Banner

“Şəhərsalma və Memarlıq ili” şəhərlərin inkişafında yeni perspektivlər açır – Nələr dəyişəcək?

Gündəm 23 Dekabr 2025 16:30 Oxunub 254
“Şəhərsalma və Memarlıq ili” şəhərlərin inkişafında yeni perspektivlər açır – Nələr dəyişəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər şəhərlərin sürətlə böyüməsi, urbanizasiyanın artması və tarixi-mədəni irsin qorunması məsələləri gündəmdədir. Bu tendensiyalar şəhərsalma və memarlıq problemlərinin təkcə estetik deyil, həm də sosial və iqtisadi aspektlərini ön plana çıxarıb. 

Bu istiqamətdə geniş imkanları ortaya qoymaq və inkişa nail olmaq üçün Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

İlin “Şəhərsalma və Memarlıq İli” elan olunması həm dövlət qurumlarının, həm də cəmiyyətin diqqətini bu sahəyə cəmləmək məqsədini daşıyır. Eyni zamanda, bu təşəbbüs şəhər sakinlərinin həyat keyfiyyətinin artırılması, şəhər mühitinin daha təhlükəsiz, rahat və estetik baxımdan cəlbedici hala gətirilməsi məqsədini güdür. 
2026-cı il şəhərsalma və memarlıq sahəsində həm dövlət, həm də cəmiyyət səviyyəsində birgə fəaliyyətin, planlaşdırılmış inkişafın və estetik keyfiyyətin ön plana çıxması ili olacaq.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Avtosfer.az-a bildirib ki, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətçilik fəlsəfəsinin, tarixi yaddaşın və gələcəyə yönəlik ideoloji xəttin məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu qərar bir tərəfdən müasir Azərbaycan dövlətinin formalaşma mərhələlərində şəhərsalma və memarlığın oynadığı rolu ön plana çıxarır, digər tərəfdən isə milli kimliyin maddi daşıyıcısı olan məkan anlayışına strateji münasibəti ifadə edir: “Tarixən Azərbaycan şəhərləri yalnız iqtisadi və inzibati mərkəzlər olmayıb, eyni zamanda mədəniyyətin, elmin, sənətkarlığın və ictimai düşüncənin formalaşdığı məkanlar kimi çıxış edib. Qədim şəhərsalma ənənələri Şirvanşahlar dövründən tutmuş xanlıqlar mərhələsinədək, daha sonra isə neftlə bağlı urbanizasiya proseslərinə qədər ardıcıl inkişaf edib. Sovet dövründə ideoloji çərçivələrlə məhdudlaşdırılsa da, memarlıq şəhər həyatının əsas vizual və funksional dayaqlarından biri olaraq qalmaqda davam edib. Müstəqillik dövründə isə şəhərsalma artıq suveren dövlətin ideoloji baxışını, prioritetlərini və modernləşmə ambisiyalarını əks etdirən əsas alətlərdən birinə çevrilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu tarixi ardıcıllığın şüurlu şəkildə dərk edilməsi deməkdir. Bu, keçmişin təsadüfi yadigarı kimi yox, sistemli irs kimi qəbul edilməsinin ideoloji ifadəsidir. Dövlət bu addımla açıq şəkildə bəyan edir ki, memarlıq yalnız estetik kateqoriya deyil, milli yaddaşın, siyasi iradənin və ictimai özünüdərkin maddi formasıdır. Şəhərlərin planlaşdırılması, məkanın təşkili və ictimai mühitin qurulması cəmiyyətin dünyagörüşünü formalaşdıran ideoloji faktorlardandır”.

Deputat işğal edilmiş ərazilərdə yenidənqurma proseslərinə də toxunub: “Qərarın ideoloji yükü xüsusilə postmünaqişə dövrünün reallıqları fonunda daha aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesləri şəhərsalma və memarlığın dövlət siyasətində hansı strateji yer tutduğunu nümayiş etdirdi. Bu ərazilərdə qurulan yeni şəhərlər, kəndlər və ictimai məkanlar yalnız infrastruktur layihələri deyil, suverenliyin vizual təsdiqi, dövlət iradəsinin maddiləşmiş formasıdır. 2026-cı ilin bu kontekstdə elan edilməsi həmin təcrübənin ümumrespublika miqyasında ideoloji çərçivəyə salınması anlamına gəlir. Bu qərar keçmiş, bu gün və gələcək arasında körpü rolunu oynayır. Tarixi şəhər mühitinin qorunması ilə müasir urbanistik yanaşmaların uzlaşdırılması, milli memarlıq üslubunun qloballaşma fonunda itirilməməsi və müasir texnologiyalarla sintez edilməsi ideoloji baxımdan davamlılıq prinsipini ön plana çıxarır. Dövlət bu yanaşma ilə modernləşməni imitasiya deyil, identiklik əsasında inkişaf kimi təqdim edir. Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi təcrübənin ideoloji ümumiləşdirilməsi və gələcək inkişafın konseptual çərçivəsinin müəyyənləşdirilməsi kimi dəyərləndirilməlidir. Bu qərar şəhərlərə baxışı dəyişir, memarlığı texniki sahədən çıxarıb ideoloji və mədəni məsuliyyət müstəvisinə yüksəldir və Azərbaycanın öz keçmişinə söykənərək gələcəyini inşa etdiyini bir daha təsdiqləyir”.

Tarixçi alim Boran Əziz isə atılan bu addımı çox yüksək qiymətləndirib: “2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çox doğru və düzgün addımdır. Çünki tarixi abidələr xalqın milli-mənəvi dəyərlərinin və qan yaddaşının qorunmasının vacib hissəsini təşkil edir. Bu memarlıq abidələri həmçinin xalqın yaşam prinsipini, onun hansı fikir və düşüncələrlə yaşadığını göstərir. Bir sıra tarixi abidələr var ki, onlar yazıya qədərki tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıyır. Eyni zamanda, sonrakı dövrlərə aid, xüsusilə 3-cü minilliyə qədər olan tarixi abidələr xalqın yaranması, inkişafı və təkamül tarixini öyrənməyə imkan verir. Məhz bunların öyrənilməsi sayəsində dünyanın ən qədim insan yaşayış yerlərindən biri və mədəniyyət mərkəzlərindən birinin Azərbaycan olduğu sübuta yetirilib. Bu baxımdan, tarixi abidələrin qorunması olduqca əhəmiyyətlidir və təsadüfi deyil ki, dövlət bu sahəyə xüsusi diqqət yetirir. Dağıntı təhlükəsi qarşısında olan abidələrin bərpası çox vacibdir və bu zaman tarixi prosesə diqqətlə yanaşmaq lazımdır. Bunların bərpası ilə yanaşı, abidələrin qorunması da önəmli məsələdir və burada dövlətlə bərabər yerli əhalinin iştirakı təmin edilməlidir. Tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün bu əməkdaşlıq xüsusi diqqət tələb edir”.

Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh