Qənirə Paşayeva Mədəniyyət komitəsinin ilk iclasını keçirdi - FOTO

Gündəm 26 Yanvar 2021 19:30 Oxunub 2102
Qənirə Paşayeva Mədəniyyət  komitəsinin ilk iclasını keçirdi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz  sessiyasında  onlayn  formatda ilk  iclası  keçirilib
İclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb. O, Azərbaycan  torpaqlarının 30 ildən sonra  düşmən tapdağından azad olunmasına  görə cənab Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalmış Müzəffər Azərbaycan ordusuna xalqımızın minnətdar olduğunu deyib.
Qənirə  Paşayeva şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə  şəfa  diləyib və tarixi zəfər münasibəti ilə  həmkarlarını bir  daha təbrik edib.
Sonra  Qənirə  Paşayeva   2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını  təqdim edib.  Qeyd  edilib ki, hesabat  dövründə  komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən  vacibi   “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna  edilən dəyişikliklərdir.
Komitə  sədri hesabat  dövründə  komitədə  görülən   işlərlə bağlı geniş məlumat verib, millət  vəkillərinin  ölkə  gündəmində  baş verən  hadisələrə,  işğaldan  azad  olunmuş ərazilərimizdə, vaxtıilə Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş və iştirakı ilə məhv edilmiş mədəniyyət  abidələrimiz,  maddi-mənəvi  irsimiz  barədə həqiqətlərin  dünya  ictimaiyyətinə  çatdırılmasında fəal mövqelərini yüksək  dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə  belə faktlarla bağlı millət  vəkilləri  tərəfindən nüfuzlu beynəlxalq  təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.
Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı  təşkilatlardan və insanlardan alınan  200-ə  qədər məktubun  komitədə  araşdırıldığını, onlardan  bir çoxunun artıq  öz müsbət  həllini tapdığını diqqətə çatdırıb.
Hesabat  məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz  sessiyasının qanunvericilik işləri planı  müzakirə  edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə  “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi və digər  vacib  sənədlər üzərində iş  davam  etdiriləcək.
Qənirə  Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan  azad  edilən Şuşa  şəhərinin Prezident  İlham Əliyev  tərəfindən  Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin  may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif  Poeziya  günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci  ilin  “Nizami ili”  elan  edilməsi  ilə bağlı  mühüm tədbirlər görülür.  Komitə  sədri  bu tədbirlərin, müvafiq layihələrin icrası ilə bağlı Mədəniyyət  komitəsinin üzərinə düşən vəzifələrdən  söhbət  açıb.
Sonra komitənin iş planı təsdiqlənib.
Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.  Bu  sənədin qardaş ölkə ilə ortaq  media  platformasının yaradılması və mətbuat  sahəsində  qarşılıqlı əməkdaşlıq  baxımından çox önəmli olacağı vurğulanıb.
Sonra komitə üzvləri  “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini  birinci oxunuşda müzakirə  ediblər.  Qənirə Paşayeva  bildirib ki, təklif  edilən  dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi  nəzərdə  tutulub.
Komitə  üzvləri   Sabir  Rüstəmxanlı, Nizami Cəfərov,  Fazil Mustafa, Cavanşir Feyziyev,  Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə  edilən məsələlərlə bağlı  fikirlərini  bildirib, kino  və teatr sənətinin,  rəssamlığın inkişafı, yaradıcı insanlara  diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.
Hər  iki sənəd  Milli Məclisin plenar iclasında  müzakirəyə tövsiyə edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh