"Tarif dəyişikliyi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək"

Gündəm 1 İyul 2024 19:48 Oxunub 246
"Tarif dəyişikliyi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gündən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında və metro nəqliyyatında gediş haqqı bir nəfər üçün 40 qəpikdən 50 qəpiyə artırılıb.

Tariflərin dəyişdirilməsini “Report”a şərh edən VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bu qərarın göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olacağını deyib.

Onun sözlərinə görə, tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir:

“Yeni qiymətlərdən sonra daşıyıcı şirkətlərin xərcləri azalacaq və müəyyən qədər stimullar yaranacaq. Bununla yanaşı, hökumətin dotasiya təklifini nəzərdən keçirməsi də nəzərdə tutulub. Xüsusilə də bu qərarın əhalinin həssas sosial təbəqəsinə təsirlərinin azaldılması üçün müxtəlif səmərəlilik mexanizmləri üzrə yeni təkliflər də nəzərdə tutulub. Tarif artımı variantları nəzərdən keçirilərkən dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülübdür. Sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılması qərara alınıb”.

Fransa insan haqlarından danışmasa yaxşıdır - Aydın Hüseynov - "İki sahil"

A.Hüseynli hesab edir ki, Tarif Şurası bu sahədə qiymət tənzimlənməsinin qaçılmaz olduğunu nəzərə alaraq tariflərə dəyişiklik edib:

“Son illərdə dünya bazarlarında bir çox mal və xidmətlərin, o cümlədən sənaye malları və avadanlıqların, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin artırılması baş verməkdədir. Bu proses Azərbaycanın nəqliyyat sektoruna da öz təsirlərini göstərməkdədir. Daşıyıcı şirkətlərin bu səbəbdən xərcləri son 2 ildə artıb, onların göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirləri öz cari xərclərini ödəmirdi. Faktiki olaraq daşıyışı şirkətlər bir neçə ildir ki, ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sayəsində zərərlə işləyirdi, sərnişindaşımada maya dəyərinə ciddi təsirlər daşıyıcı şirkətlərin maliyyə vəziyyətini pisləşdirmişdi, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi üçün dayanıqlı resurslar yox idi. Yəni, tarif tənzimlənməsinə zərurət yarandı”,- deyə o qeyd edib.

Xatırladaq ki, cari il ərzində yalnız Bakı şəhərində 200-dən çox avtobus istismara verilib, il ərzində 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi də planlaşdırılır. Daha sürətli daşınmanı təmin etmək məqsədilə paytaxtın 21 küçə və prospektdə uzunluğu 65 kilometr olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək. Paralel olaraq metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh