Banner

“Xarici siqaret mafiyası”na qarşı əməliyyatlar başladı: Aksizsiz siqaretlərin aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Gündəm 25 İyul 2024 16:00 Oxunub 714
“Xarici siqaret mafiyası”na qarşı əməliyyatlar başladı: Aksizsiz siqaretlərin aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 24-ü bəzi istehlak məhsullarının aksiz vergisi artırılıb. Avtosfer.az xəbər verir ki, edilən dəyişikliklərə əsasən, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata qaldırılıb.

Artırılan aksiz vergilərindən sonra ölkə ərazisində satılan tütün məhsullarının, siqaretlərin qiymətlərinin yaxın müddətdə artacağı da qaçılmazdır. Ölkəmizdə siqaret çəkənlərin statistikasına diqqət etsək görərik ki, bu say hər iki cins, hətta yaş qrupları arasında kifayət qədər çoxdur. Siqaretlərin qiymətləri bahalaşdıqca istifadəçilər arasında siqareti tərgidənlər olsa da, daim istifadə edilən siqaret əvəzinə daha ucuzunu almağa başlayanlar da az deyil. Bu tendensiya artıq bir çox hallarda vətəndaşları fərqli tütün məhsullarına da yönəldir. Bəzi hallarda mənşəyi, istehsalçısı bəlli olmayan amma qiyməti vətəndaşın cibinə uyğun olan siqaretlərə də üz tutulur. Belə siqaretlərin isə ölkəyə satış məqsədilə gətirilməsi qadağandır. Aksiz markası ilə markalanamamış siqaretlərin ölkə ərazisində dövriyyəsinin qarşısını almaq mqəsədilə dövlət tərəfindən vaxtaşırı addımlar atılır, əməliyyat-axtarış tədbirləri keçirilir və qeydə alınan qanun pozuntuları ilə bağlı hüquqi addımlar atılır. Uzun müddətdir ölkə ərazisində aksizsiz siqaretlərin satışını təşkil edən mafiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində külli miqdarda aksiz markası ilə markalanmamış tütün mıhsulu aşkar edilib və dövriyyədən çıxarılıb.

Belə olduğu halda vətəndaşları maraqlandıran əsas məsələlərdən biri qanunun tələblərini pozan sahibkarın və müsadirə olunan siqaretlərin aqibətidir.

Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların, habelə markalanmalı olan, lakin markalanmamış məmulatların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi üçün sənədlərin və nümunə kimi əşyaların götürülməsinə operativ vergi nəzarəti keçirildikdə yol verilir. Nəzarət yoxlanışı zamanı aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, mal və məmulatların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edildikdə həmin mallar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən möhürlənərək saxlanca təhvil verilir.

Aşkarlanmış qanunsuz malların satışı və istehsalı ilə məşğul olan şəxsdən Dövlət Vergi Xidmətinin müvafiq strukturunun əməkdaşları tərəfindən izahat alınır. Malların dəyəri 500 AZN-dək olduqda həmin şəxs barəsində cərimə protokolu tərtib olunur. Aksizsiz malların dəyəri 500 manatdan çox olduqda  şəxs barəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən cinayət işi başlanılaraq məhkəmə orqanına təhvil verilir.

DVX əməkdaşları tərəfindən müsadirə olunmuş mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən dövlətin nəfinə aksiz markaları ilə markalanaraq müqaviləli satış məntəqələrinə təhvil verilir. Həmin satışdan əldə edilən gəlir Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə mədaxil edilir.

Son günlər aksizsiz siqaret istehlakçıları da bildirir ki, artıq istifadə etdikləri siqaretlərin tapılması müşkülə çevrilib. Onlar ehtimal edir ki, Dövlət Vergi Xidməti yaxın gələcəkdə belə məhsulların satışının qarşısını tamamilə alacaq və ölkədə yalnız aksizli siqaretlərin satışı təmin ediləcək.

 

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh