün bu yolun rəsmi açılışı günüdür. Çox gözəl layihədir və şadam ki, nəhayət, bu kənd yolu tikilibdir. Vəsait Prezident tərəfindən 3 il bundan əvvəl ayrılıb. Ancaq əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmayıb və yol keyfiyyətsiz tikilib. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak ediblər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir”.
Dövlət başçısı vurğulayıb ki, kənd yollarının tikintisi Azərbaycanda geniş vüsət alıb: “Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcək. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar.
Kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü olmalıdır. Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər etmişlər. Yəni, ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.
Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar”.
Elməddin