Reklam

Yeni söküntü başlanacaq: 881 ev plana düşüb

Gündəm 18 Sentyabr 2015 12:31 Oxunub 2119
Yeni söküntü başlanacaq: 881 ev plana düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hər gün benzin dolu vaqonlar keçir, biri aşsa, buradakı hamıya ziyan dəyəcək"

Xırdalan şəhərindəki Mexkalon adlandırılan ərazidə, dəmir yolunun kənarında bir çox evlər tikilib. Evlərin əksəriyyəti dəmir yolu xəttinə çox yaxındır. Bu ərazidən yeni istifadəyə verilmiş Bakı-Xırdalan-Sumqayıt qatarları keçəcək. Hökumət bəyan edib ki, qatar xətti boyunca ərazidə xeyli sayda qanunsuz tikililər mövcuddur və onların "təmizlənməsi" lazımdır. Lakin Mexkolon ərazisində yaşayan sakinlər bu planlardan xəbərsizdirlər. Onlar bildirirlər ki, ərazidəki evlərin əksəriyyətinin sənədi yoxdur.

2004-cü ildən burada yaşayan Amil Hüseynov evini özü tikdiyini deyir. O məcburi köçkündür. Həyətdə yerləşən digər evləri göstərərək: "Bu qardaşımın, bu bir əmioğlunun, o da o biri əmioğlunundur, heç birinin də sənədi yoxdur", - deyir.

Onun sözlərinə görə, evini sənədləşdirməyi çoxdandır arzulayır, amma məcburi köçkün olduğu üçün bu problemlidir.

Evlərin sökülməsini istəməyən müsahibimiz şəraitindən razıdır, amma qərar tətbiq ediləcəyi halda etiraz da etməyəcəyini deyir.

Uzun müddətdir burada yaşayan Ruslan Lətifli ərazidəki evlərin çoxunun sənədsiz olduğunu, bəzilərinin isə bağ sənədi adı ilə alındığını deyir. O həm də hərəkət edən qatarların sakinlər üçün təhlükəli olduğunu bildirir."Hər gün benzin dolu vaqonlar keçir, biri aşsa, buradakı hamıya ziyan dəyəcək", - o deyir.

"Getmək istəmərəm"

12 ildir burada yaşayan Səkinə Əliyeva isə təxminən bir il öncə burada siyahıyaalınmanın baş tutduğunu bildirir. Onun sözlərinə görə, bir neçə şəxs ərazidəki bəzi evlərin "plana düşdüyünü" deyiblər. Amma o vaxtdan bəri yenidən yoxlanış keçirilməyib. Səkinə xanım evinin sökülməsini istəmir. Deyir ki, kirayədə yaşamaqdan yorulduğu üçün illər öncə aldığı torpaq sahəsində əkdiyi ağaclar artıq böyüyüb. Həyətində saxladığı toyuqların isə həm ətini, həm də yumurtalarını sataraq ailə büdcəsinə yardım edir. "O vaxt buranı əlacsızlıqdan aldım, pulum az idi. Amma indi buradan məni aparsalar da, şəhərə getmək istəmirəm", - o bildirir.

Sakin Mahmud Mütəllimov evlərin sökülməsinə razıdır, bir şərtlə ki, kompensasiya ödənilsin. O, 20 ildir burada yaşayır və buranın şəraitindən şikayətçidir. Deyir ki, evinə su və qazı öz şəxsi hesabına çəkdirib. İşıq isə problemdir. Sayğac qoyulsa da, elektrik enerjisi fasilələrlə verilir. Bundan başqa, müsahibimiz evin yaxınlığında yerləşən magistral yola görə uşaqlarını rahat məktəbə göndərə bilmədiyini də əlavə edir. "O yolda dəfələrlə qəza olub. Piyada keçidi də qoymurlar", - o deyir.

Söküləcək 881 ev

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun BBC Azərbaycanca-ya dediyinə görə, Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır və bu ərazidə tikinti aparmaq üçün Nəqliyyat Nazirliyinin icazəsi olmalıdır. Rəsmi məlumata görə, hazırda ölkədə dəmir yolu mühafizə zolağında 2840 qanunsuz tikili var. Bunun 538-i qeyri-yaşayış, 2302-si isə yaşayış sahəsidir. "Biz bu haqda sənədləri hazırlamışıq və Nəqliyyat Nazirliyinə təqdim etmişik. Nazirliyin tərkibində yaranan komitə 881 tikili haqqında sökülmə qərarı verib. Hazırda sənədlər Nazirlər Kabinetindədir və biz onlardan cavab gözləyirik", - cənab Əzməmmədov bildirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh