Qardaşı da yol qəzasının qurbanı olub - Göyçaydakı ağır yol qəzasının TƏFƏRRÜATLARI

Hadisə 28 May 2026 20:00
Qardaşı da yol qəzasının qurbanı olub - Göyçaydakı ağır yol qəzasının TƏFƏRRÜATLARI
WhatsApp kanalımıza abunə olun

Göyçay rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. Avtosfer.az-ın "Yeni Sabah"a istinadən xəbərinə görə, hadisə nəticəsində vəfat edən 1970-ci il təvəllüdllü Salahov Hüseyn Müzəffər oğlu, xəsarət alanlar - 1968-ci ildə anadan olmuş Əmrahov İmran Bəhlul oğlu və 1964-cü təvəllüdlü Əmrahova Mehriban Şirəstan qızı Laçın rayonunun Oğuldərə kənd sakinləridir. 

Göyçayda ağır qəza: Ölənlər və yaralananlar var - FOTO - VİDEO

Onların hər üçü qohumudur. İmran Əmrahov və Mehriban Əmrahova ər-arvaddır. Hüseyn Salahov isə onların dayısı oğludur. Mərhum H.Salahov müəllimdir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirib. Uzun illərdir Bakının Binə qəsəbəsində yerləşən şəhid Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbdə çalışırdı. H.Salahovun qardaşı Həsən Salahov da 2013-cü ildə yol qəzasında vəfat edib. Onu Bakının Yasamal rayonunun Alatava ərazisində yolu keçən zaman avtomobil vuraraq öldürüb. 

Onların digər qardaşı Şaiq Salahovun da taleyi faciəvi olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan Şaiq 1979-cu ildə itkin düşüb. Onun meyiti 6 ay sonra tapılıb. Tələbə Şaiqin qətlə yetirildiyi, meyitinin indiki Xəzər rayonu ərazisində neft kəmərlərinin arasında gizlədildiyi məlum olub. Lakin cinayətin üstü açılmayıb. Qəza zamanı "Chevrolet"in sükanı arxasında olan İmran Əmrahov da müəllimdir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur və Laçın rayon Binə ümumi orta məktəbində çalışır. Məcburi köçkün kimi Xəzər rayonunun Binə və Qala qəsəbəsində məskunlaşan qohumlar Oğuldərəyə doğmalarının məzarını ziyarət etməyə gedirmişlər. Xəsarət alan İ.Əmrahov və həyat yoldaşının ayaq və çiyin sümüyü sınıb. Onların müalicəsi Göyçay Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağırdır. Qəzanın səbəbinə gəlincə, ilkin ehtimala görə, "Opel" markalı avtomobil Bakı-Şamaxı-Yevlax magistralının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanıbmış. Bu zaman Arzu Feyzullayevanın idarə etdiyi "KİA" markalı nəqliyyat vasitəsi ona çırpılıb, yolun əks istiqamətinə düşüb və İmran Əmrahovun sükanı arxasında olduğu "Chevrolet"lə toqquşub.

Qeyd edək ki, qəza mayın 27-də baş verib. Nəticədə Hüseyn Salahovla yanaşı 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişib, 5 nəfər xəsarət alıb. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

   Qardaşı da yol qəzasının qurbanı olub - Göyçayda ölən və yaralananlardan ikisi müəllimdir -   TƏFƏRRÜATLAR

Oxunub : 236
ŞƏRH YAZ
Ad

E-mail

Şərh