107 ölü, 1,5 milyon ziyan: SSRİ-nin ən səs-küylü qatar qəzası - FOTO

Maraqlı 2 İyul 2024 15:30 Oxunub 156
107 ölü, 1,5 milyon ziyan: SSRİ-nin ən səs-küylü qatar qəzası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

7 avqust 1987-ci il. Son illərini yaşayan SSRİ-də daha bir böyük dəmiryolu qəzası baş verdi. Rusiyanın Rostov vilayətinin Kamensk şəhərindəki dəmir yolu stansiyasında sovet tarixinin ən böyük qəzalarından biri baş verib.

Avtosfer.az rusdilli mənbələrə istinadla xəbər verir ki, Armavir stansiyasından gələn taxıl yüklü, ümumi kütləsi 5,5 min ton olan 55 ədəd xopperi (səpələnən yükləri daşımaq üçün vaqon) dartan elektrovoz Lixaya stansiyasınadək təhlükəsiz halda gəlir. Burada lokomotiv briqadası dəyişir.
Bu zaman növbəni təhvil verən briqadanın maşinist köməkçisi kran hava buraxdığı üçün sonuncu kranı bağlaya bilmir. Buna görə də 6-cı və 7-ci vaqonlar arasındakı kranı bağlayır və bu barədə heç kimə məlumat vermir. 

Gecə saatlarında elektrovoz daha güclüsü ilə əvəzlənir. Yeni briqada qatarın tormozunu yoxlayır. Vaqon nəzarətçilərindən biri tormoz qəliblərinin barabana tam yapışdığını deyir. Maşinist pedalı buraxdıqdan sonra ikinci nəzarətçi qəliblərin aralandığını ratsiya ilə məruzə edir. Tormoz sisteminin saz olduğuna dair maşinista VU-45 formalı arayış verilərək yola salınır. 

Qatar ağır-ağır yola düşür. Elektrovoz qatarı yerindən güclə tərpədir. İş təcrübəsi az olduğu üçün maşinist bunu norma hesab edir.  
Tormoz yoxlaması tələsik aparıldığı üçün maşinist və köməkçi bunu yolda etmək istəyirlər. Tormoz verilir və qatarın sürəti azalır. Lakin briqada bir fakta diqqət yetirmir: normativə görə 10 km/saat sürətlə hərəkət zamanı tormoz yolu 300 metri keçməməlidir. Halbuki, qatar 700 metr məsafədə güclə dayana bilib.
Bundan sonra maşinist sürəti 65 km/saatadək artırır. 8 km sonra sərt enişdə sürəti azaltmaq üçün maşinist tormozun birinci pilləsini işə salsa da faydası olmur. Qatarın sürəti daha da artır. İkinci mərhələ, qəza tormozu və ardınca rekuperativ  tormoz (elektromobildəkinə bənzər) işə salınsa da, bütün cəhdlər uğursuz olur. 
Maşinist qəza barədə növbəti stansiyaya xəbər verərək yolu boşaltmağı tələb edir. Lakin əqrəbi dəyişərək nəzarətdən çıxmış qatarı başqa xəttə yönləndirmək mümkün olmur. Çünki bütün yollar dolu idi. Stansiya növbətçisi həmin vaxt stansiyaya yaxınlaşan sərnişin qatarını dayanmadan yola salmaq istəyir. Lakin maşinist köməkçisi ratsiyanın düyməsini basılı saxladığı üçün efirdə radomaneə yaranır və əlaqə mümkün olmur. Stansiyaya çatıb dayanan qatarı  vaxtından əvvəl yola salmaq da mümkün olmur. Qatar bir neçə dəqiqə sonra tərpəndiyi üçün üçün bələdçi elə başa düşür ki, proses özbaşına baş verib. O, stop kranını çəkərək qatarı tormozlayır. Bələdçi qanunauyğun hərəkət etsə də, bu dəfə qanuni davranış faciəni qaçınılmaz edir. 
140 km/saat sürətlə hərəkət edən qatar yoldəyişən qurğudan keçərkən birinci vaqondan sonrakı hissə lokomotivdən ayrılır. Ümumi kütləsi 288 ton olan elektrovoz və bir taxıl yüklü vaqon sərnişin qatarına çırpılır.  Zərbənin gücündən qatarın 3 arxa vaqonu obrazlı desək yerə “preslənir”. Elektrovoz və arxasındakı xopper də tanınmaz hala düşür. 
Lokomotivdən ayrılan xopperlərin də aqibəti fərqli olmur. Bütün vaqonlar relsdən çıxaraq digər xətlərdəki vaqonların üstünə aşır, qarmon kimi yığılıb-açılır. Ətalət o qədər güclü olur ki, vaqonlar torpaq yolda 10 metrdən çox yol qət edir.
Qəza nəticəsində 2 elektrovoz, 54 yük və 3 sərnişin vaqonu istismara yarasız hala düşdüyü üçün doğranıb metal kimi təhvil verilir. 300 metr dəmir yolu, 3 yoldəyişən qurğu, 8 elektrik dayağı, min metr kontakt xətti, 330 ton taxıl məhv olur. Qəzanın nəticələrinin tam aradan qaldırılmasına 4 gün vaxt sərf olunur. Sovet iqtisadiyyatına 1,5 milyon rubl (müqayisə üçün həmin dövrdə 1 dollar rəsmi kursla 70 qəpik idi) ziyan dəyir.
Hadisə nəticəsində 107 nəfər ölür, 114 nəfər xəsarət alır. Sərnişin qatarındakı son 15 vaqonda heç kim sağ qalmır. 
Qəzanın araşdırılmasına rəhbərliyi SSRİ Nazirlər Soveti sədrinin müavini Gennadi Vedernikov edir.  Qəzanı araşdıran təhqiqatçılar maraqlı faktla qarşılaşırlar: sonuncu vaqon heç bir zərər görmədən resldə dayanmışdı. Yoxlama zamanı uzunmüddətli tormozlama əlaməti üzə çıxır. Məlum olur ki, sondan 6-cı və 7-ci vaqonlar arasında tormoz kranı bağlıdır. Sistemdə təzyiq olduğu vaxt kran bağlanıb və vaqonlar tormozlanıb. Lakin sızma olduğundan sonradan tormoz qəlibləri barabandan bir qədər aralanıb. 
Müstəntiqlər elektrovozun tormoz vəziyyətindəki qatarı darta biləcəyinə inanmırlar və sınaq keçirilir. Məlum olur ki, 9800 kilovat mühərrikli sovet istehsalı olan VL-80 elektrovozu 55 vaqondan ibarət tərkibi qismən tormozlama şəraitində dartıb apara bilir. 
Məhkəmə prosesində Kamensk stansiyasının növbətçisi və dispetçeri təhlükəsiz yol açmadıqları üçün ittiham olunsalar da, bəraət alırlar.  Ehtiyat yolda yük qatarı dayandığı üçün yoldəyişən qurğu bloklanmışdı ki, bu da tam normal idi. 
Qatarın maşinisti və köməkçisi əlil olduğu üçün Sovet məhkəməsi humanizm prinsipini əsas gətirərək onları məsuliyyətdən azad edir. Müttəhim kürsüsündə qatar nəzarətçiləri  Trusov və Puzanov əyləşirlər. Məhkəmənin 17 noyabr 1988-ci il tarixli hökmü ilə onların hər ikisi 12 il azadlıqdan məhtum edilir. Hadisə beynəlxalq mətbuatda da işıqlandırılır.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh