Reklam

Tıxacı yaradan səbəb: Bakıda 60 metrostansiya əvəzinə 28-i var

Gündəm 21 Noyabr 2024 14:06 Oxunub 116
Tıxacı yaradan səbəb:  Bakıda 60 metrostansiya əvəzinə 28-i var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır". 

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib. Onun sözlərinə görə, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb: 

“Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40 % azaltmaq istəyirik. 

Həmçinin əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik”. O bildirib ki, bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir: 

"Layihə qrupu rəqəmsal məlumatlara əsaslanan qərar qəbuletmə prosesini təkmilləşdirən Bakı şəhərinin rəqəmsal əkizini hazırlayıb". 

Qeyd edək ki, Bakının bu gün əsas problemlərindən biri məhz tıxac problemidir ki, bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilsə də hələ müsbət nəticə yoxdur. Bəzi mütəxəssislər bu istiqamətdə ictimai nəqliyyatın fəaliyyyətinin artırılmasını təklif edir. Eləcə də problem kimi metrostansiyaların sayının çox az olması göstərilir. Paytaxtda 90 faiz avtobuslara çıxış olması daha da tıxaca səbəb olmayacaqmı və yeni metrostasiyaların tikintisinin şahidi olacağıqmı? 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışının təmini tıxacla mübarizənin bir simvoludur.

"Tıxac daha çox avtomobilin olduğu yerdə yaranır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin planlarını izləyirik. Ancaq başlıca şərt ictimai nəqliyyatı təşkil etməkdir. İctimai nəqliyyat dedikdə, yalnız avtobus deyil, metro, tramvay, ümumiyyətlə, bu şəbəkənin qurulması nəzərdə tutulur. Bunlar olandan sonra sərnişin metro ilə gedəcəyi yerə niyə taksi ilə getsin? Bunu təmin etmək mümkündürsə, deyilənlər baş tutacaq. Bütün dünyada bu tendensiya müşahidə edilir. Çünki əvvəllər dünyanın yanaşması fərqli idi. Atılan son addımlar da göstərdi ki, səhv olub. Ancaq yol, tunel, körpü tikilir,  avtomobil üçün şərait yaradılır, birdən ayılıb görürük ki, hər şey avtomobil üçündür. Mikromobillik imkanları yaradılmayıb”. 

Ekspert deyib ki, indi bu yalnışı aradan qaldırmaq üçün dünyanın bir çox ölkəsində fərqli layihələr, planlar  hazırlanır: 

“Onların da başında mikromobillik elementləri dayanır. Azərbaycan da dünyanın bir parçasıdır. Xüsusilə də ətraf mühitin qorunması ilə bağlı dünyaya səslənən, mesaj verən COP29 kimi bir tədbirə ev sahibliyi edən ölkədir. Təbii ki, bizim ölkənin qarşısında bu hədəflər var. Ancaq bu hədəflərə necə, hansı formada nail olunacaq, ümumiyyətlə, nail ola biləcəyikmi kimi suallar düşündürücüdür. Bəzən bunlar narahatlıq da yaradır. Çünki keçmişdə olan bəzi qüsurları aradan qaldıra bilmirik. 

Yolları zəbt ediblər, yolu bağladıqda qarışıqlıq düşür. İnsanların psixoloji vəziyyəti bir anda avtomobildən imtinaya hazır deyil. İctimai nəqliyyat dedikdə, ağlımıza yalnız avtobus gəlməməlidir. İctimai nəqliyyatın hər bir növü vətəndaş üçün əlçatan olmalıdır. Ancaq  o zaman layihələrdən yaxşı nəticələr gözləyə bilərik. Hələ də gecikməmişik. İmkanlar var, yollar tükənməyib. Ancaq mövzuya planlı şəkildə yanaşılsa, əminəm ki, yaxşı nəticə olacaq". 

Ekspertin sözlərinə görə, əsas amillərdən biri metro şəbəkəsinin inkişaf etdirilməsidir: "Yəni, yerüstü şəraiti qurmaq, yaratmaq bir qədər çətindir. 

Metro da çətindir, ancaq faydalılıq əmsalına görə təhlükəsizdir, daha tez mənzil başına çatmaqda digər ictimai nəqliyyat növlərini üstələyir. Bakı şəhərinin təhlilini aparanda görürük ki, paytaxta bu gün 60-a yaxın metrostansiyası lazımdır. Hazırda Bakıda 28 metrostansiyası var. Bu, bizə keçmiş sovetlərdən qalma pis bir miras olub. Məqsədli şəkildə sovetlər Birliyinin rəhbərliyi ərazisi Bakı şəhərindən dəfələrlə kiçik olan İrəvanı, Tbilisini daha çox metro ilə bəzəyib, Bakıda isə daha az sayda metrostansiya yaradılıb. 

O vaxt onların düşüncəsi bu idi ki, sovet azərbaycanlısı vaxtında işə gedib-gəlsin, çoxlu neft çıxartsın, sovetlər də bundan pul qazansın. Yəni, onların marağı, düşüncəsi bundan ibarət olub. Ona görə də şəhərsalmada plansız iş görüblər. Yoxsa yaxşı nəticələr əldə etmək olardı. Azərbaycanda müstəqillik illərində də metro tikintisi çox zəif gedib. Daha sonra metroda yeyinti və s. baş verdi. Ona görə də bu gün metro inkişaf edə bilmir. Gələn il yenə metro üçün dotasiya nəzərdə tutulub. Bakı Metropoliteni ömrü boyu dövlət tərəfindən verilən dotasiyalarla yaşayır. Başqa cür heç bir gəlir əldə edə bilmir. Keçmiş rəhbərliyin dövründə yaxşı gəlir var idi. 

Satırdılar, yeyirdilər, dağıdırdılar. İndi də elə bir dövr gəlib ki, iş görmək lazımdır və məlum olur ki, heç bir iş görə bilmirlər. Stansiyaların tikintisi çox zəif gedir. Məndə olan məlumata görə, bir stansiya tikilirdi, onun da tikintisini nədənsə yarımçıq saxlayıblar. Səbəbi mənə də məlum deyil. 2040-cı ilədək Bakının Baş Planında nəzərdə tutanlar əldə olunsa, 47 stansiya olmalıdır. Başqa problemlər olmasa, yeyintiyə yol verməsələr, işi qrafiklə düzgün görsələr,  2040-cı ilə qədər Bakının Baş Planında nəzərdə tutulan işlər görülməlidir. O zaman Bakı şəhərində hərəkət tamam fərqli olacaq. İndi çox çətindir. Çünki gecə yatıb, səhər durub metro stansiyalarının sayının artdığını görməyəcəyik. Təcrübə göstərir ki, bir metro tikintisini 3-5 ilə başa gəlir”. 

(cebhe.info)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh