Təhlükəni qulaqlıqla “qulaq ardına” vuranlar – ekspertdən TƏKLİFLƏR

Gündəm 13 İyun 2024 12:39 Oxunub 4448
Təhlükəni qulaqlıqla “qulaq ardına”  vuranlar – ekspertdən TƏKLİFLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət yol polisi tərəfindən açıqlanana qəzaların statistikasına nəzər saldıqda piyadavurmaların sayının ümumi qəzaların 50 faizdən çox təşkil etdiyini görürük. Təbii ki, burda müxtəlif səbəblər var. Piyadaların təyin olunmamış yerdən keçməsi, eyni zamanda qulaqlıqdan istifadə edərək ətrafdakı səsləri eşitməməsi ciddi problemdir.

Avtosfer.az-a açıqlama verən məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, piyadaların yollarda təhlükəli hərəkətləri barədə artıq bütün qurumlar tərəfindən xəbərdarlıq olunub: “Bu yaxınlarda dəmiryol keçidlərində daha təhlükəli vəziyyət yarandığı üçün Nazirlər Kabineti bununla bağlı qərar təsdiqləyib. Həmin qərarda konkret qeyd olunur ki, piyadalar dəmiryolu keçidlərinə keçərkən qulaqlıqlardan istifadə etməməli, dəmiryolu xətlərinin üzərində oturmamalıdır. Amma yenə də bu hadisələr baş verir. Rəsmi açıqlanan statistik rəqəmlərə görə, ötən il təxminən 10-dan çox piyada  dəmiryolu keçidində Qatar tərəfindən vurulub. Sözsüz ki, burada qatar hansısa bir yoldan çıxıb piyadanı vurmur, əksinə piyada qatarın yoluna girib və diqqətsizlik edir. Qatara daha yaxın olmağa çalışanlar, yaxından çəkiliş etməyə çalışanları qatar vurur. Daha bir problem piyadanın qatar yoluna düşüb yeriməsidir. Qatar yaxınlaşanda maşinst onu son anda görür və qatarı dayandıra bilmir”.

Ekspert qeyd edib ki, qatar avtomobil kimi dərhal tormoz verib dayansın: “Avtomobil yollarında da eyni hallar müşahidə olunur. Biz bunu təxminən 10 il əvvələ aid konkret görüntülər əsasında müəyyənləşdiririk. Hətta mənim üçün ən dəhşətli faktlardan biri Dövlət Təhlükəsizlik Xidmətinin binasının yanında bir neçə il əvvəl “Aztv”-nin əməkdaşının avtomobillə vurulması oldu. Həmin əməkdaş yolu keçərkən diqqətsizlik etmişdi. Qulaqlıqla qəflətən yola çıxaraq qəzaya səbəb olmuşdu. Hətta onun qulaqlığı avtomobilin alın şüşəsində ilişib qalmışdı. Yəni, bu çox dəhşətli bir fakt idi və səbəb birbaşa piyadanın diqqətsizliyi idi. Artıq təkərli ayaqqabılardan istifadə edən gənclər, skuterlə yola çıxan insanlar qulaqlıqdan istifadə edərək musiqiyə qulaq asırlar. Nəticədə yoldan özlərini təcrid edirlər ki, ağır qəzalar baş verir”.

Elməddin Muradlı hesab edir ki, maarifləndirmə işlərinə çox böyük ehtiyac var: “Ümumiyyətlə, bu istiqamətdə cərimə sanksiyalarının tətbiqinə də ehtiyac var. Çünki bəzən şüurlu insanlar sözlə nəyisə eşitmək, qəbul etmək və ona əməl etmək istəmirlər. Amma biləndə ki, bunun cəriməsi də var, o zaman müəyyən qədər çəkinmələr baş verir. İnsanlar öz məsuliyyətini dərk etməlidirlər. Amma bir şeyi də qeyd edim ki, bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir. Qulaqlıqla yol keçən, yola qaçan insanların sayı çoxdur. Amma bir şüurlu insanın nədən öz məsuliyyətini dərk edərək niyə başa düşməsin ki, bu onun üçün təhlükəlidir?”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh