“Sıxlığın qarşısını almaq üçün komendant saatının vaxtını uzatmalı, metronu açmalıyıq...”
Gündəm 26 Noyabr 2020 21:36 Oxunub 3150
“Sıxlığın qarşısını almaq üçün komendant saatının vaxtını uzatmalı, metronu açmalıyıq...”

“Hər bir halda komendant saatıyla bağlı qərar dövlət səviyyəsində təhlükəsizlik məqsədilə qəbul edilib və görünür buna hələ də zərurət var. Amma hər bir halda komendant saatının vaxtını 23:00-dək uzatmaq olar”

Bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert pandemiyanın yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda alternativ addımların atılmasının vacibliyini  vurğulayıb:

“Komendant saatın ləğv edilməsi məsələsi hökumət səviyyəsində həll edilməlidir. Yəni Nazirlər Kabinetinin bununla bağlı hər hansı bir qərarı olmalıdır. Amma mənə elə gəlir ki, komendant saatı ləğv edildikdən sonra müəyyən qədər yüngülləşmə baş verə bilər. Yəni saat 24:00-ə qədər ictimia nəqliyyat işləsə, vəziyyət bir az normallaşa bilər. Çünki pik saatlar təxminən saat 18-19 arası başlayır. Əvvəllər bu saatlarda problem çox olmurdu, amma indi bir az fərqlidir. Çünki insanlar 21:00-dək çalışır ki, evinə çatsın və avtobuslar yüklənir. Ona görə komendant saatının ləğv etsələr və ya vaxtının uzatsalar, müsbət nəticə əldə etmək olar. Şəxsən mən özüm komendant saatının ilk günlərində müşahidə aparırdım və görürdüm ki, saat 21:00-dək vaxt qoyulsa da, təxminən 21:30 -a qədər insanların seyrəlməsi başlayır və  22:00-da artıq heç kimə rast gəlinmir. Bununla yanaşı, metronun işləməməsi də vəziyyəti daha da ağırlaşdırır. Hər bir halda komendant saatıyla bağlı qərar dövlət səviyyəsində təhlükəsizlik məqsədilə qəbul edilib və görünür buna hələ də zərurət var. Amma hər bir halda komendant saatının vaxtını 23:00-dək uzatmaq olar. Belə olarsa, mənə elə gilirki yüklənmə o qədər də olmaz. 

Düşünürəm ki, metronun fəaliyyətini də hansısa bir formada bərpa etmək olar. Çünki avtobusta qucaq-qucağa gedən insanlar, metroda heç olmasa yan-yana durub gedə bilərlər. Hər bir halda pik nöqtəsi və stansiyalar ciddi nəzarət altında saxlanıla bilər. Məsələn, stansiyada dayanan polis əməkdaşı radioqəbuledici vasitəsilə girişdə dayanan əməkdaşlara məlumat verə bilər ki, stansiyada sıxlıq var və sərnişinləri bir müddət içəri buraxmayın. Seyrəlmə olduqdan sonra vətəndaşları metroya buraxmaq olar. Bu da avtobusların yükünü azalda bilər. Hər bir halda biz internet, kommunikasiya dövründə yaşayırıq və müəyyən qədər bu işlərə nəzarət etmək mümkün ola bilər. Çünki dünya səviyyəsində də etiraf olunur ki, 2021-ci ilin mart ayına qədər koronavirus davam edəcək. Mənə elə gəlir ki, bu neçə ayı bu vasitələrdən istifadə edərək insanların rahatlığını təmin etmək üçün belə bir addım atmaq mümkündür. İndi ictimai nəqliyyat tək bir növü olan avtobus qalıb, onun bir qismini taksilər ödəsə də, təəssüf ki, pik saatlarda taksilər də bundan sui-istifadə edərək qiyməti qaldırırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh