Taksi şirkətindən XƏBƏRDARLIQ: Tətbiqdə göstərilən avtomobil gəlməzsə...

Son zamanlar taksilərdən istifadə edənlər arasında şikayətlərin sayı artıb. Kimi kondisionerin işlməməsindən, kimi qiymətlərdən, kimi sürücü kobudluğundan narazıdır.
Avtosfer.az xəbər verir ki, bunlardan biri də taksi sifariş edərkən tətbiqdə göstərilən məlumatlara uyğun olmayan avtomobilin, sürücünün gəlməsidir.
Şirkətlər bunu nə ilə əsaslandırır? Belə hal baş verdikdə sərnişin nə etməlidir?
“Bolt”un mətbuat xidmətindən bildirilib ki, şirkət müştərilərə hadisələri qeyd etməyə imkan verən tətbiq vasitəsilə müştəri dəstəyinə müraciət etməyi tövsiyə edir və bunun vasitəsilə onun səfəri müəyyən edilə bilir.
Qeyd olunub ki, Azərbaycanda “Bolt” müştəri dəstəyi ilə paylaşılan hər bir şikayət araşdırılır və şərtlər və qaydalar üzrə müvafiq tədbirlər görülür.
Şirkət tərəfindən sərnişinlərə xəbərdarlıq edilib ki, sürücü, avtomobil markası, modeli, rəngi və nömrə nişanı “Bolt” tətbiqində sifariş verildiyi zaman göstərilən məlumatlarla uyğun gəlmədikdə sərnişinlər heç bir nəqliyyat vasitəsinə minməməlidirlər:
“Bolt tətbiqində qeydiyyatdan keçmiş nəqliyyat vasitələrindən fərqli nəqliyyat vasitələrini idarə edən sürücülərə qarşı sürətli tədbirlər görürük”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirib ki, bu, sərnişin üçün elə də prinsipial bir məsələ deyil.
Onun sözlərinə görə, əsas məqsəd sərnişin daşımanın təhlükəsiz və keyfiyyətli olmasıdır.
“Amma hazırda bu, taksi fəaliyyəti ilə bağlı qəbul olunmuş qaydalara zidd addımdır”.
Taksi xidmətindən istifadə edən sərnişinlərin bu və digər şikayətləri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də məlumat yayıb. Belə ki, Agentlik sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələrini xahiş edir.
Qeyd olunub ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və digər hadisələr haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanuvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.
(bakivaxti.az)
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










