“Uçan maşın” qəzasında zərər görən avtomobillərə görə ziyanı KİM ÖDƏYƏCƏK?

Gündəm 11 Aprel 2025 22:03 Oxunub 754
“Uçan maşın” qəzasında zərər görən avtomobillərə görə ziyanı KİM ÖDƏYƏCƏK?
WhatsApp kanal|

Dünən Bakıda baş verən avtomobil qəzası böyük rezonans doğurdu. Yüksək sürətlə hərəkət edən BYD markalı taksi xidməti göstərən avtomobil idarəetməni itirərək, yolun səki hissəsinə çırpılaraq, maneəni dağıdıb, tuneldə hərəkət edən avtomobillərin üzərinə düşüb və qarşı divara çırpıldı. Tam film kimi bir hadisə idi… Xoşbəxt təsadüf nəticəsində ölüm halı olmadı. Əgər tuneldə tıxac yaxud sıxlıq olsaydı, dəhşətli faciə qaçılmaz olacaqdı. Bu kimi qəza hadisələrində ortaya çıxan suallardan biri də sığorta şirkətlərinin hadisəyə münasibətidir. Sözügedən hadisədə qəzanı törədən sürücünün avtomobili ilə yanaşı, digər bir neçə avtomobilə də ciddi ziyan edib.

Bəs, sözügedən hadisədə hansı avtomobilin sığorta haqqı sığorta şirkətinin hesabına ödəniləcək?

Avtosfer.az-ın məlumatına görə, sığorta eksperti Şahin İsmayılov “Bizim.Media”ya bildirib ki, sürücünün mülki məsuliyyətinin icbari sığortası, yəni qısa desək, avtomobilin icbari sığortası qarşı tərəfin əmlakına dəymiş zərərə görə 5000 AZN, sağlamlığa dəymiş zərərə görə, ölüm halında bir şəxsə 5000 AZN, ümumilikdə 50000 AZN məsuliyyət həddi təyin edir:

“Hadisə nəticəsində yol təsərrüfatına və daha 3, 4 avtomobilə böyük ziyan dəyib. İcbari sığorta üzrə ayrılacaq 5000 AZN həm yol təsərrüfatına dəymiş ziyan üçün, həm də avtomobillərə dəymiş ziyan üçün kifayət etməyəcək. Əmlaka dəyən ümumi zərər təxminən 25000 - 35000 arası və daha çox ola bilər. Zərərin tam məbləği sığorta şirkətləri və müvafiq qurumlar tərəfindən hesablanacaq.

Sığorta şirkətinin ödəyəcəyi 5000 AZN zərərçəkənlər arasında zərərin məbləğinə əsasən bölünəcək. Burda sığorta şirkətinin işi bitdi. Çatmayan məbləğ artıq hadisə günahkarı sürücüdən tələb olunacaq. Yəqin ki, məhkəmə yolu ilə… Aydındır ki, sürücünün bu qədər məbləği könüllü şəkildə ödəyəcəyi inandırıcı deyil” - deyə ekspert vurğulayıb.

O, eyni zamanda qeyd edib ki,  BYD markalı taksi avtomobili də ziyan görüb, əgər avtomobilin Kasko sığortası varsa, bu halda avtomobil sığorta şirkəti tərəfindən təmir olunacaq:

“Burda da bir məsələ önə çıxır. Əgər sürücü avtomobili sərxoş vəziyyətdə, narkotik təsir altında, yaxud müvafiq sənədləri olmadan idarə edibsə, bu halda sığorta şirkəti ödənişdən imtina edə bilər”, - deyə Şahin İsmayılov əlavə edib.

Ekspert sürücülərimizə yollarda ehtiyatlı olmağı, bu kimi hallarla rastlaşmamaq üçün qaydalara əməl etməyi tövsiyə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh