Banner

Rusiyanın AZAL təyyarəsi ilə bağlı qərarı utanc gətirən bir biabırçılıqdır - Tofiq Abbasov

Gündəm 26 Dekabr 2025 22:12 Oxunub 114
Rusiyanın AZAL təyyarəsi ilə bağlı qərarı utanc gətirən bir biabırçılıqdır - Tofiq Abbasov
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işinə xitam verilib. 

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirdi ki, bu məsələ ilə bağlı Rusiya tərəfinin əvvəldən demək olar ki, qeyri-sağlam bir münasibəti oldu və bu, heç bir məntiqə sığmır:

“Çünki faktiki olaraq belə hadisələr baş verir, qəzalar olur və ilk növbədə burada insan faktorundan həmişə danışılır. 100 faiz burada insan faktorunun yeri var və nəzərə alsaq ki, təyyarə Rusiya Federasiyasının səmasında qəzaya uğrayıb və bu, kənar müdaxilələr, Rusiya hərbçiləri tərəfindən edilib, ilk növbədə burada, demək olar ki, Rusiya tərəfi bütövlükdə məsuliyyət daşıyırdı və indi də daşıyır. Bu məsələni heç siyasiləşdirməyə də lüzum yox idi. Bunu ICAO deyilən beynəlxalq hava təşkilatının qanunvericiliyi çərçivəsində bütün parametrlərini ölçüb-biçib qərar vermək lazım idi. Xüsusilə də bu 3-4 ölkənin burada marağı var idi”.

Müsahibimiz qeyd etdi ki, təyyarənin istehsalçısı Braziliyadır, təyyarə Azərbaycan hava şirkətinə məxsus idi. 

“Rusiyanın hərbçilərinin bədnam iştirakı ilə, Qazaxıstanın ərazisində baş verdiyinə görə, dörd ölkənin bu məsələyə münasibəti var idi və hətta birgə araşdırmalar da aparıldı. Amma bunun cinayət işinin gedişatına heç bir dəxli yoxdur. Cinayət işi ilə bağlı, əlbəttə ki, Aleksandr Bastrıkinin təşkilatı bəllidir ki, Rusiyanın özündə çox böyük ikrah doğuran təsisatlardan biridir. Çünki orada, demək olar ki, özbaşınalıq, rasizm, diskriminasiya elementləri bu təşkilatın daxilində fontan vurur. Lazımsız işləri onlar bilərəkdən şişirdirlər, amma diqqət tələb edən işlərə, necə ki, bu AZAL-ın təyyarəsinin qəzası ilə bağlı biz bunu gördük, müşahidə etdik, görürsən ki, çalışırlar onun mənasını, aktuallığını və baş verən hadisənin tərkibini minimuma endirsinlər. Ona görə də, bu qətiyyən anlaşılan deyil", - deyə o bildirdi.

Politoloq vurğuladı ki, Azərbaycanın maraqları burada yenə də zərbə alır.

"Bu işi tələm-tələsik, tez bir zamanda arxivə göndərməyin heç bir yeri yoxdur. Çünki ilk növbədə Azərbaycan tərəfinin tələbi bundan ibarət idi ki, günahkarlar birincisi müəyyən edilsin, sonra isə cəzalandırılsınlar. Mənə elə gəlir ki, burada artıq yenə də siyasi motivlər işə düşüb və Rusiya çalışır Azərbaycan maraqlarını yenə də kölgəyə salsın, özünün üstünlüyünü göstərsin. Amma əslində burada üstünlük yox, mən deyərdim ki, utanc gətirən bir biabırçılıq yer alır. Çünki bu məsələdə insanlar həlak olub, o cümlədən Rusiya Federasiyasının öz vətəndaşları həlak olub və onların yaxınları, ailə üzvləri haqlı tələblərlə artıq Rusiya hakimiyyətinə müraciət ediblər. Kompensasiyalar ödənilməlidir, sonra isə günahkarlar bəlli olmalıdır ki, gələcəkdə belə şeylər olmasın, belə qəzalar təkrarlanmasın.

Digər tərəfdən, bu özü elə qayda pozuntusu deməkdir. Bəzi hallarda bəzi qüvvələr, bəzi dövlətlər çalışırlar ümumi qaydaları pozsunlar, öz qaydaları ilə hərəkət etsinlər, yeni normalar təsis etsinlər. Bu isə heç də xoşagələn hadisə deyil, çünki ilk növbədə hərc-mərcliyə yol açır, digər tərəfdən günahkarlara bəraət qazandırır, onları hardasa təhlükəsizlik və qorunma çətiri altına alır. Və belə olduqda, əlbəttə ki, sonradan hüquqi boşluqlar yaranır və bir çox biabırçılıqlar, bir çox qayda pozuntuları da yer almağa başlayır. Bu, heç yaxşı iş deyil. Hesab edirəm ki, Azərbaycan tərəfi yəqin ki, bu məsələyə öz münasibətini bildirməlidir və bildirəcək də. Və gərək Rusiya tərəfi də bu proseslərdə özünü sağlam bir qüvvə kimi nümayiş etdirsin, qərəzli, nifrət dolu bir tərəf kimi yox", - deyə Tofiq Abbasov yekunlaşdırdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh