On üç milyonluq qumar şəbəkəsinin işi: "Pula ehtiyacım olduğu üçün razılaşdım"

Kiberpolisin qumar mafiyasına qarşı keçirdiyi əməliyyat nəticəsində məsuliyyətə cəlb olunan dəstənin rəhbəri Elmidar İsmayılzadə, onunun atası Eldəniz İsmayılzadə və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil Məhərrəmli, Zamiq Məhərrəmli, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrlik etdiyi prosesdə təqsirləndirilən Zamiq Məhərrəmli ifadə verib.
Bildirib ki, əvvəllər fəhlə işləyib: "Ailəliyəm, bir uşağım var. Elmidardan borca pul almışdım, qaytara bilmədim. Buna görə bu işlə məşğul oldum. Mən müştərilərə kart atmışam, karta pul yükləyiblər".
Təqsirləndirlilən şəxs qeyd edib ki, bundan əvvəl pambıq zavodunda fəhlə işləyib: "İşim rəsmi idi, 340 manat əməkhaqqı alırdım. Atam ürəyindən əməliyyat olundu, mən də borca girdim. Pula ehtiyacım olduğu üçün bu oyuna razı oldum. Mənə 600-700 manat aylıq əməkhaqqı verirdilər. Bizim əmək müqaviləmiz olmayıb. Ən çox əməkhaqqı isə 800 manat idi".
Təqsirləndirilən şəxs deyib ki, ofisdə olsalar da, müştərilərlə canlı ünsiyyət qurmayıblar.
Daha sonra dövlət ittihamçısı dəstənin rəhbəri Elmidar İsmayılzadəyə əmək müqaviləsi olmadan işçi işlətməsi barədə suallar verib. Elmidar İsmayılzadə cavab verib ki, qumar oyunları ilə bağlı əmək müqaviləsinə ehtiyac olmayıb. Deyib ki, ifadə verən təqsirləndirilən şəxsə borca pul verib: "Daha sonra ona iş təklif etdim. 500-600 manat maaş verəcəyimi dedim.
İstintaqda işimizə düzgün baxılmayıb. 17 aydır həbsdəyəm. Etdiyim işə görə məni mühakimə edin. Mənə ittiham verilən rəqəm 12 milyon manatdır. Bu, fantastik rəqəmdir. Müştərinin kartına köçürülən pulu da bizim adımıza yazıblar".
Daha sonra təqsirləndirilən Cavid Əsədov ifadə verib. Deyib ki, işi ofisə bazarlıq etmək olub. Bazarlığını pulunu, ofisin icarə haqqını Elmidar İsmayılzadə ona verib: "Biz həmin evdə yaşamışıq. Hər gün bazarlıq etmişəm. Mən bu işə 2023-cü ilin fevral ayından başlamışam. Həmin vaxt ofisdə Zamiq və Nemət də qalırdı".
Cavid Əsədov bildirib ki, ofisdə stolun üstündə onlayn kazino oyunları ilə bağlı müxtəlif bank kartları olub: "Elmidarı uşaqlıqdan tanıyıram. 500 manat əməkhaqqı alırdım. Ana kassa, bala kassadan xəbərim olmayıb. Bunu ittiham aktı oxunanda bildim. İşim bazarlıq etmək idi. Mən heç kimin kartına pul köçürməmişəm".
Elmidar İsmayılzadə təqsirləndirilən şəxsin bazarlıq işi ilə məşğul olduğunu təsdiqləyib.
Növbəti proses fevralın 20-də davam edəcək.
İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin pullar cinayətdən xəbərsiz şəxslərin adına alınan minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb.
Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov da daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər.
Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.
Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub. Belə ki, bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb. Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.
İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, "Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Təqsirləndirlilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Xırdalanda yeniyetmə döyüldü - Polis araşdırmalara başladı - VİDEO
Həmin şagird liseyə belə daxil olub - REAL VİDEO
Bakıda binanın həyətindən "VAZ-2107" oğurlandı - VİDEO
Taski şirkətinə 150 min ziyan vuran qadın saxlanıldı - VİDEO
Qaranlıqda avtomobilin önünə qəfil çıxan piyada qəzadan son anda xilas oldu - ANBAAN VİDEO
Müəllimin güllələndiyi liseyin direktorundan AÇIQLAMA - "Silahı çantada gətirib"
Bakıda İNSİDENT: Şagird müəllimi GÜLLƏLƏDİ - DİN-dən AÇIQLAMA - VİDEO
Məhkəmə 15 yaşlı qızla bağlı qərar verdi - Atasını öldürməkdə təqsirləndirilir
Altı yaşlı uşağa işgəncə verən şəxs "general-mayor"un oğlu imiş - FOTO
Ağac evin üzərinə aşdı - İcra Hakimiyyəti susur-VİDEO
Binədə təhlükə saçan lövhə sürücüləri və piyadaları riskə atır - VİDEO










