Pulunu ödəyirsən, riskini özün daşıyırsan - Parkinqlərdə sığorta mexanizmi niyə yoxdur?

Bu gün Milli Məclisdə ödənişli parklanma xidmətinin sığorta mexanizmi ilə təmin edilməsi məsələsi səsləndirilib. Qeyd olunub ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Çünki vətəndaş parklanma üçün ödəniş etdiyi halda parklanma yerində avtomobilinə dəyən zərərə görə heç bir təminat almır.
Təklif özlüyündə müəyyən suallar yaradıb. Məsələn, hazırda Azərbaycan qanunvericiliyində parklanma xidmətləri üçün qeyri-müəyyən olan sığorta tələbləri nədən ibarətdir? Dünya ölkələrində bu proses necə nizamlanır?
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisə təklifi səsləndirən deputat Vasif Qafarov Oxu.az-a açıqlamasında hazırda Azərbaycanda parklanma xidmətlərində sığorta və məsuliyyət məsələsinin qanunvericilikdə aydın şəkildə tənzimlənmədiyini bir daha vurğulayıb.

Deputat bildirib ki, ödənişli parklanma zamanı avtomobilə hər hansı dəyən zərərə görə parklanma operatorunun, avtomobil sahibinin və ya sığorta şirkətinin hansı hallarda məsuliyyət daşıdığı konkret göstərilmədiyindən hüquqi qeyri-müəyyənlik yaranır:
"Nəticədə parklanma xidməti yalnız yer təqdim etdiyini əsas gətirir, icbari avtosığorta isə bu halları əhatə etmir və avtomobil sahibi müdafiəsiz qalır. Bu səbəbdən parklanma xidmətinin hüquqi mahiyyəti, məsuliyyət bölgüsü və parklanma zamanı riskləri əhatə edən sığorta mexanizmi qanunvericilikdə açıq və dəqiq şəkildə müəyyən edilməlidir".
Azərbaycan Sığortaçılar Assosiasiyasından isə bildirilib ki, hazırda yerli sığorta bazarında avtomobillərin sırf parklanma halındaykən qarşıya çıxa biləcək risklərə və yaranacaq zərərlərə münasibətdə parkinq xidmətinin (yəni parklanma üçün rəsmi olaraq müəyyən olunmuş yerlər nəzərdə tutulur - red.) mülki məsuliyyət sığortası ilə bağlı ayrıca məhsul mövcud deyil.

"Lakin hazırda tətbiq olunan kasko sığortası növü avtomobillər parklanma vəziyyətində olduğu zamanda da yarana biləcək zərərləri, yəni avtomobilin vurulması, avtomobilin üzərinə yad cisimlərin, ağac və ya işıq dirəklərinin, reklam panellərinin düşməsi, oğurlanması və s. kimi halların yaradacağı zərərlərə təminat verir. Bildiyiniz kimi, kasko sığorta könüllü sığorta növüdür və bu sığorta növü çərçivəsində müxtəlif məhsullar hazırlanıb istehlakçılara təqdim olunur. Lakin parkinq xidmətinin qeyd olunan hallara qarşı mülki məsuliyyət sığortası məhsulu, təbii ki, istehlakçılarda tələb çoxluğu yaranarsa, sığorta şirkətləri tərəfindən düşünülə bilər. Çünki bildiyiniz kimi, sığortada məhsul strategiyası əsasən tələb-təklif faktoruna əsaslanır", - deyə məlumatda bildirilir.
Bəs dünya ölkələrində parklanma xidmətinin sığorta mexanizmi necə tənzimlənir?
Araşdırmamız nəticəsində məlum oldu ki, dünyada ödənişli parklanma xidmətlərinin sığorta mexanizmi vahid model üzrə tənzimlənmir. Bir çox ölkələrdə isə aydın məsuliyyət bölgüsü və dolayısı ilə sığorta təminatı mövcuddur.
Ümumilikdə yanaşmalar dörd əsas model üzrə formalaşır:
Bunun birincisi "Avropa modeli"dir ki, bura məsuliyyət və operator sığortası daxildir.

Məsələn, Almaniya, Fransa, İtaliya, İspaniya kimi ölkələrdə parklanma xidməti sadəcə "yer təqdim etmə" kimi deyil, xidmət müqaviləsi kimi qiymətləndirilir. Bu zaman parklanma operatoru üçüncü şəxslərə və müştəriyə dəyən zərərə görə məsuliyyət daşıyır və mütləq şəkildə mülki məsuliyyət sığortasına (Public Liability Insurance) malik olur.
Sığorta isə parklanma infrastrukturu və ya operatorun səhlənkarlığı səbəbindən dəymiş zərəri, xüsusən qapalı parklanma ərazilərində oğurluq və vandalizm kimi riskləri əhatə edə bilər.
İkinci model "Böyük Britaniya modeli" hesab olunur. Bura açıq xəbərdarlıq və məhdud məsuliyyət öhdəliyi daxildir.

Əsasən Böyük Britaniyada tətbiq olunan bu modeldə yanaşma daha sərtdir. Əgər zərər operatorun səhlənkarlığı nəticəsində meydana gələrsə, bu zaman operator avtomobil sahibi qarşısında məsuliyyət daşıyır. Ən əsası, avtomobil sahibi riskləri əvvəlcədən bilir və alternativ olaraq kasko sığortaya güvənir.
"ABŞ modeli" adlanan üçüncü modelə isə müqavilə və kasko əsaslı yanaşma daxildir.

Yəni, meydana çıxan məsələlər əsasən müqavilə hüququ ilə tənzimlənir. İstər parklanma biletində, istərsə də tətbiqdə məsuliyyətin kimə aid olduğu aydın əks olunur. Parklanma operatoru yalnız infrastrukturdan doğan zərərə görə cavabdehlik daşıyır. Oğurluq və digər zərərləri isə çox vaxt kasko sığortası öz üzərinə götürməli olur.
Nəhayət dördüncü model "Skandinaviya modeli"dir ki, bu, özlüyündə güclü istehlakçı müdafiəsinə əsaslanır.

İsveç, Norveç və Finlandiya ərazisində keçərli olan bu modeldə parklanma xidməti göstərilən ərazidə operator təhlükəsizlik və qoruma öhdəliyi daşıyır. Hər hansı hadisə baş verərsə, ilk növbədə operatorun məsuliyyəti araşdırılır. Bu modeldə "ödəniş etmisənsə, qorunmalısan" prinsipi əsas götürülür.













