Toydan çıxıb dava saldı, maşın qaçırtdı — Əvvəl babasının goruna, sonra da üzünə söydüm

Hadisə 16 Fevral 2026 21:45
Toydan çıxıb dava saldı, maşın qaçırtdı — Əvvəl babasının goruna, sonra da üzünə söydüm
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz rayonunda 1988-ci il təvəllüdlü Murad həmyerlisi Bəhrama (adlar şərtidir – red.) xəsarət yetirib. Avtosfer.az-ın məlumatına görə, Murad sərxoş vəziyyətdə Tovuz rayonunun kəndinin mərkəzi hissəsində fəaliyyət göstərən icarə müqaviləsi ilə Bəhramın istifadəsində olan marketə daxil olub və səs-küy salaraq, heç bir səbəb olmadan ictimai qaydanı pozub. O, marketin fəaliyyətini 5 dəqiqə ərzində pozmaqla ona nisyə spirtli içki olan pivə verməkdən imtina edən marketin satıcısını əlindəki bıçaqla hədələyib. Yaranmış münaqişə səbəbindən həmin vaxt hadisə yerinə gəlmiş satıcının dayısı Bəhram ilə mübahisə edib və marketdə vitrində olan bəzi ərzaq məhsullarını dağıdıb. Daha sonra küçəyə çıxaraq orada Bəhrama küt əşya ilə xəsarətlər yetirib. Bundan sonra küçədə qeyri-işlək vəziyyətdə dayanmış Bəhrama məxsus “Mercedes Benz 200” markalı minik avtomobilini işə salaraq qaçırıb. Həmin avtomobili Tovuz-Gədəbəy avtomobil yolunda yerləşən bərbərxana köşkünə vurub. Bəhrama 1360  manat, bərbərxana köşkünü zədələməklə onun sahibinə 300 manat məbləğində maddi ziyan vurub.

İstintaq tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İttihama münasibət bildirən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Tovuz rayonunda fəaliyyət göstərən “Aygün” şadlıq sarayında keçirilən toy məclisindən sərxoş vəziyyətdə tək çıxıb və xatırlamadığı taksi avtomobili ilə yaşadığı kəndinin mərkəzi küçəsinə gəlib: “Həmin küçədə, yəni yerli sakinlər arasında “Dördyol” olaraq tanınan ərazidə taksi avtomobilindən düşərək “GO” içkisi almaq üçün həmkəndlim Bəhrama məxsus marketə daxil oldum. Marketə daxil olmazdan əvvəl küçədə və marketin qarşısında hər hansı bir şəxsin olub-olmadığına diqqət etməmişəm. Bundan sonra tək marketə daxil oldum və ardımca həmin vaxt marketdə satıcı olaraq işləyən tanışım İlqarı kassanın arxasında olduğunu gördüm. Ondan mənə nisyə bir ədəd “GO” içkisi verməsini tələb etdim. Həmin vaxt üzərimdə hər hansı bir bıçaq olmayıb. Yalnız özümə məxsus mobil telefon olub. Satıcıya nisyə içki satmasını tələb etdim, Satıcı çox içdiyimi, hazırda sərxoş halda olduğumu bildirdi, içki verməkdən imtina etdi. Ondan mənə içki vermək istəmədiyini soruşdum. Bu zaman aramızda mübahisə yarandı. Bundan 4-5 dəqiqə sonra marketin qarşısında Bəhrama məxsus avtomobilin dayandığını gördüm və marketdən küçəyə çıxdım. Marketin giriş qapısından çıxdım. Bəhramı görən anda aramızda zarafatımız olduğundan onun ünvanına küçədə nalayiq ifadə işlətdim, babasının goruna nalayiq formada söydüm. Ondan mənə niyə nisyə içkisi satmadıqlarını, əvvəllər nisyə və nağdı olmaqla hər zaman alverimi bu marketdən etdiyimi, indi alveri, işi yaxşı getdiyi üçün niyə saymadığını dedim. Həmin vaxt ətrafda hər hansı şəxsin toplaşdığını xatırlamıram. Ardınca Bəhram mənə yaxınlaşdı və “yenə içibsənmi ?” dedi. Bəhramın həmin sözü mənə bir qədər pis təsir etdi. Həmin ifadəyə görə Bəhramın ağızına, üzünə küçədə söydüm. Həmçinin biz tutuşduq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra ətrafda olan hazırda dəqiq xatırlamadığı şəxslər Bəhramı onun yanından kənarlaşdırıblar: “Həmçinin Bəhrama məxsus avtomobilin açarının üzərində olduğunu gördüm, həmin avtomobili müvəqqəti olaraq dayanaraq durduğu yerdə işə salaraq qaçırmaq qərarına gəldim. Bu məqsədlə avtomobilə əyləşdikdən sonra avtomobilin mühərrikini işə saldım və idarə edərək marketin qarşısından avtomobil yoluna çıxdım. Yolda təxminən 200-250 metr məsafə qət etdim. Avtomobilin işıq fənərlərini işə salmağa çalışsam da, bacarmadım. Həmin formada da idarə etdi. Təxminən dördyol deyilən ərazidən üzü Qovlar şəhərinə doğru 200-250 metr məsafə qət etdikdən sonra anidən idarəetməni itirdim. Nəticədə avtomobilin sükanı əlimdən çıxdı və idarə etdiyim avtomobilin ön hissəsi yolun üzü Qovlar şəhərinə doğru sağ tərəf ehtiyat hissəsində yerləşən həmkəndlimə məxsus bərbərxana köşkünə vuruldu”. 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş olduğu üçün həmin hadisədən sonra heç vaxt üzərində bıçaq gəzdirməyib: “Hadisə yerində içkili olduğum üçün hansı hərəkətlər etməyimi xatırlamıram. Lakin üzərimdə bıçaq olmadığına əminəm. Çünki evdən çıxan zaman özüm ilə bıçaq götürməmişəm. Bəhramdakı xəsarətlər aramızda olan çəkişmə zamanı baş verib”. 
Tovuz Rayon Məhkəməsinin hökmü ilə Muradın əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilib. Ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 
Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan hökmün dəyişdirilməsini, onun cəzasının ağırlaşdırılmasını istəyib. 
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin edilib və Tovuz Rayon Məhkəməsinin hökmü ləğv edilib. 
Yeni hökmə əsasən Murad 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Bundan sonra müdafiə tərəfi kasasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməsini, onun həbsdən azad olunmasını istəyib. 
Ali Məhkəmənin qərarına əsasən şikayət təmin edilməyib (Demokrat.az).

Oxunub 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh