Banner

Avtoş, avtomobil kolleksiyaçısı, yoxsa Baş katib? - Brejnevin maşınları - FOTOLAR

Maraqlı 10 Noyabr 2022 08:00 Oxunub 1572
Avtoş, avtomobil kolleksiyaçısı, yoxsa Baş katib?  -  Brejnevin maşınları - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keçmiş SSRİ-də sadə vətəndaşlar üçün xarici avtomobil əlçatan olmasa da, dövlət rəhbərləri üçün vəziyyət başqa idi. Ən böyük avtomobil parkı isə Leonid Brejnevə məxsus olub. Hələ Qazaxıstan rəhbəri ikən ona ilk avtomobili (Opel capitan) Almaniyaya qastrola gedən kürəkəni bağışlayıb. Başqa bir amerikan modeli avtomobili isə ölkə rəhbəri Xruşov hədiyyə edib.
Avtosfer.az xəbər verir ki, Xruşovu devirən Brejnev isə əsl avtomobil həvəskarı idi. İkinci Dünya Müharibəsində sürücü olmuş Brejnev hakimiyyətə gəldikdən sonra avtomobil ehtirasını təmin etməyə başlayır. Rəsmi görüşlərə, parada daim ZİL-nin müxtəlif versiyaları ilə çıxan Brejnev, gündəlik həyatda əsasən Qərb avtomobillərindən istifadə edirdi. Ən çox sevdiyi isə İtaliya kommunist partiyasının hədiyyə etdiyi “Maserati Quatreporte” idi.

Amerikaya səfəri zamanı Brejnevə hədiyyə edilən “Cadillac”ı Brejev şəxsən özü yoxlayır. Sərt döngədə avtomobili 180 dərəcə fırladan Brejnevin yanında oturmuş Riçard Nikson qorxudan qapıdan yapışır. 
Brejnevin sürüsünün xatirələrindən: 1975-ci ildə ZİL-in yeni modeli hazırlanırdı. O zaman zavod rəhbərliyi Kreml qarajındakı sürücülərlə belə bir şərt kəsdi: ZİL-i çevirən sürücü yeni “VAZ- 2106”ya sahib olacaq. Məndən başqa heç bir sürücü bacarmadı. Zavod rəhbərliyi sözünü tutdu. (sitat ORT kanalından götürülüb).
Tərcüməçinin xatirələrindən: hakimiyyətinin son illərində həkimlər Brejnevə siqaret çəkməyi qadağan edirlər. Bu məqsədlə xüsusi siqaret qutusu düzəldilir. Saatda bir dəfə açılan bu qutudan yalnız bir siqaret götürmək olurdu. Heç vaxt avtomobildə siqaret çəkməyən Brejnev mühafizəçilərə və sürücüyə hərəkət zamanı siqaret çəkməyi tapşırır. Bundan sonra mən onun kabinetinə girərkən dərhal siqaret yandırırdım. Heç vaxt məndən başqasından siqaret istəməzdi. (Qeyd edim ki, tərcüməçi Brejnevin ən yaxın sirdaşı olub və bunu xatirələrində əks etdirib. Sözügedən tərcüməçi Stalindən Qorbaçova qədər bütün sovet liderləri ilə çalışıb, dünyanın taleyini dəyişən konfranslarda iştirak edib – müəl.). 
Xarici səfərlər planlaşdırılarkən bir qayda olaraq sovet diplomatlarından Brejnevin hansı hədiyyəni xoşladığını soruşurdular. Cavab birmənalı idi – avtomobil. 
Brejnev qarajını bəzəyən avtomobillərdən biri də “Rolls Royce” idi. 70-ci illərin əvvəllərində alınmış “Royce”-u özü idarə edərkən Brejnev qəzaya uğrayır və maşın təmirə yararsız hala düşür. Maşın Avropa muzeylərindən birinə satılır, əvəzində eyni modelin təzəsi alınır. “Sükan arxasındakı Brejnev” indi Tüsso muzeyinin eksponatlarındandır. 
Brejnevin qarajını “Mercedes”, “Renault”, “Chevrolet”, “Linkoln”lar bəzəyirdi. Amerikanların hədiyyə etdiyi “Korvet”də dinləmə cihazlarının quraşdırılmasına dair şayiələr də gəzirdi. 1976-cı ildə Brejnevin 70 yaşında ona şassi nömrəsi 0001 olan “QAZ-14” (ikinci nəsil “Çayka”) hədiyyə olunur.  Şassi nömrəsi 0001 olan “QAZ-31”ə isə minməyə əcəl imkan vermədi. 
Brejnevin kortejini daima “ZİL-114E” markalı təcili yardım maşını müşayiət edirdi. Onun ölümündən sonra bu avtomobil Kreml xəstəxanasında xidmətini başa vurdu. 
Brejnevin fəaliyyətini tədqiq edənlərin fikrincə onun avtomobil xobbisi, qarajındakı avtomobillərin sayı barədə məlumatlar ziddiyyətlidir və bəzən də yalanlar faktları üstələyir. 
Sovet rəhbərinin ölümündən sonra bütün kolleksiya dövlətə keçdi. Yenidənqurma və 90-cı illərin əvvəllərində Rusiyanı başına alan qarışıqlıqlar Brejnevin də “yeriyən varidat”ına zərbə vurdu. Brejnevə məxsus zirehli ZİL Qorbaçovun birbaşa göstərişi ilə məhv edildi. Avtomobillərin çoxu it-bata düşdü. Dünyada cəmi 10 ədəd buraxılmış 1969-cu il istehsalı “Mersedes 600” (W100) 2008-ci il yanvarında 120 min avroya Almaniyaya satıldı. 
İndi də elan saytlarında Brejnevə məxsus hansısa avtomobilin satışa qoyulması xəbəri yayılır. Lakin avtomobillərin sovet liderinə aid olub-olmadığını sübut etmək mümkün olmur. Baş katibin avtomobillərinin sayına gəlincə, müxtəlif mənbələrdə bu rəqəmlər qırxdan üç yüzədək dəyişir. Faktların mötəbərliyini yoxlamaq mümkün olmasa da bir məsələdə hamı yekdildir: sovet rəhbərləri arasında ən böyük avtopark Brejnevə məxsus olub. O həm də sovet ittifaqının ilk ciddi avtomobil kolleksiyaçısı hesab edilə bilər.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh