Banner

Şuranın I rübdəki fəaliyyəti geniş müzakirə edilib - FOTOLAR

Gündəm 25 Aprel 2014 00:00 Oxunub 1925
Şuranın I rübdəki fəaliyyəti geniş müzakirə edilib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında rüblük fəaliyyətin yekunları ilə bağlı Katibliyin toplantısı keçirildi. Görülən işlər haqqında hesabat məruzələri dinlənildi və Şuranın cari ildə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti bütün istiqamətlər üzrə geniş təhlil edildi.

Toplantını Şura sədri Azay Quliyev açaraq fəaliyyətin rüblük yekunlarının müzakirəsinin vacibliyini bildirdi. Layihələrin idarə edilməsi, monitorinq və hesabatların vəziyyətilə bağlı Katibliyin böyük məsləhətçisi Fərid Rüstəmov, mühasibatlıq və maliyyə vəsaitlərinin köçürülməsilə bağlı aparıcı məsləhətçi Emin Məmmədov, xarici ölkə QHT-ləri layihələrinin maliyyələşdirilməsi haqqında baş məsləhətçi Mustafa Qurbanlı, Şuranın informasiya siyasətinin qurulması və tənzimlənməsilə bağlı www.qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, həyata keçirilən layihələrin təbliği ilə bağlı “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, QHT layihələri çərçivəsində çap edilən nəşrlərin poliqrafik vəziyyəti haqqında “QHT Nəşriyyatı” MMC-nin direktoru Rafiq Hüseynli məruzələrlə çıxış etdilər. Məruzələrlə bağlı fikir və təkliflərini bildirən Şura sədri Azay Quliyev yerinə yetirilən layihələrin cəmiyyət üçün aktuallığını qeyd edərək QHT-lərə hər cür yardım edilməsilə bərabər onlara qarşı Katiblik əməkdaşları tərəfindən  tələbkarlığın yüksəldilməsinin vacibliyini bildirdi. Vurğulandı ki, QHT-lərin banklardan ayrılmış qrant vəsaitlərini götürməsilə bağlı yaranmış problem Şura və Mərkəzi Bank arasında aparılan danışıqlar vasitəsilə həll edildi. Layihə idarəçiliyində effektivliyin artırılması məqsədilə Şuranın maliyyələşdirdiyi hər bir istiqamət üzrə QHT təmsilçiləri üçün maarifləndirdmə sessiyaları təşkil olundu, yeni metodik tövsiyələr hazırlanaraq QHT-lərə paylandı. Layihələrinin icrasının monitorinqinin təşkilində qarşıya çıxan problemlərin həlli, o cümlədən Katiblik əməkdaşları ilə QHT-lər arasında kommunikativ əlaqələrin konkret iş günləri qrafiklərinə uyğun qurulması və hesabatların qəbulu üçün müddət çərçivələrinin təyin edilməsilə bağlı Şura sədri A.Quliyev Katibliyin rəhbərliyinə konkret tapşırıqlar verdi. A.Quliyev Maliyyə Nazirliyinə vaxtında illik maliyyə hesabatı təqdim etməyən 1695 QHT arasında Şuradan qrant alanların olub-olmadığı haqda arayışın hazırlanması, eləcə də hesabat verməyən digər QHT-lərə texniki yardım edilməsilə bağlı göstərişlər verdi.

Şura tərəfindən xarici ölkə QHT-lərinin layihələrinin maliyyələşdirilməsi üzrə müvafiq əməkdaşların hesabatlarını dinləyən sədr A.Quliyev vəsaitlərin QHT hesablarına köçürülməsi, həyata keçirilmiş tədbirlər haqqında hesabatların alınması və yoxlanılmasında yaranan çətinliklərin aradan qaldırılmasına yönəlik tapşırıqlar verdi. Qeyd edildi ki, Şuranın dəstəyilə 12 xarici ölkədə həyata keçirilən 29 layihə üçün maliyyə vəsaitləri köçürülmüş, 2 layihə artıq yekunlaşmışdır.  Tədbirdə daxili kargüzarlığa aid elektron proqramın Katiblik əməkdaşları tərəfindən daha yaxşı mənimsənilməsi üçün əlavə təlimlərin keçirilməsinə ehtiyacın olduğu bildirildi. Toplantıda Şuranın informasiya siyasətinin günün tələblərinə uyğun şəkildə tənzimlənməsinin vacibliyini vurğulayan sədr A.Quliyev Şuranın www.qhtxeber.az informasiya portalı, “Vətəndaş cəmiyyəti” jurnalı və “QHT Nəşriyyatı” MMC-nin fəaliyyətilə bağlı hesabatlara aid də tövsiyə və tapşırıqlarını verdi. Qeyd edildi ki, informasiya yayımının operativliyini və yüksək keyfiyyətini təmin etmək üçün bu qurumlara hər cür şərait yaradılmışdır. Ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə həyata keçirilən bütün layihələrə informasiya dəstəyinin təmin olunması haqda fikir mübadiləsi aparıldı. Şura sədri QHT layihələri çərçivəsində nəşr edilmiş buklet və bülletenlərin tərtibat və poliqrafik keyfiyyətindən narazılığını ifadə edərək bu məsələlərin nizama salınması üçün müvafiq şəxslərdən ibarət xüsusi redaksiya komissiyasının yaradılmasını zəruri saydı. Sədr A.Quliyev Şuranın qarşısında duran mühüm dövlət əhəmiyyətli vəzifələrin layiqincə yerinə yetirilməsinin Katiblikdə çalışan hər bir əməkdaşdan da asılı olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

                                     Toplantıda aşağıdakı qərarlar qəbul edildi:

  1. Maliyyə Nazirliyinə hesabat təqdim etməyən QHT-lərə bu hesabatın hazırlanması ilə bağlı Şuranın təlimlərinin sayını artırmaq.
  2. Hazırlanmış metodik tövsiyələrin siyahısını tərtib etmək və onların çapını reallaşdırmaq.
  3. QHT-lərlə kommunikasiya problemi ilə əlaqədar bildirişlər hazırlamaq və layihə yerinə yetirən təşkilatlara bu barədə ciddi xəbərdarlıq etmək.
  4. Şuranın 2-ci maliyyə yardımı müsabiqəsinə ərizə təqdim edən QHT-lərin Maliyyə Nazirliyinə müvafiq hesabat verməsi məsələsini araşdırmaq və bu barədə Şuraya arayış hazırlamaq.
  5. Elektron hesabatların Şuranın serverinə yalnız iş günlərində və iş saatlarında təqdim edilməsilə bağlı elan hazırlamaq və bunu QHT-lərin diqqətinə çatdırmaq.
  6. Hazırlanmış metodik vəsaitlərin elektron variantının Şuranın internet səhifəsinə yerləşdirmək.
  7. Şuranın maliyyə yardımı üçün müraciət ərizəsinə Maliyyə Nazirliyinə hesabatın təqdim edilməsi barədə arayışın əlavə edilməsi.
  8. QHT-KİV münasibətlərinə aid olan layihə rəhbərlərinin təlimlərə ekspert qismində cəlb edilməsi.
  9. Şuranın maliyyə yardımı ilə çap olunan nəşrlər üçün standartların hazırlanması.
  10. Şuranın maliyyə yardımı ilə çap olunan nəşrlərlə bağlı redaksiya komissiyanın yaradılması.
  11. Şuranın maliyyə yardımı ilə layihə həyata keçirən QHT layihələrinin nəticələrinin qiymətləndirilməsi üçün indekslərin hazırlanması.
  12. Şura Katibliyinin əməkdaşlarının keçirdiyi monitorinqin video çəkilişlərinin aparılması.
  13. Katiblik əməkdaşları üçün əlavə təlim və görülən işlərin təkmilləşdirilməsinə dair  səyyar müzakirənin təşkili.
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh