Qlobal istiləşmə fonunda Xəzərdə suyun səviyyəsi niyə azalır? – Ekoloqdan AÇIQLAMA

İqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə əsas diqqət adətən buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması və ekstremal hava hadisələrinin artmasına yönəlir. Antarktida və Qrenlandiyada hər il yüz milyardlarla ton buzun əriməsi qlobal istiləşmənin real və ölçüləbilən nəticəsi kimi təqdim olunur. Bu fonda isə tam əks proses Xəzər dənizində müşahidə edilir. Dünyanın ən böyük qapalı su hövzəsi sürətlə çəkilir. Bu vəziyyət Xəzərin gələcəyi ilə bağlı narahatlıqları artırır və prosesin müvəqqəti, yoxsa uzunmüddətli tendensiya olduğu sualını aktuallaşdırır. Xəzərin səviyyə dəyişməsi isə təkcə ekoloji deyil, həm də sosial-iqtisadi risklər yaradır və Azərbaycan üçün sahilyanı ərazilərdən balıqçılığa qədər bir sıra sahələrdə ciddi problemlərin yaranmasını ehtiva edir.
Bu ziddiyyətli mənzərə haqlı suallar doğurur. Əgər planet istiləşirsə və okeanların səviyyəsi yüksəlirsə, bəs niyə Xəzərdə suyun səviyyəsi azalır? Xəzərin səviyyə enməsini əsas səbəbi iqlim dəyişikliyidir, yoxsa insan fəaliyyəti?

Məsələ ilə bağlı ekoloq Cəmşid Bəxtiyar Avtosfer.az-a bildirib ki, tədqiqatlar göstərir ki, Xəzərin uzunmüddətli səviyyə azalmasını yarı-yarıya buxarlanma və çay axınının dəyişməsi ilə izah etmək olar:
“Xəzər dənizinin səviyyəsinin enməsi məsələsində əsas səbəb iqlim dəyişiklikləridir. Temperaturun artması nəticəsində dənizin səthi buxarlanır və böyük su itkisi baş verir. Bununla yanaşı, insan fəaliyyəti, yəni antropogen amillər də su balansının dəyişməsində müəyyən rol oynayır. İqlim dəyişiklikləri çayların suyunun azalmasına səbəb olur, çünki çay axınları və yağıntılar Xəzər dənizinin su balansının formalaşmasında əsas amillərdir. Çaylar da birbaşa yağışla əlaqəli olduğundan, iqlim dəyişikliyi nəticəsində yağışların azalması çayların suyunu azaldır və bu da dənizin səviyyəsinə birbaşa təsir göstərir. Statistik məlumatlara görə, 1979-2015-ci illər arasında regionun orta sahə temperaturu təxminən 1 dərəcə artıb və bu, buxarlanmanı artıraraq dənizin səviyyəsinin enməsində mühüm rol oynayıb. Temperatur artımı ilə əlaqəli buxarlanmanın illik səviyyəsi bəzi proqnozlara görə, 100–130 mm qədər arta bilər ki, bu da əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dəyişiklikdir”.
Ekoloq Xəzər dənizinin su balansının dəyişməsində insan amilinin də rolunu açıqlayıb:
“İnsan fəaliyyəti də dənizin su balansına təsirsiz deyil. Məsələn, Volqa çayı vasitəsilə kanallar, suyun sənaye və kənd təsərrüfatı məqsədləri üçün istifadəsi Volqanı Xəzərə gətirən su axınını azaldır və nəticədə dənizin səviyyəsinin enməsinə səbəb olur. Araşdırmalar göstərir ki, Xəzərin səviyyəsi son 3500 il ərzində 15 metrədək dəyişib. Tarixi tendensiyalara baxmayaraq, son dövrlərdə, xüsusən 2005-ci ildən başlayaraq davam edən səviyyə azalması uzunmüddətli və qlobal iqlim dəyişikliyi ilə bağlı proses kimi qiymətləndirilir. İqlim modelləri 21-ci əsrdə dənizin su balansının sabit qalmasını və ya azalmasını proqnozlaşdırır; bəzi modellər səviyyənin bir neçə metr daha aşağı düşə biləcəyini göstərir. Beləliklə, Xəzər dənizinin səviyyəsinin enməsində iqlim dəyişiklikləri əsas rol oynayır, lakin insan fəaliyyəti də bu prosesə təsirsiz deyil. 21-ci əsrdə su balansının azalma tendensiyasının davam edəcəyi ehtimal olunur”.
Cəmşid Bəxtiyarın sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin enməsinin ekosistemə təsiri var. Səviyyə düşdükcə sahil xətti geri çəkilir, bu isə liman və neft infrastrukturunun fəaliyyətində çətinliklər yaradır. Belə vəziyyət yeni liman qoşulmaları və ya dərinləşdirilmə işlərini tələb edə bilər, infrastrukturda müəyyən dəyişikliklər edilməsini zəruri edir.
Nurcan Babək













